“28 il əvvəl gəldiyim UAZ-la geri qayıdacağam” - Laçın sakini (FOTOLAR)

“28 il əvvəl gəldiyim UAZ-la geri qayıdacağam” -  Laçın sakini (FOTOLAR)
  01 İyun 2021    Oxunub:12226
Fikrət Sevindikov Laçın rayonunun Ərikli kənd sakinidir. Bu il 80 yaşını qeyd edən Fikrət dayı 4 oğul və 4 qız atasıdır. O, doğma kəndini 1993-cü ilin mart ayının 31-də Murov yolu ilə çox çətinliklə tərk etmək məcburiyyətində qalıb. Ailəsini və qohumlarını Əriklidən 28 ildir həyətində qoruyub saxladığı UAZ maşını ilə çıxarıb. Deyir ki, dar ayaqda həmin maşın ona ata, qardaş əvəzi olub. Ailənin böyük oğlu Faiq onları sağ-salamat Gəncəyə çatdıran doğma UAZ-ı bu yaxınlarda təmir etdirib. O, övladlarını, nəvə və nəticələrini 28 il qardaşım, dostum dediyi maşınla doğma kəndinə geri qaytarmaq niyyətindədir.
Fikrət Sevindikovun Azvision.az-a müsahibəsini təqdim edirik:

- Fikrət dayı, Laçını tərk etdiyiniz günü xatırlayırsınızmı?

- Elə ağrılı günləri unutmaq olarmı, ay qızım?! Laçın camaatı çıxanda biz hələ kəndimizdə idik. Onda Kəlbəcər işğal olunmamışdı. Bir vaxt duyuq düşdük ki, ermənilər Kəlbəcəri də tutublar. Artıq başqa yolumuz qalmamışdı, Laçını tərk etmək məcburiyyətində idik. 1993-cü ilin mart ayının 31-i gecəsi ailəmi Murov yolu ilə çox çətinliklə çıxardım. Təsəvvür edin, o qarlı, şaxtalı havada ikinci dəfə kəndimizə qayıdıb dayımın və bacımın uşaqlarını oradan apardım. Laçından 28 ildə mənə qalan yalnız UAZ və övladlarım oldu. Heç isti paltarlarımızı belə götürə bilmədik.



Məndən qabaq qonşu kəndlərdən iki UAZ və bir KAMAZ yola çıxdı. Onlar Kəlbəcərdəki tunelə girdilər. Mən isə dağa qalxdım, oradan Nadirxanlı kəndi ilə Qamışlıya endim. Meşə və dağ yolu ilə ailəmi salamat apardım. Tunelə girən UAZ-ların və KAMAZ-ın taleyi faciəli oldu. Ermənilər həmin maşındakı insanların bir hissəsini öldürdülər, yerdə qalanları isə girov götürdülər.



- Sizi o tunelə girməkdən nə xilas etdi?

- Kəlbəcərin Zülfüqarlı kəndi var. Bizim tanklar, BTR-lər oradan bu tunelə sarı gəlirdilər. Mən onlardan UAZ-ı tuneldən keçirməyi xahiş etdim. Beləliklə, hərbi texnikanın əhatəsində tuneldən gecə keçdim. Ailəmin bir hissəsini Qamışlı kəndinə qoyub, geri qayıtdım. Mən geri qayıdanda artıq tunel ermənilərin əlinə keçmişdi. Qamışlı körpüsündə Kəlbəcərin polislərindən kəndimizə hansı yolla qayıda biləcəyimi soruşdum. Kəlbəcərin Nadirxanlı kəndinə getməyi və oradan da dağ-meşə yolu ilə Comərd kəndi vasitəsi ilə yola çıxmağı məsləhət bildilər. Bu minvalla ailəmi götürüb Qamışlı körpüsündən keçdim.



- Yəqin ki, siz orada insanların öldürülməsinə və girov götürülməsinə şahid olmusunuz.

- Qonşu kənddə Yusif Əliyev adlı vəzifəli şəxs var idi. Tunelə girən iki UAZ-dan birində onun ailəsi idi. Həmin tuneldə onun özünü, qardaşını və ailəsini öldürdülər. İki azərbaycanlı uşaq maşınlardan birindən düşüb, özlərini Tərtər çayına atmışdılar. KAMAZ maşındakı Qarabəyli kəndindən olan bir ananı, qızını və oğlunu da öldürmüşdülər. Gözümün qabağında Nadir adlı kişinin ailəsini öldürdülər. Onun qızını əsir götürdülər. Həmin qızı Xankəndiyə, İrəvana, Rusiyaya aparıb, sonra təhvil verdilər. Bir gəlini isə yaralı vəziyyətdə əsir aparmışdılar. Onun meyitini bizimkilər ala bildi. Uşağına isə nə etmişdilərsə, ömürlük görmə qabiliyyətini itirmişdi.

Bizim Murov yolu ilə gəlməyimiz bir cəhənnəm əzabı idi. Nəvəm qışqırıb su istəyirdi. Bir qab suyumuz yox idi ki, ona içməyə verək. Canımıızı götürüb qaçmışdıq.



- Ailənizi və həyatınızı o UAZ xilas edib. Yəqin ki, onu indiyə kimi qoruyub saxlama səbəbiniz minnətdarlıq borcundandır.

- 30 ilə yaxındır ki, UAZ-I qapıda saxlayıram, qoruyuram. O dar anımda mənə qardaş, ata oldu. Dedim qoy qapımda çürüsün. Atmağa, kiməsə verməyə ürəyim gəlmədi. Allaha yalvarırdım ki, elə həmin maşında ailəmi Laçına qaytarmağı qismət etsin. Maşına hər baxanda deyirdim, ay UAZ, sən mənə qardaş, ata oldun. Hərdən məni qınayırdılar ki, Laçından çıxanda heç nə götürmədin, var-dövlətini qoyub gəldin. Deyirdim, mənə o maşın bəsdir. O ailəmin həyatını xilas edib. Bu, mənim üçün var-dövlətdir. 19 nəvəm, 2 nəticəm var. Qismət olsa onları maşına doldurub özüm Ağdam yolu ilə Şuşadan Laçına gedəcəyəm. Bu, mənin ən böyük arzumdur.

Bu yaxınlarda uşaqlığımın keçdiyi Ağdama getdim. Şahbulaqdan su içdim. Elə bil, məni yenidən həyata qaytardılar. İnanıram ki, tezliklə Laçına da gedəcəyik.









Şahanə Rəhimli
Azvision.az


Teqlər: Laçın   Qarabağ  





Xəbər lenti