AzVision: Həftənin fərmanı, sükutu və ştammı – Video

      AzVision:    Həftənin fərmanı, sükutu və ştammı –    Video
  19 İyun 2021    Oxunub:9167
Həftənin sonudur və AzVisionun şənbə buraxılışında sizi bu istiqamətlərdə düşünməyə dəvət edəcəyik:
- İlin ən vacib Fərmanı. Təhsil Krediti Fondunun yaradılması nə üçün belə deyiləcək qədər önəmlidir?
- Fırtına qabağı səssizlik: Ermənistanda sükut bitəndən sonra nələrin şahidi olacağıq?
- Rusiyanı yenidən qapanmağa məcbur edən “Hindistan ştammı” nədir və dünya üçün yeni təhlükəyə çevrilə bilərmi?


Gələcək prizmasından baxanda prezident İlham Əliyevin iki gün öncə Təhsil Tələbə Krediti Fondunun yaradılması haqda imzaladığı Fərman nəinki həftənin, bəlkə də ilin ən vacib hadisələrindən biridir. Bu Fərmanın iki tərəfi var: Birincisi, təhsil almaq yönündə olan sosial əngəllərin aradan qaldırılılmaqla, ədalətin təmin edilməsi, ikincisi, öz gələcəyimizə kredit yönəltmək. Yəni biz artıq insan resursuna təkcə yatırım qoymur, kredit də yönəldirik.
Mən hətta üçüncü tərəfi də deyərdim: “Kredit” anlayışının özünə ictimai münasibətin dəyişməsi. Azərbaycanlı təfəkküründə “kredit” deyəndə ilk növbədə ağla məişət xarakterli istehlak kreditlər, maksimum ipoteka gəlir. Çox nadir hallarda kiminsə ağlına gələ bilərdi ki, krediti bahalı telefona, maşına, cehizə deyil, təhsilə, yaxud, fərdi inkişafın digər atributlarına yönəltmək olar. Yəqin ki, Prezientin imzaladığı fərman bu maliyyə-məişət təfəkkürü şablonlarının dəyişməsində də böyük rol oynayacaq.
Azərbaycanda bəzi bankların təklif etdikləri “təhsil kreditləri” mahiyyətcə adi istehlak kreditlərindən ancaq adı ilə fərqlənirdi. 4 illiyə və təxminən 13-15 faizlə təhsil krediti əsla imkansız gənclərin təhsil almaq yolundakı sosial əngəlləri aşmalarına yardım edə bilməzdi. Halbuki, dünya ölkələrində təhsil krediti təxminən 3-5 faiz ətrafında olur. Azərbaycanda isə sosial həssas təbəqə üçün bundan da aşağı olacaq.
Bütün bunlar o deməkdir ki, ailəsinin imkanı yoxdur deyə, hansısa istedadlı gəncin təhsil ala bilməməsi kimi dramatik hallar tarixə qovuşur. Daha biz belə ürək parçalayan əhvalatlar eşitməyəcəyik. Bu addımla gənclərin gələcəyi onların doğulduqları ailələrin sosial vəziyyətinin girovluğundan çıxarılır və öz əllərinə tapşırılır. Daha istedadlı gənclər ailələrinin maddi problemlər üzündən ölkənin gələcəyindəki yerlərini tutmaq şansından məhrum olmayacaqlar.
Bu Fərman məhz ölkənin gələcəyini layihələndirən sənədlər kateqoriyasına daxildir. Onu imzalayarkən dövlət başçısı Gələcəyin Mühəndisi vəzifəsini yerinə yetirib. Artıq biz dövlət olaraq, orta müddətli gələcəyin belə incə detallarını fikirləşməklə məşğuluq. Halbuki, bəzi dövlətlərin – məsələn, Ermənistanın ən yaxın gələcəyilə bağlı da heç bir aydınlıq yoxdur.
Bu gün orada sükut günüdür, amma belə görünür ki, bu, sadəcə, böyük səs-küydən qabaqkı sükut, fırtına öncəsi sakitlikdir.
