#AzVision: Böyük Oyunların ssenarisini pozan Qüvvə - VIDEO

      #AzVision:    Böyük Oyunların ssenarisini pozan Qüvvə -    VIDEO
  26 İyun 2021    Oxunub:9480
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Başa çatan həftəmiz maraqlı və təhlili vacib olan hadisələrlə zəngin idi. Bu mövzuların üzərində düşünmədən həftənin nöqtəsini qoymaq olmaz.
- Böyük Oyunları pozan Böyük Qüvvə: Azərbaycan Ordusunun geosiyasi portreti
- “Minsk üçlüyü” əvəzinə “Lissabon üçlüyü”: Azərbaycan bölgəni postmünaqişə dövrünə necə keçirir
- Qara dənizin qızmar günləri: “Defender” insidenti nədən xəbər verir?



Bu gün Azərbaycan tarixində ilk dəfə olaraq, Qalib Ordunun Gününü qeyd etdik. Yeni tariximizdə ilk dəfə Ordumuz sadəcə Ordu, əsgərimiz sadəcə əsgər deyil; onlar tarix səhnəsinin xalqın qürurunu, şərəfini bərpa etmiş, vüqarını özünə qaytarmış və 102 illik problemi həll etməyi bacarmış böyük oyunçulardırlar. “Ordu” sözü dilimizdə heç vaxt bu qədər əzəmətli, “əsgər” sözü bu qədər şərəfli səslənməmişdi. Ordumuzun gördüyü işin miqyasını düzgün dərk etmək çox vacibdir. Onlar sadəcə qalib gəlməyiblər, onlar bir əsrdən çoxdur ki, Azərbaycan xalqının qarşısında duran tarixi problem çözüblər. Bəli, açıq danışsaq, Azərbaycan Ordusu ötən əsrin əvvəlində də ilk növbədə erməni təcavüzünün qarşısını almaq üçün yaradılmışdı. Bugünkü Ordunun sələfi olan Cümhuriyyət ordusu da Qarabağda şərəflə döyüşmüş, böyük qələbələr qazanmışdı.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

***
1918-ci ilin sentyabr ayının son günlərində Qrabağın erməni millətçiləri yeni yaradılan Azərbaycan hökumətini tanımadıqlarını bəyan edirlər. Oktyabrın 4-də Nuru paşanın Qafqaz İslam Ordusu Şuşaya doğru hərəkətə başlayır və Əsgəran ətrafında ermənilərlə şiddətli döyüş baş verir. 1-ci Azərbaycan diviziyası oktyabrın 8-də Şuşaya daxil olur.
Amma ermənilər sözdə təslim olsalar da, realda revanş planları qurur və güc toplayırdılar. Ermənistan hökuməti də öz ərazilərini genişləndirmək üçün Qarabağda sabitlik yaranmasını istəmirdi. Bütün bunlar gərginliyin artan xətlə inkişaf etməsi və 1920-ci ilin martında Qarabağda ermənilərin üsyan qaldırması ilə nəticələnir. Martın 29-da general-mayor Həbib bəy Səlimov Əsgərən istiqamətində ilk əks-əməliyyatı həyata keçirir. 1920 il aprelin 3-də keçirilən ikinci əks-hücum isə Cümhuriyyət Ordusunun ən uğurlu əməliyyatlarından biri kimi tarixə düşür. Ordumuz daşnakların bütün müqavimətini qıraraq, əvvəlcə Əsgəranı, sonra isə Xocalını erməni silahlı dəstələrindən təmizləyir və tezliklə Şuşaya daxil olurlar.
Onlar hələ bilmirdilər ki, 101 il keçəcək və qəhrəman nəvələri Şuşanı üçüncü, sonuncu dəfə erməni işğalçılardan azad edəcəklər.
***


Əslində Birinci Qarabağ Müharibəsi Cümhuriyyət illərində lap yeni yaranan Ordumuzun apardığı müharibə olmuşdu. SSRİ dağılanda başlayan İkinci Qarabağ Müharibəsi idi. O hesabla, 44 günlük müharibə Üçüncü Qarabağ Müharibəsi sayılmalıdır. Və ilk dəfə Cümhuriyyət dövründə üzləşdiyimiz, böyük dövlətlərin əlilə yaradılan problem bu üçüncü savaşda Ordumuzun gücüylə həll edildi.
Azərbaycan Ordusunun tarixin gərdişini necə dəyişdiyini anlamaq üçün bu regiondakı erməni məsələsinin mahiyyətini düzgün başa düşmək lazımdır. Onlar burada sadəcə xalq və ya dövlət deyillər, onlar bir əsrdən çoxdur ki, əvvəlcə Qərbin və Rusiyanın Osmanlıya, sonra isə Qərbin həm Türkiyə, həm də Rusiyaya qarşı istifadə etdiyi alətdirlər. Əlbəttə, istifadə olunma spektrləri təkcə bununla da bitmir. Söhbət böyük oyunlardan gedir. Və bugünkü Azərbaycan Ordusu həmin Böyük Oyunların ssenarisini pozan, alətini məhv edən Böyük Qüvvədir. Bölgədə ən güclü, dünyada isə “Global Firepower” təşkilatının 2021-ci il reytinqinə görə, 64-cü yerdə olan Ordumuz.
Biz, ümumiyyətlə, ordu xalqıyıq. Tarixən belə formalaşmışıq. Hər zaman xalq-rəhbər-ordu üçbucağındakı münasibətlər dövlətin varlığını və gələcəyini müəyyənləşdirən əsas meyar kimi çıxış edib. Amma həmin üçbucaqdakı münasibətlər heç vaxt indiki qədər sağlam və mükəmməl olmayıb. Bu amilin də təsirilə, hazırda Azərbaycan Ordusu tarixdəki ən qüdrətli dövrünü yaşayır. Ordu öz dövlətinin gücünün əsas dayaqlarılndan biridir, dövlət isə Ordunun və əsgərin güclü qalması üçün nə lazımdırsa, edir.



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti