“AzVision”: Kitab doğruları və Paşinyanın batmamağının sirri - VİDEO

     “AzVision”:    Kitab doğruları və Paşinyanın batmamağının sirri -    VİDEO
  10 İyun 2021    Oxunub:9036
Həftəni yarıladıq, demək, yenə də üzləşdiyimiz suallara sosial şəbəkə fəalı, ifluenser Demə Qoqun tikanlı atmacalarının müşayiətilə cavab aramaq vaxtıdır.
- Kitab doğrusu. Sosial şəbəkənin bir qanun pozuntusuna münasibəti əslində nədən xəbər verirdi?
- Tanrının əli, yaxud, birbaşa dəxli olmasa da, Makron sifətinə dəyən şilləni nə üçün haqq edirdi?
- Sosial anomaliya. Ağır uğursuzluqlarına baxmayaraq, Paşinyanın reytinqinin hələ də yüksək qalması məntiqsizliyini nə ilə izah etmək olar?
…Bir gün bir şəhərdə iki növcəvan bir kitab mağazasına oldular rəvan. Və iki gün ərzində sosial şəbəkənin Azərbaycan seqmentində ən çox müzakirə edilən mövzulardan birinə çevrildilər. Mənim həmin gənclərlə əsla işim yoxdur, maraq doğuran məhz elə sosial şəbəkənin reaksiyasını təhlil etmək və həmin reaksiyanın əsasında qərarlar qəbil edilərsə, cəmiyyət olaraq gedib haralara çıxa biləcəyimizi göstərməkdir.



1. Kitab doğrusu

Feysbuk kütləsi hadisəyə haradansa quraşdırdığı belə bir feyk aforizmin prizmasından yanaşdı ki, iki şeyi oğurlamaq cinayət deyil: Kitabı və çörəyi. Razıyam ki, kitabı mücərrədləşdirəndə müqəddəs bir substansiya alınır. Amma mağazada satılan konkret kitab konkret əmtədir və iqtisadi mübadilə nöqteyi-nəzərindən onun məsələn, konkret kolbasadan heç bir fərqi yoxdur.
Son iki günün digər populyar feyk aforizmi isə budur: “Oğru kitab oxumaz, kitab oxuyan oğru olmaz”. Maraqlıdır, görəsən, kitab biznesilə məşğul olanlar da belə düşünürlərmi?! Və yaxud, tutaq ki, bu cür status yazanların özləri kitab mağazası işlətsələr və hər gün onların mağazasından bir neçə kitab çırpışdırılsa, əllərini yellədib, “Əşşi, kitab oğurlamaq oğurluq sayılmır” deyə reaksiya verərlərmi? Təbii ki, yox, amma sosial şəbəkə mühiti insana bunu yazdırır. Ona görə də, bu hadisə sosial şəbəkə kütləsinin təfəkkür modelini anlamaq baxımından çox ibrətamiz idi. Kütlə həmişə stereotiplərlə düşünür və heç vaxt məsələnin mahiyyətini tam dərk etmək iqtidarında olmur.

Demə Qoq:
- Bayaqdan sakit dayanmışam, sən də qızışma da. Hansı… “tiplərlə” dedin?

Stereotiplərlə. Yəni çox sadələşdirilmiş, birölçülü, bəsit obrazlarla. Məsələn, “kitab oğrusu” deyəndə hamının ağlına oxumaq eşqilə alışıb-yanan, amma kitab almaq üçün pul tapmayan yetim uşaq obrazı gəlir. Bu, stereotipdir. Halbuki, həmin hadisəyə görə saxlanılan Elməddin Süleymanovun AzVision.az saytına açıqlamasında dediklərinə diqqət yetirək.

“- Mən ömrümün sonuna kimi bu kitabları oxumayacağam. Sən demə, bu əsərlər mənim evimdəki kitabxanamda var imiş. Kitablarım o qədər çoxdur ki, onların sayını belə itirmişəm. Həmin gün məqsədimiz sadəcə bu kitabları oxumaq idi. Haradan bilərdim ki, onlar məndə də var”.

Heç də Maksim Qorkinin oxumaq üçün alışıb-yanan, amma kitab almağa pul tapmayan qəhrəmanlarına bənzəmir, deyilmi?! Amma kütlə özünün stereotipik təfəkkürü ilə bu hadisəni Jan Valjanın çörək oğurlamaq üstündə katorqaya düşməsilə eyniləşdirmişdi. Məhz buna görə kütlə təfəkkürünə, onun zövqlərinə və qərarlarına həmişə ən azı skeptik yanaşmaq lazımdır.
Amma burada məni daha çox düşündürən başqa bir nüans da var ki, o məsələdə kütlə, təəssüf, haqlıdır.