Ölkə öz tarixindəki bəlkə də ən vacib, gərgin, taleyüklü seçkiyə gedir. Amma vəziyyət dramatikdən çox, tragikomikdir. İndiyə qədər baş verənlər seçki kampaniyasından çox, absurd teatrını xatırladırdı. Bir tərəfdən, 3 keçmiş president və hazırkı baş nazirin səlahiyyətlərinin icraçısı da daxil olmaqla, ölkənin bütün siyasi elitasi seçkiyə qatılıb. Amma digər tərəfdən, bir-birini təhqir etməkdən, “kapitulyant”, “oğru”, “korripsioner” kimi ittihamlardan və çox vaxt “qırmızı xətt”i keçən təhqirlərdən başqa, heç nə deyilməyib. Ölkə vacib yolayrıcında durub, gələcəyə gedən cığırı seçməlidir, əsas məsələ budur, amma heç kim ortaya gələcəklə bağlı dişə vurulası bir konsepsiya qoymur. Və bununla da sanki gələcəklərini özlərinin həll etmədiklərini göstərirlər.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

Digər namizədlərin hamısı xorla Paşinyanı “kapitulyant” və “satqın” adlandırır. Amma soruşulanda ki, “Siz özünüz hakimiyyətə gəlsəniz, 10 noyabr razılaşmasından imtina edəcəksinizmi”, eyni qaydada xorla “Yox” deyirlər. Onda sual çıxır: Əgər ikisi də zatən eyni şeyi edəcəklərsə, kapitulyantla qeyri-kapitulyantın, satqınla satqın olmayanın fərqi nədir?
Bu sual Ermənistandakı seçki kampaniyasının dirəndiyi əsas dalanlardan biri idi. Seçki kampaniyası göstərdi ki, ölkənin siyasi elitasında heç kimin – heç bir cinahın, qüvvənin, şəxsin Ermənistanı vəziyyətdən necə çıxarmaqla bağlı aydın təsəvvürü və ağlabatan planı yoxdur.
***
Seçkiyə 25 partiya və blok qatılsa da, onlardan ən yaxşı halda 4-5-i real oyunçudur, əsas rəqabət isə ikisinin - Paşinyanın “Vətəndaş müqaviləsi” ilə Koçaryanın “Hayastan” blokularının arasında gerəcək. Ermənistan qanunlarına görə, parlamentdə mütləq yerlərin 54%-nə sahib partiya, blok, yaxud, koalisiya olmalıdır. İki əsas rəqibin isə hazlırda heç birinin reytinqi 30%-dən yuxarı deyil. Ona görə də, seçkidən sonra indiki ikinci, üçüncü, hətta dördüncü dərəcəli görünən iştirakçıların siyasi bazarı qızışacaq. Əgər “Şərəfim var” bloku 7%-lik baryeri keçərsə, böyük ehtimalla, onun Koçaryanla koalisiya quracağını söyləmək olar.
Seçkidən sonra bir həftə müddətində heç kim koalisiya qura bilməsə, Paşinyanla Koçaryanın rəhbərlik etdiyi qurumlar ikinci tura adlayaraq, bu dəfə təkbətək duelə çıxacaqlar. O halda kim sadə üstünlüklə qalib gəlsə, mandatların tələb olunan 54 faizi ona çatacaq.
Maraqlıdır ki, bütün seçki kampaniyası dövründə Paşinyanın reytinqi də, mitinqlərinin izdihamlılıq göstəricisi də Koçaryandan yüksək idi. Amma kampaniyanın sonuna yaxınlaşdıqca Koçaryan onu haqladı və sükut günündən qabaq İrəvanın “Respublika” meydanında keçirilən mitinqdə açıq-aşkar üstələdi. Yerli ekspertlərin fikrincə, seçkiqabağı yekun əzələ nümayişi olan həmin aksiyaya Paşinyan təxminən 21 min adam çıxardığı halda, Koçaryan 30 min nəfəri cəlb edə bilmişdi.
Koçaryanın reytinqindəki artım dinamikasını izah etmək bir qədər çətindir. Güman ki, burada onun həm seçkiqabağı təbliğat taktikası, həm özünü açıq şəkildə “Rusiyanın adamı” kimi büruzə verməsi, həm erməni kilsəsinin ona birmənalı dəstəyi, həm də bir sıra yarıgizli faktorlar rolunu oynayıb. Məsələ ondadır ki, Ermənistanın daxili siyasətinə yarıkriminal elementlərin kifayət qədər təsiri qalmaqdadır və ölkənin ən varlı adamlarından olan Koçaryanın biznes və kriminal aləmindəki əlaqələri sayəsində bu yeraltı resursdan istifadə etmək imkanı da var idi.
