Azərbaycanın “Tik-Tok” siyasətçiləri: İki psixoloji portret

   Azərbaycanın “Tik-Tok” siyasətçiləri:    İki psixoloji portret
  05 İyul 2021    Oxunub:7468
Azərbaycanda siyasi populizmin tarixi müstəqilliyin ilk anlarından başlayır. Diletant, yaxud həvəskar siyasətçilərin siyasət meydanındakı davranışları siyasi populizmin klassik inikasıdır. Azərbaycan populizmini fərqləndirən cəhətlərdən biri onun ideoloji istiqamətlərinin yoxluğudur.
Müstəqilliyin ilk illərində meydana çıxmış siyasi partiyaların əksəriyyəti sovetlər ölkəsinin çöküşü ilə yaranmış siyasi vakuumun məhsulları idi. Onlar nizamnamə və ideoloji tələblərinə görə əsas etibarilə sağ partiyalar olsalar da, liderlərinin irəli sürdükləri şüarlar bir çox hallarda sol mahiyyət daşıyırdı. Məhz bu səbəbdən hesab etmək olar ki, Azərbaycanda siyasi populizmin sol və sağ cinahlara bölgüsü faktiki olaraq, yoxdur.
Müasir siyasi populizm, yaxud “Tik-Tok” siyasətçiləri – ARAŞDIRMA

Müstəqilliyin ilk illərində populist şüarlar və davranışlar 70 ildən çoxdur total əsarətdə və siyasətsizlikdə olan xalq tərəfindən maraqla qarşılanırdı. Məsələn, Azərbaycan siyasi populizminin “qaranquşu” Nemət Pənahlının onminlərlə insan üzərindəki “oturun-durun” əməliyyatı bəlkə də populizmdə yeni istiqamətdir – mistik populizm. Bizdə populizmin ömrünün qısa, ona maraq və inancın isə dərin olmamasının başlıca səbəbi Qarabağdakı müharibə nəticəsində torpaqlarımızın itirilməsi və müstəqilliyin ikinci ilində hakimiyyətə populistlərin gəlməsi ilə əlaqədardır. Ermənistanla müharibədə yaşanmış ağır məğlubiyyət, torpaq itkisi, şəhidlər xalqın yaddaşına sağalmaz yara kimi həkk olunmuşdu. Yalnız 44 günlük Vətən Müharibəsindəki qələbə bu yaranın sağalmasına səbəb oldu.

Müharibədə məğlubiyyət, 1 illik hakimiyyət dövründə yarıtmaz idarəçilik, dövlət anlayışına romantik münasibət, savadsız xarici siyasət nəticəsində diplomatik arenadakı uğursuzluqlar, iqtisadiyyatda böhran, bütün bunların nəticəsində üz-üzə qaldığımız vətəndaş qarşıdurması siyasi populizmin cəmi 1 hakimiyyətinin məhsullarıdır. Bu səbəbdən, milli-azadlıq hərəkatı fonunda formalaşmış populizmin demək olar, bütün simaları siyasi cəlbedicilikləri ilə yanaşı, nə vaxtsa hakimiyyətə gəlmək şanslarını itirdiklərindən, hazırda sadəcə yalnız orta statistik siyasətçi statusuna malikdirlər. Başçılıq etdikləri partiylar isə parçalanma, bölünmə və aşınma nəticəsində kiçilib simvolik forma alıblar.


Azərbaycandakı siyasi populizmin mühüm xüsusiyyəti onun güruha meyilliyidir. Bir ara yerli partiyalara münasibətdə “qaraguruh” ifadəsi işlənirdi. Güman ki, həmin termini bütövlükdə milli siyasi populizmə münasibətdə tətbiq etmək olar. Qaraguruhçuluğun başlıca mənbəyi savad və dünyagörüşü kasadlığıdır. XXI əsrdə, süni intellekt dövründə yaşasaq da, Azərbaycanda populizm təmsilçiləri hələ də bu “bəla”dan əziyyət çəkirlər. Baxmayaraq ki, əsrimizin əsas trendi olan texnoloji nailiyyətlərdən heç də pis istifadə etmirlər. Gəlin, onlarla tanış olaq.

Tik-tok siyasəti və ya sosial şəbəkə populistləri

Müasir Azərbaycanın siyasi populizmini 30 il əvvəlkindən fərqləndirən ən vacib yenilik onun sosial şəbəkələrə köç etməsidir. Buradakı savadsız kütlə yeni nəsil populizm üçün komfortlu “mübarizə” arenasıdır. İstənilən çıxış, yoxlanılmamış iddia və faktlar, səsləndirilən ittihamlar ildırım sürətilə bütün ölkəyə yayılır və populist siyasətçini göz qırpımında populyar edir. Qalanı təfərrüatdır, kütlə üçün maraqlı və önəmli deyil.