2. Qırmızı kitaba düşənlər

Söhbət kitab oxuyan insana “Qırmızı kitaba” düşmüş, nəsli kəsilməkdə olan canlı növü kimi yanaşılmasından gedir. Həmin iki gənc məhz buna görə kütlə mərhəmətinin Arximed qanunu ilə hüququn üstünə qaldırıldılar. Məntiq bu idi ki, əgər cəmiyyətdə hələ də kitab oxuyanlar qalıbsa, onlara dəyməyək, onsuz da kökləri kəsilir. Bax, bu da üzərində düşünülməsi vacib olan digər məqamdır.
Sosial şəbəkə istifadəçilərinin belə düşünmələri anlaşılandır, çünki beynəlxalq statistikaya görə, dünyada hər insan gündə sosial şəbəkədə 2 saat 24 dəqiqə vaxt keçirir. Bizdə bu rəqəm çoxdur ki, az deyil. Yaxşı, bəs hər gün kitab oxumağa sərf edilən vaxt nə qədərdir? Amerikada gündəlik 18 dəqiqə. Dünyanın heç bir ölkəsində bu rəqəm ortalama 51 dəqiqəni aşmır. Deməli, kitab oxuyanlar həqiqətən də nəsli kəsilən canlıya dönürlər və onların çoxalması üçün nəsə etmək lazımdır.

Demə Qoq:
- Səmimi danışaq?
- Döşə gəlsin
- Kitabdan öyrənə biləcəyimiz nə varsa, hamısını internetdən də öyrənmək olur da. “Youtube”da elə ağıllı videolar var ki, onların birinə baxmaq yüz dənə kitab oxmağa bərabərdir. Ona görə də, indiki dövrdə çox oxuyan çox bilməz, çox baxan çox bilər!

- Bill Qeyts, İlon Mask, Uorren Baffet – bunlar, özlərinin dediklərinə görə, gündə azı bir neçə saat kitab oxuyurlar. Əlbəttə, bu, əsla o demək deyil ki, siz kitab oxusanız, zəngin olacaqsınız. Yox, təəssüf ki, belə bir korrellyasiya yoxdur. Amma “youtube”dan, yaxud, feysbukdan alınan bilgi ilə kitabdan alınanın arasında ciddi bir fərq var. Youtube, feysbuk, lap belə TikTok-da gördüyünüz ən faydalı paylaşımlar sizi uzağı bilikli edə bilər, kitab isə savadlı edir. Savadın kitabdan başqa mənbəyi hələ də kəşf olunmayıb. Oradakılar sizə öz fikirlərini, dünyagörüşlərini, başqa sözlə, hazır çeynənmiş zehni qidaları təklif edirlər. Kitab isə öz düşüncənizi formalaşdırır. Sosial şəbəkə sizdən kütlənin bir zərrəsi, kitab isə fərd və şəxsiyyət yaradır.
Bu haqda bu qədər bəsdir, çünki başqa ciddi mövzular da bizi gözləyir.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

3. Terror və qanun

Neçə aydır davam edən mina xəritələri mövzusunda bu həftə maraqlı bir inkişaf oldu. Ermənistan silahlı qüvvələrinin polkovniki, “Tiqran Mets” xüsusi hərbi-təlim mərkəzinin direktoru Koryun Qumaşyan televiziyada çıxışı zamanı Azərbaycana müraciətlə dedi ki, əgər bütün erməni əsirlərini qaytarsaq, onda xəritələri verməyə hazırdır:

– Mən öz adamlarımla Laçın və Kəlbəcərə 17 maşın mina daşımışıq. Biz o əraziləri çox ağıllı şəkildə minalamışıq, hətta İngiltərə və Rusiyadan mütəxəssislər gətirsələr də, heç nə eləyə bilməyəcəklər. Orada elə yerlər var ki, zəncirvari şəkildə minalanıb.

Kinolarda belə təkliflərə adətən “Biz terrorçularla danışığa getmirik” cavabını verirlər. Bu müraciət konkret terrorçu təklifidir və bir qədər sadələşdirəndə, belə səslənir: “Biz sizin sadə insanları öldürməkdə davam edəcəyik, əgər onların ölməsini istəmirsinizsə, tutduğunuz təxribartçıları buraxın”. Beləcə, Ermənistan tərəfi təsdiqləmiş oldu ki, minalanmış ərazilərin xəritələri onlarda var. Bunu Azərbaycan prezidenti də deyirdi.
Erməni tərəfin etirafından sonra fərqli bir reallıq yaranır. Ermənistan rəsmən təsdiqlədi ki, onun hədəfində dinc azərbaycanlılardır. Azərbaycan isə əksinə, bu həftə növbəti dəfə niyyətinin və məqsədinin nə olduğunu açıq göstərdi. Laçın rayonu ərazisində, sərhəddə daha bir erməninin tutulması kifayət qədər ciddi vəziyyət yaradırdı. Çünki bu qədər təxribatın heç nəyə baxmayaraq, ardıcıl həyata keçirilməsi sərt cavab tələb edəcəkdi. Amma ermənilər həmin şəxsin – Artur Kartanyanın sadəcə, yolu azıb, bu tərəfə keçdiyini iddia etdilər.

