İranın allahsız Qarabağ siyasəti – TƏHLİL

İranın allahsız Qarabağ siyasəti – TƏHLİL
  10 Mart 2014    Oxunub:1777
İranın Azərbaycana münasibətində baş verənləri müsbət tərəfə yozmaq mümkün deyil. Millətlərin öz müqəddəratını təyin etmə prinsipinə üstünlük verməyə başlayan İran, Azərbaycanın ərazi bütövlüyünü danır.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bütün konfranslarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki sənəd qəbul edilib. Bunların biri Xocalı faciəsinin soyqırım kimi tanımasın bəyanat, digər isə erməni işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını qətiyyətlə tələb edən sənəddir. İƏT PA-nın Tehran konfransında isə cəmi bir sənəd qəbul edildi, o da “Heydər Əliyev Fondu”nun vitse-prezidenti L.Əliyevanın “Xocalıya Ədalət” kampaniyasına dəstək xarakterli idi. Halbuki, İƏT əvvəllər L.Əliyevanın bu təşəbbüsünə Tehrandakından daha möhtəşəm dəyər vermişdi.

Tehranın ermənilərə yarınması öz işini gördü. “Qoşulmama Hərəkatı”nın Tehran sammitində də İran rəhbərliyi eynilə bu mövqeyində idi. Hətta Ermənistanın xarici işlər naziri E.Nalbandyanı “Qoşulmama Hərəkatı”nın Tehran sammitinə dəvət etmişdilər. Ermənistan bu hərəkatın üzvü deyil. O zaman Azərbaycan diplomatları İran və Ermənistanın birgə səyini neytrallaşdırdılar. Azərbaycanın maraqlarına cavab verən maddələr “Qoşulmama Hərəkatı”nın Tehran sammitinin yekun bəyannaməsinə salındı.

Azərbaycanın İƏT PA-nın Tehran konfransında parlamentin spikeri O.Əsədov təmsil edirdi. İƏT PA konfransının keçirilmə vaxtının Xocalı soyqırımının ildönümü ərəfəsinə düşməsinə baxmayaraq, Milli Məclis spikerinin İran prezidenti və İran parlamentinin spikeri Ə.Laricani ilə görüşündə Dağlıq Qarabağ tənzimlənməsi mövzusu müzakirə olunmadı. Xocalı soyqırımının ildönümü günündə İran parlamentində soyqırım qurbanlarına bir dənə də olsun həmd-sürə oxunmadı və ya salavat çevrilmədi. İran, ümumiyyətlə, “Xocalı soyqırımı” terminini işlətmir.

Azərbaycan rəhbərliyinin İranın bu siyasətinə reaksiyasını düzgün hesab etmək olar: Həm aktivlik, həm də konkretlik var. İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycanda fəaliyyətinin dayandırılmasına həsr olunmuş tədbirdə baş nazirin müavini Ə.Həsənov tutarlı və yerində olan ifadə işlətdi: “İmdad Komitəsi Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra yenidən qayıdıb fəaliyyət göstərə bilər”. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə hazırlaşır, İran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycana maneçilik törədir. İranın iri donor strukturunun Azərbaycanın daxilində olması ermənilər uduzarkən Azərbaycanda ciddi çaxnaşma yarada bilər. İranın Radioteleviziya təşkilatının Bakı ofisinə qarşı başlanılan kampaniyanı da bu kontekstdən dəyərləndirmək daha düzgündür.

İranın Ermənistana marağının səbəbi və mahiyyəti bəllidir. Bu, antiazərbaycançılıqdır. İndi bu maraq daha artıb. İran ümid edir ki, Rusiyanı Ermənistandan qova və Qafqaz siyasətində yeni səhifə yarada biləcək. Bundan daha böyük maraq İranın daxilində hakimiyyət uğrunda mübarizə ilə şərtlənir. ABŞ İran-Ermənistan sərhədində yerləşən Vorotan SES-i aldı. ABŞ istəsə, Vorotan SES-i İran ərazisində casusluq qurğularını idarə edən mərkəzə çevirə bilər. İranla Ermənistan arasında əlaqələr (yüksək gərginlikli elektrik xətləri, İran-Ermənistan qaz kəməri, avtomobil yolu) bu ərazidən keçir. Gələcəkdə İran-Ermənistan dəmiryolu da bu ərazidə tikiləcək. Mehri SES də həmin əraziyə çox yaxındır.