Yeni virtual populizmin Azərbaycandakı ən tanınmış simaları Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ilə Ağ Partiyanın sədri gənc Tural Abbaslıdır. Onların hər ikisi klassik populizmin nümayəndələridirlər:
- Sağ partiya olsalar da, çıxış və şüarlarında ideoloji təmayül unudulur, xüsusilə T.Abbaslı radikal sol siyasətçilərə məxsus anarxiyaya meyilli çağırışlar edir;
- Kobudluq və hədə-qorxu siyasi leksikonlarının ayrılmaz əlamətləridir;
- Daim böhran, gərginlik, xəyanət ab-havası yaratmaq əsas dəst-xəttləridir. Bu “böhranlı” vəziyyətdən çıxış yollarını göstərməklə araları yoxdur, ən populyar tezisləri bunlardır: “biz hakimiyyətdə olsaq” və ya “biz hakimiyyətə gələndə”;
- Xalqın adından xitab sevimli mübarizə üsullarıdır və s.


T.Abbaslı müasir Azərbaycan siyasətinin ən komik personajlarından biridir. Jurnalistikanı bitirib, ancaq magistratura təhsili yarımçıq qalıb. Belə demək mümkündürsə, ali təhsili tamamlanmamış birinin cəmiyyətdəki ən müxtəlif təmayüllü qüsurları “görməsi” və xalqa çatdırmasının özü bir qüsur olduğundan, onun ciddiliyinə dərin şübhələr formalaşdırır. Təbii ki, sosial şəbəkələrdəki virtual güruhu çıxmaq şərtilə.

Rəhbərlik etdiyi partiyanın adından da göründüyü kimi, T.Abbaslı hələ də romantik gəncliyin təsirləri altındadır və onun siyasət buludlarındakı komfortu tərk etməsinə hələ çox var. “Ağ Partiya” adı şübhəsiz ki, Türkiyənin hakim Ədalət və Kalkınma (İnkişaf) Partiyasından əxz olunub. Prezident Ərdoğanın partiyası qısaca olaraq “Ak Parti” adlanır və görünür ki, T.Abbaslıya ruhən güclü təsir göstərir.

O, bir vaxtlar müxalifətin əsas sütunlarından olan Müsavat Partiyasının dəhlizlərinin yetirməsidir, sonra ayrılaraq müstəqil siyasi fəaliyyətə keçsə də, bilənlər bilir ki, onun “raskrutka”sında partiyaya yaxın çevrələrin əməyi kiçik deyil. Düşərgədəki qeyri-rəsmi statusu “Əli Kərimlinin alternativi”dir. Bundan görünür ki, oynadığı əsas meydança populist kontingentin toplaşdığı məkandır. Sosial şəbəkələrdəki profillərindən və internet TV-lərdən etdiyi çıxışlarda MKİS-lərdən tutmuş, özəl şirkətlərə qədər hamının ünvanına deyinir. Məsələn, onun çıxışlarının az qala hamısında vaxtilə qardaşının işlədiyi, ancaq azad olunduğu şirkəti tənqidlə tanış olmaq mümkündür. Bu, T.Abbaslının böyük siyasətçiyə yad olan kiçik prinsiplərin dalınca qaçmasının, xırda kaprizlər aludəçisi olduğunun göstəricisidir.

T.Abbaslını xarakterizə edən əsas əlamət odur ki, dediklərinin məsuliyyətini ya dərk etmir, ya dərk etmək istəmir, yaxud da buna görə məsuliyyətə çəkilməyəcəyinə arxayındır. Bu, onun haqqında “hakimiyyətin layihəsi” imicinin siyasi kuluarlarda və mediada müzakirə obyekti olmasına səbəb olub. Maliyyə qaynaqları, partiyasının təminatı, mühafizəsi, maddi dolanışığının mənbələri açıqlanmadığından, bu şübhələrin kökləri daha da dərinləşir.

Bildiyi-bilmədiyi bütün mövzularda danışmağı sevsə də, intellektual baqajının ənənəvi Azərbaycan güruh müxalifətinin dünyagörüşündən qaynaqlandığı aşkar sezilir. Ciddi və savadlı siyasi opponentlə üz-üzə gəlmədiyindən (daha doğrusu, ciddi siyasi opponentin onunla tərəf-müqabili olmaq istəməməsindən) xarizmasını qoruyub saxlaya bilir. Məsələn, REAL funksioneri, millət vəkili Erkin Qədirli ilə internet TV-lərdən birində üz-üzə gəlməsi T.Abbaslının intellektual və ideoloji kasadlığını çox asanlıqla üzə çıxarır. E.Qədirli TV-yə şikayət edir ki, onu T.Abbaslı kimilərlə bir daha dialoqa dəvət etməsinlər, çünki ikincinin ideoloji bazisi yoxdur, onunla mübahisə və müzakirə etmək çətindir (mənasızdır). Ciddi siyasətdə həmin veriliş T.Abbaslı üçün bir mazoxizm və siyasi xarakiri aktına səbəb ola bilərdi, təəssüf ki, istehlakçı kütlənin intellekt yaxınlığı onu bu quyudan dartıb çıxardı.

