NATO Rusiyaya qarşı müharibəyə hazırlaşır? – Hərbi ekspertlə MÜSAHİBƏ+ VİDEO
Maraqlıdır, Avropa Birliyi də buna hazırdırmı? Təəssüf ki, bu suala dəqiq cavab verən yoxdur. Almaniyalı deputat Sevim Dağdələn hesab edir ki, Almaniya NATO ilə birlikdə açıq-aşkar Rusiyaya qarşı müharibəyə hazırlıq aparır.
Bu fikrin arxasında nə dayandığı və Almaniya-Rusiya münasibətlərinin gələcəyinin necə olacağı ilə bağlı məsələləri rusiyalı hərbi ekspert Aleksey Xlopotov Azvision.az -ın rus versiyasının redaktoru Seymur Məmmədova müsahibəsində şərh edib.
Onun sözlərinə görə, Almaniyanın Rusiyaya müharibə elan etməsi birmənalı olaraq Rusiya-NATO savaşı anlamına gəlir. Ekspert əmindir ki, ABŞ bu konfliktə tərəddüdsüz müdaxilə edəcək və son nəticədə nüvə silahları işə düşəcək.
“Müharibə real olaraq kimsəyə lazım deyil - nə Rusiyaya, nə də ABŞ-a. Avropaya heç lazım deyil. Avropa burada ümumiyyətlə artıqdır, o sadəcə ABŞ-ın çaldığına oynayır. AB-yə daxil olsalar da, Rusiya ilə mehriban qonşuluq münasibətləri qurmaq istəyən bəzi ölkələrdə də ABŞ öz təsir agentləri vasitəsilə müəyyən münaqişələr, təxribatlar törədir. Müsal üçün, bu yaxınlarda Çexiyada olduğu kimi.
Avropa Rusiya üçün nəhəng iqtisadi tərəfdaşdır. ABŞ isə iqtisadi maraqlarını güdərək, Avropaya öz karbohidrogen ehtiyatlarını satmaq istəyir. Lakin Rusiya qazı Avropaya okeanlar vasitəsilə gətirilən, yaxud haradansa Norveçdən tankerlərlə daşınan qazdan qat-qat sərfəlidir”, - A . Xlopotov bildirib.
AB ilə AİB (Avrasiya İqtisadi Birliyi) arasında qarşılıqlı münasibətlərin inkişafına nəyin mane olmasından danışan ekspert Rusiya Federsaiyasının Krımın geri qaytarılmasına və ya annekisiyasına yönəlik siyasətinin buna başlıca əngəl olduğunu qeyd edib.
“Rusiyanın Donbasda Ukraynanın işlərinə müdaxiləsi inteqrasiya prosesləri üçün maneə yaradır. Bərabər inteqrasiya bərabər tərəfdaşlığa əsaslanır. AB ilə AİB arasında hansı bərabərhüquqlu tərəfdaşlıqdan söhbət gedə bilər?”, - A. Xlopotov deyib.