Kredit hansı tələbələrə veriləcək ? - Nazir şərtləri açıqladı - VİDEO

  Kredit hansı tələbələrə veriləcək ?  - Nazir şərtləri açıqladı -  VİDEO
  18 İyun 2021    Oxunub:5511
Tələbə kreditləri dünyanın bir çox ölkələrində mövcuddur. Azərbaycanda təhsilin kreditləşməsi dövlət sifarişi əsasında olurdu. Tələblərin demək olar ki, yarısına qədəri dövlət sifarişi ilə, qalanları öz hesabına təhsil alırdı. Tələbə kreditləri öz hesabına təhsil alan tələbələri əhatə edəcək. Fond ali təhsilin hamı üçün əl çatan olması baxımından vacibdir.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Fərman Azərbaycanda ali təhsilin əhatəliliyin artırılması baxımından vacibdir: "Fondla bağlı qaydalar hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacaq. Burada kreditlər iki əsasda veriləcək. Sosial həssas qrupdan olan ailələrin övladlarına verilənlər kreditlər çox aşağı faiz civarında olacaq. Məsələn: İki faiz olacaq. Standart paket - sosial həssas təbəqəyə aid olmayan tələbələrə aid olacaq".

E.Əmrullayev bildirib ki, kreditlər verilərkən 1-ci kursda olan tələbənin qəbul imtahanında yüksək nəticə göstərməsi əsas rol oynayacaq:

"Yuxarı kurslarda oxuyan tələbələrin ümumi müvəfəqqiyyət göstəricisi də nəzərə alınacaq. Tələbə, krediti veriləndən sonra yaxşı oxuyursa, ümumi müvəfəqqiyyət göstəricisi yüksək olanda, ona verilən kreditin faiz dərəcələrində, həm də vəsaitin geri qaytarılmasında müəyyən güzəştlər də olacaq".



Nazir bildirib ki, tələbə kreditləri daha çox tələbənin ali təhsil almaq imkanı əldə etməsinə və təhsil alan tələbələrin təhsil haqqını ödəyə bilməsinə şərait yaradacaq:

"Təhsil tələbə krediti kommersiya xidməti daşımır, dövlətin vətəndaşlarının təhsil alması baxımından vacibdir. Kreditlər tələbələrə deyil, ali təhsil müəssisələrinə veriləcək. Tələbələr kreditləri 20 il ərzində hissə-hissə ödəyəcək. Həmin müddət ərzində bu və ya digər səbəbdən hərbi xidmətdə olanda, işləməyəndə maliyyə vəsaiti geri qaytarmaq imkanı olmayanda onlara möhlət hüququ da veriləcək".

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Azvision.az



Teqlər: Kredit   Təhsil  





Xəbər lenti