T.Abbaslı Azərbaycanda “Tik-tok siyasətçisi” kimi fenomenin əsasını qoyub. Bu sosial şəbəkə ilə az-çox tanış olan bilir ki, mahiyyət etibarilə əyləncə təmayüllüdür və siyasətçi üçün bu virtual meydan qeyri-ciddilik əlamətidir. Ancaq görünür, T.Abbaslı bunun fərqində deyil. Telekanalların birindəki çıxışında dediyi kimi, “ona bir savadlı şəxsdənsə, iki savadsızı daha önəmlidir”. Abbaslının arifmetikası sadədir: İki birdən çoxdur...

Virtual siyasi populizmin daha bir üzdə olan nümayəndəsi də VİP sədri Əli Əliyevdir. Onun da rəhbərlik etdiyi partiyanın adı seçilərkən Türkiyənin hakim partiyasından qaynaqlandığı hiss olunur. “İnkişaf” ifadəsinin AKP-dən əxz olunduğu istisna deyil. VİP abreviaturasının özü artıq siyasət üçün qeyri-ciddilik əlamətidir.


Ə.Əliyev ənənəvi müxalifət düşərgəsinin təmsilçisidir. AXC və AMİP-in “şineli”ndən çıxıb, heç birinin tarixinə xüsusi olaraq düşməyib, hərçənd siyasi keçmişini tez-tez xatırlmağı, səthi misallar gətirməklə digərlərindən sanki bir baş üstün olduğunu “sübut” etməyi sevir. Əgər T.Abbaslı ali təhsilini yarımçıq qoyubsa, Ə.Əliyevin elmi fəaliyyəti natamamdır. Güman ki, uğursuz siyasi keçmişində bu natamamlıq kompleksinin ciddi izləri qalıb. Xalq adından danışmaqda artıq dünyasını dəyişmiş Uqo Çavesi geridə qoyub: “Hakimiyyətdəkilər bəlkə düşünürlər ki, Qarabağda erməniləri onlar məğlub ediblər? Xalq udub bu müharibəni!” məzmunlu bəyanatlar verməyi sevir. Bütün müharibələri xalq udur, ancaq bunu dilə gətirməyin xüsusi şarmı var, Ə.Əliyev sanki demək istəyir: “Xalq mənəm!”
Yeri gəlmişkən, xalq adından səsli-küylü nitqlər etməyi sevən Ə.Əliyev virtual aləmdən fərqli olaraq, real dünyada elə də böyük dəstəyə malik deyil. Məsələn, onun son parlament seçkilərində qazandığı səslərin sayı real elektoral “qüdrət”ini göstərir: təqribən 700 səs... 31 min seçicisi olan dairədə!

Qayıdaq bir daha Qarabağ müharibəsinə. Ə.Əliyev 44 günlük Vətən müharibəsindən bir neçə ay əvvəl “Facebook”dakı profilindən bəyan edirdi: “Məni müdafiə naziri təyin edin, 6 aya işğal altında olan torpaqları qaytarım”. Dərhal da əlavə edirdi: “Bunu hansı yollarla edəcəyimi bölüşmək niyyətində deyiləm”. Göründüyü kimi, klassik populizm nümunəsidir və Ə.Əliyevin mübarizəsini texnoloji baxımdan yeni dünya – virtual aləmə köçürməsinə baxmayaraq, özü hələ də çıxdığı düşərgənin ideoloji əsarətində qalıb. Onun 6 ay ərzində Qarabağı hansı güc, kadr, maddi-texniki baza ilə azad edəcəyini deməsinə ehtiyac yoxdur, əsas tezisi bəyan etməsi yetərlidir: virtual qaragüruhun ideoloji qidası üçün bu, kifayətdir. Ancaq rəhbərlik etdiyi siyasi partiyanın kadr potensialı, rəhbər və funksioner ehtiyatına, daha doğrusu, onun yoxluğuna nəzər yetirdikdə, 6 aylıq hərbi əməliyyatın “konturları”na dair təsəvvürlərə malik olmaq mümkündür.

Ə.Əliyev də həmkarı T.Abbaslı kimi dialoq zamanı tərəf-müqabilindən aldığı zərbələrdən dərhal özünə gələ bilmir. Məsələn, onun millət vəkili Elman Nəsirovla TV-dəki deyişməsi zamanı əvvəl 3 övlad atası olduğunu, sonra 1 övladının olduğunu deməsi, 3 uşaq atası olduğunu demədiyini iddia etməsi (cəmi bir neçə dəqiqə ərzində) göstərir ki, Ə.Əliyev də ona tamaşa edən elektoral və tamaşaçı kütləsi ilə səmimi deyil. Başqa sözlə, klassik populizm...

Sapiens Analytics
Xüsusi olaraq Azvision.az üçün


Teqlər:   Populizm  





Xəbər lenti