Demə Qoq:
- Mən inanmadım! Bunlar orada gəzməyə çıxıblar ki, azsınlar?! Məncə, nəsə başqa məsələdir...

Azərbaycan tərəfi məsələni araşdırdı və məşhur filmdə deyildiyi kimi, “əbləhin doğrudan da, rəssam olduğunu görüb”, buraxdılar. Bununla da rəsmi Bakı göstərdi ki, bizim yolunu fiziki mənada azanlarla işimiz yoxdur. Bizim işimiz yolunu hüquqi, siyasi və mənəvi mənada azıb, ölkəmizə qarşı cinayət törədənlərlədir ki, onlara qarşı da hüquq dililə danışacağıq. Keçən həftə birinci Qarabağ müharibəsində xalqımıza qarşı cinayətlər törətmiş iki hərbi cinayətkar möhkəmə önünə çıxarılmışdı. Bu həftə Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham müttəhimlər kürsüsündə əyləşdirildi.

Arayış:
1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə 2500 ABŞ dolları məbləğində ilkin ödənişin müqabilində muzdlu kimi Azərbaycanın işğal altındakı ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib. Bu məqsədlə digər şəxslərlə mütəşəkkil dəstə halında Ermənistan tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, digər muzdluların da olduğu ərazilərə gəlib. Onlar Azərbaycan vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.
Məhkəmədə prokuror törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana 20 il müddətində azadlıqdan məhrum etmə cəzasının verilməsini istəyib.


Bu adsımlarla rəsmi Bakı həm ermənilərə, həm də bütün dünyaya onu göstərir ki, bizim dinc ermənilərlə heç bir işimiz yoxdur, dinc olmayanlarla isə ancaq və ancaq qanunla danışırıq. Bütün erməni xalqını ittiham eləmirik, milli nifrət aşılamırıq. Məhkəməyə təqdim edilə biləcək faktlar varsa, ortaya qoyuruq. Buyurun, varınızdırsa, siz də qoyun, yoxdursa, nifrət təbliği mərhələsini aşmaq vaxtıdır. Amma ermənilər təəssüf ki, tam əksinə, hələ də adekvat reaksiya sərgiləmirlər.

4. Şapalağın metafizikası

Bir həftədir ki, erməni mediası Rusiya ictimaiyyətini azərbaycanlılara qarşı kökləmək üçün dəridən-qabıqdan çıxır. Guya azərbaycanlıların cinayətkar, sosiopat, aqressiv olması, ruslara təhlükə törətməsi haqda xəbərlər paylaşırlar. Diqqət mərkəzlərində olan əsas məkan da Novosibirskdir. Halbuki, bu əsnada Avropanın düz ortasında antierməni etirazları kükrəməkdədir.
***
Fransanın Sent-Etyen şəhərində 28, 32 və 63 yaşlı 3 erməni Yusif adlı 26 yaşlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq, onu xüsusi amansızlıqla qətlə yetiriblər. Hadisə yerli sakinlərin gözü qarşısında baş verib. Hadisə şahidlərinin lentə aldığı kadrlarda ermənilərin qəddarlığı aydın şəkildə görünür.
Qambiyalı gənc bıçaq zərbələrindən sonra müvazinətini itirərək yerə yıxılıb. Daha sonra erməni qatillərdən biri hücum edərək, onu təpiklə vurub.
İnsanı dəhşətə gətirən hadisə rasizm zəminində baş verib.
Fransada yaşayan afrikalılar ermənilərin törətdikləri bu vəhşicəsinə qətlə etiraz olaraq, nümayiş keçiriblər. Etirazçılar erməni cinayətlərinin qurbanı olmuş Yusuf üçün ədalət tələb ediblər. Nümayişə Sent-Etyen şəhərinin merinin də qatıldığı deyilir.
***

Bunun Fransada baş verməsi xüsusilə ibrətamizdir. Biz nə qədər çalışsaq da, erməni xislətini fransızlara bu qədər açıq başa sala bilməyəcəkdik. Düzdür, birbaşa əlaqəsi olmasa da, belə bir rasist xalqa verdiyi dəstəyə görə Makron bu həftə sifətinə dəyən şilləni haqq edirdi.
Söhbət təkcə ermənilərin Fransada törətdiklərindən getmir. Seçki yaxınlaşdıqca oxşar proseslər, zorakılıq elə Ermənistanın daxilində də güclənməkdədir. Ölkədə hakimiyyəti tənqid edənlərə qarşı getdikcə daha sərt münasibət göstərilir. Məsələn, Eçmiədzində Paşinyanı tənqid edən qadının saxlanılması kimi.
Bunların təsadüf olmadığını isə Paşinyanın bu həftəki çıxışında verdiyi bir anonsdan sezmək olurdu.

4. “Məxmər”dən polada

- Biz sizdən icazə alıb, “məxməri inqilab”ı polad inqilabla əvəzləməliyik. Həmin polad mandat bizə ölkəmizin əyilmiş belini düzəltmək üçün lazımdır (Paşinyan).

Bu sözlər müxtəlif formalarda yozula bilər. Ən sadə izahla belə çıxır ki, Paşinyan seçiləcəyi halda diktatura quracağını açıq şəkildə bəyan edir. Hərçənd, o, seçilməsə də, vəziyyətin ayrı cür olacağına əsaslı bir ümid yoxdur. Bu məsələdə Ermənistanın burunci prezidenti Levon Ter Petrosyonla razılaşmamaq olmur:

- Bu, növbəti seçki deyil, partlayış riski olan vəziyyətdir. Mənə görə, bu, Ermənistan tarixinin ən biabırçı və ən təhlükəli seçkisi olacaq. Nəyin hesabına olursa-olsun, hakimiyyəti ələ keçirməyə çalışan iki qütb var. Hər ikisi böyük maliyyə imkanlarına, inzibati və kriminal resurslara malikdirlər. Onlar istədiklərinə nail olmaq üçün hər bir addımı atacaqlar.

Seçki yaxınlaşdıqca Rusiyanın Ermənistan daxilindəki planları da daha açıq görünməyə başlayır. Bu həftə Vladimir Putinin Robert Koçaryanla telefon danışığı haqda məlumat yayıldı. Əvvəlcə Moskvadakı anonim mənbəyə istinadla verilən, sonra Koçaryanın ofisinin rəhbəri Viktor Soqamonyanın təsdiqlədiyi xəbərə görə, onlar xeyli davam edən söhbətləri zamanı bölgədəki vəziyyəti və Ermənistan-Rusiya münasibətlərini müzakirə ediblər. Maraqlıdır: Putin bölgədəki vəziyyəti və Ermənistan-Rusiya münasibətlərini Koçaryanla niyə müzakirə edir? Digər tərəfdən, məgər onun mövqeyi Kremlə zatən aydın deyil ki?!
Amma burada əsas məsələ başqadır. Putin-Koçaryan danışığı may ayında baş tutub, amma xəbəri indi - seçkiyə bir həftə qalmış yayılır. Məqsəd, əlbəttə ki, seçki prosesinə təsir etməkdir. Bununla Moskva favoritinin kim olduğuunu ortaya qoyur. Mayda baş tutmuş gizli telefon söhbəti haqda xəbərin indi yayılması Paşinyanın Fransa səfərinə və ATƏT-in Minsk qrupunun Qərbdən olan həmsədrlərini sərhəd bölgəsinə yerləşdirmək təklifinə Kremlin bir növ kiçik cavabıdır.

Demə Qoq:
- Onda belə çıxır ki, Koçaryanın mürdəşir yumuş sifətini hələ çox görəcəyik də, hə?!

Məsələ ondadır ki, Ermənistanda qarşıdakı 10 gündə hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir, hətta praktik olaraq mümkün deyil. Rusiyanın dolayı təsir cəhdlərilə paralel olaraq, ABŞ-ın dövlət katibi Filip Rikerin bölgəyə səfəri həyata keçirilir. Belə mürəkkəb vəziyyətdə Ermənistanın xarici işlər nazirinin bütün müavinləri istefa veriblər. Baş nazirin səlahiyyətlərini əvəz eləyən Paşinyan məzuniyyətə çıxıb. Faktik olaraq, ölkə diplomatiyası başsız qalıb.
Seçki ərəfəsində son vəziyyət isə belədir:

37,7% - “Mənim addımım” bloku (Nikol Paşinyan)
12,6% - “Ermənistan” bloku (Robert Köçəryan)
7,6% - “Şərəfim var” bloku (Artur Vanetsyan)
3,8% - “Çiçəklənən Ermənistan” bloku (Qagik Tasrukyan)


Yəni hətta ikinci, üçüncü, dördüncü yerlər səslərini birləşdirsələr də, Paşinyana çata bilməyəcklər. İndiki halda isə Koçaryan parlamentdə uzağı 20 mandat almaqla, “ana müxalifət” ola bilər. Amma Rusiyaya lazım olan budurmu və belə olarsa, hadisələr hansı istiqamətdə gedəcək?!