Əlbəttə, Azərbaycanın da proseslərə təsiri az deyildi. Məsələn, bizim güzəştə gedərək, mina xəritələrinin qarşılığında 15 təxribatçını azad etməyimiz Paşinyanın reytinqinin qalxmasına səbəb olmuşdusa, Ərdoğanın Şuşaya səfəri və imzalanan Bəyannamənin doğurduğu elektoral qəzəb yenidən onu həmin xallardan məhrum etdi.
Bütün bunların nəticəsi isə sabah bilinəcək.
***

Bu seçki, hər şeydən əlavə, Paşinyanın taleyini də həll edəcək. Sözsüz, heç nəyə, o cümlədən də, vaxtilə düşük hərəkətlərilə bizi necə qıcıqlandırmasına və qəzəbləndirməsinə baxmayaraq, o, kifayət qədər maraqlı, Ermənistanın taleyində mübahisəli, amma ciddi rol oynamış fiqurdur və adını hansı formada, hansı işarə ilə olmasından asılı olmayaraq, artıq regionun tarixinə yaza bilib. Paşinyanın 2018-ci ildə məxməri çevrilişlə hakimiyyətə gəlməsilə başlayan və sonda gətirib bölgənin taleyini dəyişən 44 günlük müharibəyə çıxaran proseslər hələ uzun müddət təhlil olunacaq. Paşinyanı doğuran, ortaya çıxaran səbəblər də kifayət qədər maraqlıdır, onun müharibədə faciəli şəkildə uduzmasına baxmayaraq, seçki ərəfəsində əsas favorit olaraq qalması da. Bütün bunlar ona görə belə alınır ki, Ermənistanda gedən proseslərə xarici amillər də daxili amillərlə paralel, hətta qat-qat daha artıq təsir göstərir. Və ancaq onların hər ikisini balanslaşdıran həllər heç olmasa bir müddət qalıcı ola bilər. Bu, o deməkdir ki, Ermənistanın daxili vəziyyəti regionda gedən geosiyasi mübarizəyə çox həssas reaksiyalar verəcək. Mübahisəli ola bilər, amma şəxsən mən düşünürəm ki, 98-ci ildə Paşinyanın “ərik inqilabı” deyilən məxməri çevrilişlə hakimiyyətə gəlməsi təkcə daxili siyasət məsələsi deyildi. Sabahkı seçkinin nəticəsi də təkcə daxili siyasət məsələsi olmayacaq. Buna görə də, onu mütləq bölgədə gedən ümumi proseslərin kontekstində nəzərdən keçirmək lazımdır.
***
Son günlər həm dünyada, həm də regionda gedən proseslər Ermənistanın vəziyyətinə və gələcəyinə təsir göstərə biləcək mahiyyətdədir. Çoxdan gözlənilən Putin-Bayden görüşündən sonra Rusiya-Amerika qarşıdurmasının hərarəti bir qədər azalıb. Bu, onların Güney Qafqazdakı rəqabətində də özünü göstərəcək.
Eyni zamanda, NATO Sammitində Rəcəb Tayyib Ərdoğanın həm Bayden, həm də Makronla görüşləri Türkiyə-ABŞ və Türkiyə-Fransa vektorlarındakı gərginliyin mülayimləşməsinə səbəb olub.
Belə vəziyyətdə Qərbin Güney Qafqazda Ermənistandan Türkiyə və Rusiyaya qarşı istifadə etmək planlarında müəyyən yumşalmalar mümkündür. Dolayısı ilə, onlar Rusiyanın öz istədiyi namizədi hakimiyyətə gətirməsinə ciddi şəkildə mane olmadan, sadəcə, kompromis variantları razılaşdıra bilərlər.
Bu həftə İranda keçirilən prezident seçkisində şərti olaraq “mühafizəkar” sayılan qanadın nümayəndəsi, İran Ali Məhkəməsinin sədri İbrahim Raisi qalib gəldi. İranda “mühafizəkar” və “islahatçılar” adlandırlan qanadların əsas fərqi Qərblə dialoqa münasibətdə özünü göstərir. Mühafizəkar Raisinin seçilməsi o deməkdir ki, rəsmi Tehran Bayden adminstrasiyası ilə münasibətlərin sıxlaşdırılmasına o qədər də həvəslə can atmayacaq. Bu da öz növbəsində, Amerikanın Güney Qafqazda kifayət qədər ehtiyatlı addımlar atması və mülayim siyasət yürütməsinə təsirini göstərəcək. Çünki Ərdoğanın “3+3” formatındakı 3 regional gücün ikisi – Rusiya və Türkiyə ilə Amerika yenicə anlaşıb, biri – İran ilə isə Nüvə Sazişini bərpa etməyə çalışır. Bu halda Ermənistan amilindən istifadə etməklə regional proseslərə saymazyana müdaxilərər Vaşinton üçün uyğun variant deyil. Amerika böyük ehtimalla, 3 regional güclə daha çox hesablaşmağa çalışacaq. Bu isə Ermənistanın qarşıdakı dövrdə Şimalla Qərb arasında manevr imkanlarını xeyli azaldır.
***

Amma yenə də Ermənistandakı seçkinin nəticələrini proqnozlaşdırmaq olmur. Birincisi o sadə səbəbdən ki, bunun üçün əsas alət olan sosial sorğular Ermənistanda tamamilə diskreditasiya olunub. Onların hamısı feykdir və bir-birini istisna edirlər. Eyni gündə keçirilən üç sorğunun biri Paşinyanın, digəri Koçaryanın böyük fərqlə favorit olduğunu göstərir, üçüncüsü isə bunların ikisini də inkar edirsə, onların heç birinə inanmaq mümkün deyil. Yəqin ki, sabah “exit-pol”lar da eyni dərəcədə fərqli və saxta nəticələr göstərəcəklər. Ermənilər hətta dünyada bu işdə ən güvənilən marka olan “Gallap”ı da saxtalaşdırmağı bacarıblar. Məlum olub ki, onun yerli şöbəsinin rəhbəri, biznesmen Armen Navasardyan Koçaryanın komandasının üzvüdür. Bundan sonra Amerikanın “Gallup International” şirkəti Ermənistanın yerli “Gallapı”nın onlara heç bir aidiyyətinin olmadığını rəsmən bəyan etməli oldu.
Nəticənin proqnozayatımsızlığını şərtləndirən ikinci səbəb isə mümkün “kinder-sürpriz”lərin olması ehtimalının böyüklüyüdür. Sosioloqlar adətən, bu faktoru sevmirlər. Bəzən seçki kampaniyası zamanı hər iki favoritdən bezən kütlə səsini heç kimin gözləmədiyi namizədə verir. Bundan sonra hökumətin qurulması məhz onun – həmin o “kinder-sürpriz”in mövqeyindən, tələb və kaprizlərindən asılı olur.
Xarici faktorlara qayıtsaq, regionda maraqları kəsişən qüvvələr, yəqin ki, Ermənistanda çox həssas tarazlıq üzərində qurulmuş parlamentin və ona uyğun koalisiya hökumətinin yaranmasında maraqlı ola bilərlər. Çünki bu halda qalib və məğlub olmur, sadəcə olaraq, qarşıdurma, mübarizə uzadılır. Əlbəttə, Koçaryanla Paşinyanı eyni koalisiyada təsəvvür etmək mümkün deyil, amma biri hökuməti quranda digərinin proseslərə güclü təsir imkanına malik “ana müxalifət” olması, yəqin ki, indiki mərhələdə Rusiya ilə Qərb üçün kompromis varianta çevrilə bilər. Sanbahkı seçki növbədənkənardır və onun keçirilməsində məqsəd ölkəni müharibədən sonra yaranan siyasi qarşıdurmadan, hökumət və idarəçilik böhranından xilas edib, vəziyyətə aydınlıq gətirmək idi. Amma belə görünür ki, hər şey tamamilə tərsinə ola bilər. İstisna deyil ki, bu seçikidən sonra əksinə, Ermənistanda həm siyasi, həm idarəçilik böhranı daha da dərinləşsin, qarşıdurma isə bir qədər də ağırlaşsın. Seçkidən sonrakı günlərdə - ayın 21-i, 22-si, 23-ü həm Paşinyan, həm də Koçaryan eyni yerdə, eyni vaxtda mitinqlər təyin ediblər. Bu, artıq indidən onu göstərir ki, gərginlik seçki ilə bitməyəcək, əksinə, bir az da dərinləşəcək. Bu isə hamıya əlavə başağrısıdır.
Hərçənd, Ermənistanda ciddi maraqları olan dövlətlərdən birinin – Rusiyanın hazırda başqa bir başağrısı da var. Bütün dünyanın pandemiya ilə vidalaşmağa hazırlaşdığı, karantin rejimini zəiflətdiyi günlərdə Rusiyanın paytaxtında əksinə, yoluxma görünməmiş sürətlə artır və yeni sərtləşmələr tətbiq olunur. Günahkar isə “COVİD-19”un “Hindistan ştammı” adlanan yeni mutasiyasıdır.
***
Hazırda Moskvada koronavirusa gündəlik yoluxma sayı gündə 10 min nəfərə çatmaqla yeni rekordlar vurur. Halbuki, paytaxta 1,5 milyon insan peyvənd olunub, kütləvi immunlaşma səviyyəsi isə 25 faizdir. Yoluxmaların 89 faizi “Hindistan ştammı” adlanan yeni mutasiyanın payına düşür. Bu isə vaksinlərin həmin mutasiyaya qarşı effektiv olmaması haqda şayiələrə səbəb olub.
Qərbdə “Delta” adlandırılan Hindistan ştammı həqiqətən də Uhan virusu ilə müqayisədə daha aqressivdir. İnkubasiya vaxtı iki dəfə azdır. Rusiyada ona yoluxanların sayı praktik olaraq, bir neçə gündə kəskin sıçrayışla artdı. Bu virusa yoluxmağın simptomları fərqlidir: iybilmə itmir, öskürək olmur, əvəzində kəskin baş və qarın ağrıları çoxalır.
Gəncləri və uşaqları da asanlıqla tuta bilir.
Hindistan ştammına yoluxanların arasında xəstəxanaya yerləşdirilməsi zəruri olanların sayı Britaniya ştamı ilə müqayisədə 2,6 dəfə çoxdur. Ona görə, son günlərdə Moskvada COVİD xəstələri üçün yerlərin sayı sürətlə artırılaraq, 20 min çarpayıya çatdırılıb. Bu ştamma yoluxanların ənənəvi protokolla müalicəsi daha çətindir.
Vaksinlərə gəlincə, onların “Hindistan ştammı”na qarşı effektsiz olmasına dair heç bir elmi sübut yoxdur. Hərçənd, Hindistan həkimlərinin dediyinə görə, yerli “Covaxin” və “Covishield” peyvəndləri vurulanların arasında yoluxanlar kifayət qədərdir. Amma bu iddia hələ ki, elmi araşdırmalarla təsdiqlənməyib. Görünür, hər şey konkret vaksinin orqanizmdə yaratdığı anticismlərin sayından asılıdır.
***
Səmimi danışsaq, artıq koronavirusla bağlı mövzulara hamı müəyyən skepsislə yanaşır və çox da ciddi qəbul etmirlər. Üstəlik, Azərbaycan da daxil olmaqla, bir çox yerlərdə yoluxmaların minimuma enməsi, vaksinasiyanın sürətlə getməsi koronavirus qorxusunu tamamilə zəiflədib. Bunu nəzərə alanda, Moskvadakı vəziyyət, orada nəyin baş verməsi xüsusilə maraqlı görünür.
Söhbətin yeni ştammdan getdiyini, Rusiyanın bizimlə həmsərhəd ölkə olduğunu, üstəlik, iyunun 22-dən Türkiyə ilə hava yollarını açdığını nəzərə alsaq, istər-istəməz, müəyyən narahatlığın yaranması təbiidir.
Digər məsələlər kimi, bunu da diqqətlə izləmək, vaxtında düzgün nəticələr çıxarmaq və əlbəttə ki, hər zaman möhkəm olmaq lazımdır. Möhkəm olun!



Teqlər: AzVision  





Xəbər lenti