ABŞ İranda dini quruluşu dəyişmək niyyətindədir. Dini liderin 95 milyard dollarlıq varidata sahib olması ilə bağlı informasiya yayan Qərb lap yaxınlarda M.Musəvi və M.Kərrubinin azadlığa buraxılmasını tələb etdi. Musəvi və Kərrubinin həbs olunması, eləcə də azad olunması əvvəlki prezident M.Əhmədinecadın səlahiyyətində olmadığı kimi, indiki prezidentin də səlahiyyəti daxilində deyil. O iki şəxsin taleyi yalnız dini liderdən asılıdır. Qərbdə bunu bilirlər, ona görə belə bir tələblə Qərb bir daha özünün İranın Ali dini liderinin əleyhinə olduğunu nümayiş etdirdi.

İranda dini quruluşun dəyişməsində indiki rəsmilər də maraqlıdır. Ona görə İranın indiki rəsmiləri Ermənistana daha da yaxınlaşmalıdır. Ali dini liderin yıxılması, İranda islami quruluşun dəyişməsində əsas yardım Ermənistan ərazisi vasitəsilə gələcək. İranın “dünyəvi” rəsmiləri həm də nəzərə alırlar ki, Ali dini lider azərbaycanlıdır.

İran və Azərbaycanın avtomobil nəqliyyatı ilə məşğul olan strukturları görüşüb birgə problemləri müzakirə etdilər. Ehtiyac yaracağı təqdirdə əlavə avtomobil yolu tikəcəklərini bəyan etdilər. Culfa körpüsü istifadəyə verildi. Əvvəllər İran tərəfi bu körpünün istifadəyə verilməsi üçün müəyyən şərtlər irəli sürmüşdü. Azərbaycan tərəfi o şərtlərin heç birisini yerinə yetirmədi. İranın Ərdəbil vilayəti Azərbaycanla əlaqələrə daha çox can atır.

İran Dağlıq Qarabağ məsələsində balans tərəfdarıdır. Bu, İran XİN tərəfindən İran mətbuatında yayılmış rəsmi fikirdir. ABŞ və qeyri-dövlətlərin balans axtarmasını müəyyən mənada başa düşmək olar: xristiandırlar və vaxtilə Dağlıq Qarabağ müharibəsində ermənilərə kömək ediblər. Həmin dövlətlər heç vaxt haqq, məntiq ritorikasından istifadə etmirlər. İran islam dövlətidir, hər yerdə ədalətdən danışır. İndi İran ədalətlə ədalətsizlik, haqla haqsızlıq, işğalçı ilə işğala məruz qalan, vasitəçilkilə bağlı onun təklifini qəbul edənlə etməyən arasında balans axtarır.

Ən əcaibi budur ki, İslam dövləti xristian dövlətinin konkret cinayəti üzrə islamla xristian arasında balans axtarır. ABŞ Dağlıq Qarabağın və 7 bölgənin erməni separatçılarının Ermənistanın dəstəyi ilə nəzarətdə saxladığını rəsmən bildirdi. 6-7 ildir belədir. İran belə bəyanat verə bilərmi?! ABŞ ştatlarının 40%-i Azərbaycanın ərazi bütövlüyünə, Xocalı soyqırımına azərbaycanpərəst, ədalətli münasibət bildirib. İranın neçə ostanı belə münasibət bildirib?! ABŞ Konqresində, İsrail Knessetində Xocalı soyqırımı qeyd edilir. İran Məclisində Xocalı soyqırımı qeyd olunubmu?!

İranın hərbi gəmilərinin ABŞ sularına yan alması isə təbliğatdan başqa bir şey deyil. İranın nəzəriyyəsinə görə Dağlıq Qarabağ münaqişəsini ABŞ yaradıb və nə zamansa ABŞ bu torpaqlarda öz qoşunlarını yerləşdirib İrana qarşı istifadə edəcək. İranın ABŞ-a qarşı mübarizə gücü olsaydı, Dağlıq Qarabağ münaqişəsini ABŞ-ın təsirindən çıxarardı. İranda çox şey qıtdır. Amma həya, abır qıtlığı görünür daha kəskindir.

Azərbaycanın müdafiə naziri İrana səfərə dəvət olundu. İranın Azərbaycan hərbçilərinə münasibəti bəllidir: Guya Azərbaycanda dövlət strukturları, xüsusilə hərbçilər İsraillə əlaqədədir. İndiki dəvətin iki xüsusiyyəti var: İran Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Türkiyə, Rusiya, Fransa və hətta Serbiyadan sonra dəvət göndərir. Və görüşün vaxtını mart 24-nə təyin edir. İranda 20 mart–1 aprel tarixi yeni il bayramıdır, qeyri-iş günüdür. Səfəri bayram günlərinə salmaqla İran bəri başdan demək istəyir ki, əhəmiyyətli razılaşmaya və sənəd imzalanmasına imkan verməyəcək. Ermənistan-İran hökumətlərarası komissiyanın iclası isə aprelin 15-də olacaq.

Siyasi İnnovasiyalar və Texnologilar Mərkəzinin (SİTM) hesabatından
AzVision.az üçün


Teqlər:





Xəbər lenti