5. Sosial-siyasi anomaliya

Nələrin ola biləcəyini başa düşmək üçün əvvəlcə belə bir vacib suala cavab vermək lazımdır: Niyə Paşinyanın dəhşətli uğursuzluqlarına baxmayaraq, elektoratın az qala 40%-i hələ də onu dəstəkləməkdə davam edir? Bu rəqəmin əsassız olmadığı Paşiyanın bu həftə keçirdiyi seçki mitinqlərindən də görünürdü. Onlar həqiqətən izdihamlı idilər.
Bu adam müharibəni uduzub, sərhədlərin qorunmasını təmin edə bilmir, Azərbaycanla bütün mübahisələrdə faktiki geriləmə kimi yozula biləcək addımlar atır. Məsələn, Qaragöl məsələsində onun dediyi “Biz durub gölün 30%-nə görə Azərbaycanla döyüşəsi deyilik” sözləri istənilən normal ölkədə istənilən siyasətçinin karyerasını üstündən xətt çəkərdi. Hazırda Ermənistan cəmiyyəti üçün ən ağrılı mövzulardan olan “əsir” dedikləri şəxslərin qaytarılması məsələsini çözə bilmir. Yeri gəlmişkən, seçkiqabağı mübarizədə də həmin mövzu əsas “kozır”lardan biridir.

Serj Sarqsyan:
- Qoy, öz uşağını aparsın, əvəzində 20-25 nəfər hərbi əsirlə dəyişib, gətirsin. Görək, ondan sonra hərbi əsirlərin haqqında necə danışacaq. Aydın məsələdir ki, o, bunu etməyəcək. Görürsə ki, danışıqlar yolu ilə bacarmır, nəsə başqa bir şey fikirləşsin.

Nikol Paşinyan:
- Mən razıyam! Rəsmən bəyan edirəm ki, öz oğlumu bütün hərbi əsirlərlə dəyişməyə hazıram.

Əlbəttə, bu, ucuz popilizmdir və hər kəs bilir ki, Paşinyan oğlunu dəyişəsi deyil. Bu, həmin oğuldur ki, onu şəkil çəkdirmək üçün getdiyi cəbhə xəttindən sağ-salamat geri gətirmək üçün xeyli insanın qurban verildiyi iddia olunmuşdu.

Artur Ayvazyan, keçmiş döyüşçü:
- Paşinyanın oğlunu Cəbrayıldan çıxarmaq üçün İcan alayından 1200 nəfər öldü. Bu, xəyanətdir. Həmin insanlar döyüşlərə zirehli maşınlar olmadan, hava hücumundan müdafiə sistemləri qurulmadan göndərildilər, qırğının qabağına verildilər.

Amma bütün bunlara baxmayaraq, Paşinyanın reytinqi hələ də heç bir sağlam məntiqlə izah edilə bilinməyəcək şəkildə yüksək olaraq qalır. Səbəb nədir? Bunu anlamaq üçün erməni cəmiyyətində ciddi sosial araşdırma aparmağa ehtiyac var. Amma ilkin olaraq iki izaha baxa bilərik:

1) Sosial vəziyyətin ağırlığı erməni cəmiyyətini elə sındırıb ki, onları Qarabağ yox, hətta sərhədlərinin təhlükəsizliyi də yox, ancaq və ancaq rifahlarının bir qədər qalxması maraqlandırır. Bunu isə Paşinyandan gözləyirlər, çünki Koçaryanı yaxşı görüblər;
2) Paşinyanın reytinqinin heç nəyə baxmayaraq, yüksək qalmaqda davam etməsi sosial anomaliyasının geosiyasi səbəbi var. Bu, erməni cəmiyyətinin Rusiyadan uzaqlaşmaq və Qərblə yaxınlaşmaq istəyidir.
Əldə ciddi sosial araşdırmanın nəticələri olmadan hansı versiyanın həqiqətə daha yaxın olduğunu müəyyənləşdirmək çətindir. Amma hər iki halda bu, o deməkdir ki, Rusiya məşhur erməni xəyanətinin nə olduğunu görməyə çox yaxındır, bəlkə də artıq görməyə başlayıb.



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti