Putin Krımı Rusiyaya birləşdirir – TƏHLİL

Putin Krımı Rusiyaya birləşdirir – TƏHLİL
  10 Mart 2014    Oxunub:1628
Rusiya Krımın işğal edilməsi istiqamətində sonuncu addımını atdı və hər şey plan üzrə gedərsə, martın 16-da Ukraynanın tərkib hissəsi olan Krım Muxtar Respublikası Rusiya Federasiyasının tərkibinə qatılacaq. Məlum olduğu kimi, Krımın qondarma parlamenti yarımadanın Rusiyaya birləşdirilməsi məsələsi ilə bağlı martın 16-da referendumun keçirilməsi barədə qərar qəbul edib.

Referendum olmamış isə qondarma parlament Rusiya rəhbərliyinə təklif edib ki, Krımı öz ərazisinə qatsın. Dərhal Rusiya rəhbərliyi bu təklifə reaksiya verib və prezident Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Kreml Krımın anneksiyası üçün özünəməxsus hüquqi baza da hazırlayıb. Dumada təmsil olunan “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov hələ fevralın 28-də Krımla bağlı xüsusi qanun layihəsi hazırladığını və parlamentə təqdim etdiyini bildirib. Həmin layihədə qeyd olunur ki, “Xarici dövlətdə effektiv və suveren dövlət hakimiyyətinin olmaması ilə əlaqədar həmin ölkə ilə beynəlxalq müqavilə bağlana bilmirsə yeni ərazilərin birləşdirilməsi haqqında qərar referendum yolu ilə qəbul oluna bilər”. İTAR-TASS agentliyinin məlumatına əsasən “Rusiya Federasiyasının tərkibinə sadələşmiş qaydada qatılma barədə” adlanan qanun bu həftə Dumada qəbul oluna bilər.

Qanun layihəsi öz-özlüyündə məntiqsiz olmaqla yanaşı məntiqsiz əsaslar da ortaya çıxarır. Xarici dövlətdə hakimiyyətin effektsiz və suveren olmasını kim və necə müəyyən edə bilər? Belə çıxır ki, Moskva hansısa dövlətin hakimiyyətini effektsiz hesab edib bu ölkənin hər-hansı hissəsini öz ərazisinə qata bilər?

Məsələn bu formulun Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya problemlərində tətbiq olunması mümkündür? Belə çıxır ki, Rusiya istədiyi vaxt Azərbaycan, yaxud Gürcüstanın hakimiyyətini qeyri-effektiv hesab edə və qondarma separatçı rejimin keçirdiyi referendumun nəticəsinə əsaslanıb həmin əraziləri özününküləşdirə bilər?

Maraqlıdır ki, Rusiyada qanun qüvvəyə minməmiş artıq Krım parlamenti xəbərdardır ki, sən demə Rusiyaya referendum yolu ilə qatılmaq olar. Moskva ənənəvi olaraq qanunsuz hərəkətlərinə qanuni don geyindirməyə çalışır. Qanun layihəsinin hakimiyyətin nəzarətində olan müxalifət partiyasının rəhbəri tərəfindən irəli sürülməsi də, hadisələrə demokratik don geyindirmək üçündür.

Ümumiyyətlə Putin Krımı da don geyindirməklə öz nəzarətinə faktiki aldı. Güya özünümüdafiə qrupları, əslində isə xüsusi təlim keçmiş rus əsgərləri fevralın 27-də Krımda Parlament binasını işğal etdilər və guya parlamentin 100 üzvündən 53-nün lehinə səs verməsi nəticəsində Sergey Aksyonov adlı deputat birdən-birə Krım Nazirlər Sovetinin sədri seçildi.

Məlumat üçün bildirək ki, 1972-ci il təvəllüdlü Sergey Aksyonov “Rus birliyi” hərəkatının rəhbəridir və 2010-cu ildə deputat seçilib. Seçkilərdə onun partiyası cəmi 4 faiz səs toplayıb. 2010-cu ildən əvvəl Aksyonov heç bir dövlət vəzifəsində çalışmayıb və heç bir seçkili orqanda təmsil olunmayıb. Hələ 2009-cu ildə, Krım Nazirlər Soveti sədrinin müavini Mixail Baharev bildirmişdi ki, Sergey Aksyonov 1990-cı illərdə Krımda fəaliyyət göstərən “Seylem” cinayət qruplaşmasının üzvü olub və qruplaşmada “Qoblin” ləqəbi ilə tanınıb. Bəzi məlumatlara görə, qruplaşma Krım erməniləri və yəhudiləri tərəfindən yaradılıb və bir çox cinayətlərin törədilməsində adı keçir. Belə bir şəxsin birdən-birə parlamentdə nüfuz sahib olması və baş nazir seçilməsi təbii ki, cəfəngiyyatdır.

Aksyonov hakimiyyətə keçər-keçməz muxtar respublika ərazisindəki hüquq mühafizə orqanlarının özünə tabe olması haqqında qanun qəbul etdi. Dövlət orqanları və baş nazirin mühafizəsi naməlum hərbçilər tərəfindən həyata keçirilirdi. Məhz buna görə, yeni hakimiyyətə qarşı olan çıxışlar dərhal yatırılırdı. BMT-nın Krıma ezam olunmuş nümayəndəsi Robert Serri də həmin naməlum hərbçilər tərəfindən müxtar respublikanı tərk etməyə məcur edildi.

Krımda bütün özəl telekanallar bağlanıb, yalnız dövlət və Rusiya telekanallarına baxmaq mümkündür. Ukraynanın Krım sahilində dayanan iki hərbi gəmisi Rusiya hərbi gəmiləri tərəfindən müasirəyə alınıb. Aksyonovun müavini Ruslan Temirqaliyev artıq Krımın Rusiyanın ərazisi olduğunu açıq şəkildə bəyan edir: “Krımın Rusiya Federasiyasının ərazisi olması ilə əlaqədar, Krım ərazisində yeganə qanuni hərbi qüvvələr Rusiyanın hərbi qüvvələridir. Digər ölkələrin hərbi qüvvələri işğalçı hesab olunacaq”. Belə çıxır ki, Ukrayna ordusu Krıma daxil olarsa işğalçı kimi qəbul olunacaq.

Görünən odur ki, Rusiya tələsir və qısa zamanda Krımın anneksiyasını başa çatdırmaq istəyir. Putin əlavə problemlərin çıxacağından ehtiyatlanır və ehtiyatlanmaqda haqlıdır.

Birincisi, Krımın Rusiyaya daxil olmasını yarımada sakinlərinin əksər hissəsi istəmir və istənilən an daxili narazılıq baş qaldıra bilər. Təxminən 2,4 milyon Krım əhalisinin 1,4 milyonu rusdur. Burada 600 min ukrayın və 250 minə yaxın Krım tatarı yaşayır. Geridə qalanlar isə, polyak, bolqar, alman, yəhudi, qaraçı, erməni, yunan, belorus və moldavan kimi millətlərin nümayəndələridir. Artıq tatarların lideri Rıfat Çubarov öz tərəfdarları və ümumilikdə Krım əhalisini referendumu boykot etməyə çağırıb. Tatarların qarşı çıxması kifayət qədər ciddi siqnaldır. Digər azlıqların Rusiya əleyhinə mövqe tutması tamamilə realdır.

İkincisi beynəlxalq reaksiya təhlükəli nəticələr verə bilər. ABŞ hərbi gəmilərinin Qara dənizə daxil olması, yaxud Kiyevə amerikan əsgərlərinin göndərilməsi barədə müxtəlif məlumatlar yayılır. Vaşinqtonunun bəyanatları artıq kifayət qədər sərt ton alıb. ABŞ dövlət katibi Con Kerri Rusiya qoşunlarının Krıma yeridilməsini hərbi aqressiya aktı kimi qiymətləndirib və Vladimir Putin qoşunlarını geri çəkməyəcəyi halda Amerikanın daha radikal addımları atacağını bildirib. Avropa Birliyi və ABŞ Rusiyanı sanksiyalarla hədələyir.

Hər bir halda, Putinin Krımı işğal etmə planı uğurla başa çatsa da, Rusiya uduzacaq. Qərbin sanksiyaları Rusiyanın iqtisadiyyatına ölümcül zərbələr endirəcək. Moskvanın beynəlxalq imici bərpa olunmaz şəkildə ləkələnəcək.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti