“Taliban" dəyişib və daha qorxunc olub” - Səfirlə MÜSAHİBƏ

 “Taliban" dəyişib və daha qorxunc olub” -  Səfirlə MÜSAHİBƏ
  05 Avqust 2021    Oxunub:10801
Əfqanıstanın Azərbaycandakı səfiri Amanulla Ceyhun Azvision.az - a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab səfir, ABŞ və NATO qoşunlarının Əfqanstandan çıxması “Taliban”ın əl-qolunu açdı. Mövcud vəziyyət Azərbaycanda da narahatlıqla qarşılanır. Bu gün vəziyyətlə bağlı xarici mediada müxtəlif məlumatlar yer alır. Hazırda durum necədir?

- Bu günlərdə Əfqanıstandakı vəziyyət medianın gündəminə çevrilib. Bəzi KİV-lər, təəssüf ki, Əfqanıstan haqqında doğru xəbərlər vermir. Vəziyyətə gəlincə, həqiqətən də hazırda ölkəmizdə qarışıq və çətin bir durum var. Əfqanıstan xalqı ağır günlərini yaşayır. Amma ümid edirik ki, bu vəziyyət keçicidir. Bilirsiniz ki, Əfqanıstanda “Taliban”dan sonra 20 il ərzində ABŞ və NATO qüvvələri sülh yaratmaq üçün çalışdılar. Əfqanıstanda 2001-ci ildən indiyə kimi çox dəyişikliklər baş verib.

Məsələn, “Taliban” hakimiyyətdən getdikdən sonra ölkəmizdə məktəblər çox az idi, qızlar məktəbə gedə bilmirdi, ticarət mövcud deyildi. Lakin indi vəziyyət xeyli yaxşılaşıb. Əfqanıstanda hazırda 7 milyon uşaq məktəbə gedir, bunun 40 faizi qızlardır. Ölkə parlamentində qadınların sayı 30 faiz təşkil edir. Xanımlar hər bir sahədə söz sahibinə çevriliblər. “Taliban” bu günərdə Əfqanıstanı qarışdırdı. Niyə belə oldu? Çünki biz iki il sülh üçün çalışdıq. Əfqanıstan Silahlı Qüvvələrini müdafiə üçün gözlətdik.

Dedik ki, siz döyüşməyin, biz sülhə gedəcəyik. ABŞ isə deyirdi ki, öz qüvvələrini Əfqanıstandan çıxaracaq. Amma nə zaman və necə çıxacaqları bəlli deyildi. Ona görə də aprelin 4-dən ABŞ “Taliban”la görüşlərə başladı. Bu görüşlər əsnasında o vaxtkı prezident Donald Tramp qoşunların Əfqanıstandan çıxması ilə bağlı Tvitter hesabında paylaşım etdi. Bu paylaşım “Taliban”ı ruhlandırdı. ABŞ-ın yeni prezidenti Co Bayden isə bəyan etdi ki, qoşunlar Əfqanıstandan çıxacaq, amma ölkənin silahlı qüvvələrini tək buraxmayacaqlar. Rəsmi Kabul bunu xoş qarşılayacağını bildirdi.



ABŞ çıxmağa başladığı vaxt bizim ordumuz Əfqanıstanın hər yerinə səpələnmişdi. Hava logistikasını ABŞ tərəfi həyata keçirirdi. ABŞ qoşunları çıxdıqdan sonra hava qüvvələrimiz bunu həyata keçirə bilmir. Ona görə də qoşunları bir araya toplamağı qərara aldıq. Bu zaman bir qədər problem yarandı. Bəzi əsgələrimiz müharibə zamanı həlak olub. Bir ay keçib və biz qoşunlarmzı bir qədər toplamağa nail olmuşuq. Bundan sonra hücuma davam edəcəyik. Amma hazırda bir qədər çətin günlər yaşayırıq . Xarici mediada bizə neqativ bir baxış var, lakin əfqan xalqı bu çətinlikdən çıxacaq. Bir neçə gün əvvəl Tacikistanın prezidenti də bəyan etdi ki, bu günlər müvəqqətidir və əfqan xalqına köməyimizi əsirgəməyəcəyik.

Əlbəttə ki, mövcud vəziyyətdən ən çox ziyan görən əfqan xalqı oldu. İndi xalq da silahlanmağa başlayıb. Bir neçə gün əvvəl Heratda bütün xalq gecə 9-da küçələrə çıxaraq, Əfqanıstanın milli ordusuna dəstək verdi. Yəni Əfqanıstanda “Taliban” güc yolu ilə höküməti ələ keçirə bilməz.


- Niyə beynəlxalq koalisiya 20 ildə Əfqanıstana sülh gətirə bilmədi? “Taliban” daha güclü oldu, yoxsa Əfqanıstanda sülhün və sabitliyin olmasını istəməyən qüvvələr var?

-Biz əfqan xalqı olaraq hər zaman sülhün tərəfindəyik. İki il Dohada sülh üçün çalışdıq. Burda iki səbəb ola bilər - ya Dohada danışıqlar aparan “Taliban” nümayəndələrinin vuruşan yaraqlılarına sözü keçmir, ya da ki, onlar sülhü sözdə dəstəkləyirlər, realda isə döyüş istəyirlər. Bölgəmiz strateji cəhətdən böyük önəmə malikdir. Təəssüf ki, bəzi ölkələr “Taliban”dan öz maraqları üçün istifadə etmək istəyirlər. Düşünürlər ki, əgər “Taliban” hakimiyyəti ələ keçirsə, onlarla strateji tərəfdaş olacaq.

Tramp Əfqanıstana görə hərbçiləri məhkəməyə verəcək
Düşünürlər ki, Əfqanıstanda indiki vəziyyət qalsa, Hindistanla dost olacaq. Biz bunu hər zaman söylədik: Pakistan bizim qonşumuzdur, biz müsəlman ölkəsiyik. Pakistan da müsəlman dövlətidir. Əgər Pakistan da bizə dəstək olsa və problemi sülh yolu ilə həll etsək, çox yaxşı olar. Amma hesab edirlərsə ki, “Taliban” gələcək, Əfqanıstan hökuməti çökəcək, belə deyil. Çünki “Taliban” hakimiyyətə gəlsə, ona qarşı yenə savaş olacaq. Bu, Pakistan üçün də yaxşı hal deyil. Biz Pakistanla sülh içində yaxın münasibətdə olsaq, bu həm Pakistan, həm də Əfqanıstan üçün yaxşı olar.

Amma “Taliban” gəlsə, bu, Pakistanı xoşbəxt edəcəkmi, əlbəttə ki, yox. Bu durum Pakistana da sıçrayacaq. Biz 20 il sülh üçün çalışdıq, amma bəzi ölkələr Əfqanıstanda ABŞ qüvvələri olduğu üçün sülh istəmədilər. Məsələn, İran, Rusiya ABŞ-ın olmasını özlərinə qarşı yönəlmiş addım kimi hiss etdilər. Əfqanıstanın problemi tək bizim deyil, bölgənin problemidir. Ona görə də bölgə istəsə, Əfqanıstan xalqı daha az əzab çəkər. 43 ildir əziyyət çəkirik. Əfqanıstana müharibəni ABŞ-Rusiya, Hindistan-Pakistan qarşıdurması gətirdi. Hazırda bizim qonşularımızdan, bölgədən və dünyadan istəyimiz budur: əfqan xalqı çox əzab çəkdi, çox ağır günlər yaşadı, odur ki, nəhayət, sülhün bərqərar olması üçün bizə yardımçı olsunlar.

- Bir neçə gün əvvəl Əfqanıstanın xarici işlər naziri bildirdi ki, hakimiyyəti “Taliban”la paylaşmağa hazırdırlar. Sizcə, “Taliban”ın mülayim qanadı varmı, onlarla müzakirələr aparmaq, hakimiyyətdə təmsil olunmaları ilə razılşamaq mümkündürmü? Mülayim qanad hakimiyyətlə əməkdaşlıq edərsə, radikal qanadın buna münasibəti necə olacaq?

- Mən sizə söylədim, Dohada danışıqlar aparan taliblərin ya cəbhədə döyüşən silahlılara sözləri keçmir, ya da ki, onlar sözdə sülh deyib, əməldə müharibə edirlər. Biz 2014-cü ildən onlara söyləyirik ki, siyasi proseslərdə iştirak edin, seçkilərə qatılın, indi də deyirik, hökimətdə təmsil olunun. Amma onlar islam xilafətini quracaqlarını bəyan edirlər. “Taliban” indi daha aqressiv olub. Biz yol çəkirik, onlar bomba qoyub, məhv edir, biz məktəb tikirik, “Taliban” dağıdır. Bir neçə gün əvvəl 600 nəfərə yaxın “Taliban” silahlısı məhv edilib. Onlar hər şeyə özləri qərar vermək, hər kəsi özlərinə tabe etmək istəyirlər. Bu cür sülh olmaz axı. Əfqan xalqı heç vaxt təslim olmayacaq, həmişə mübarizə aparacaq. Biz döyüşü dayandırsaq da, “Taliban” dayandırmayacaq. “Taliban”ın arxasında bəzi güclər var. “Taliban”ın onların marağına uyğun olduğunu düşünürlər. Amma elə deyil. Bir evi yandıranda, atəş ətrafa da yayılır. Bilirsiniz ki, “Taliban” 7 min məhbusun buraxılması tələbini irəli sürüb. Biz 5 min məhbusu azad edib, nəticəsini gördük.

- Türkiyə Əfqanıstanda qalacağını bəyan edib. Bu, Əfqanıstan üçün nə deməkdir?

- Türkiyə ilə Əfqanıstanın dostluğunun çox qədim tarixi var. Diplomatik münasibətlərimizin isə rəsmi olaraq 101 illik tarixi mövcuddur. Bir neçə gün əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu əfqan mühacirlərin Türkiyəyə gəlişinə etiraz edənlərə dedi: “Çünki 1914-cü il müharibəsində əfqan qadınları qızıl əşyalarını satıb pulunu Türkiyəyə göndəriblər. Çanaqqalada əfqan şəhidlərimiz var. İndi əfqan xalqının bizə ehtiyacı olanda, onlara necə yox deyə bilərik?!”.

Türkiyənin Əfqanıstanla heç bir sərhədi yoxdur. Müharibə vaxtı Türkiyə öz əsgələrini təlim keçmək üçün Əfqanıstana göndərdi. İndi Türkiyə proseslərdə müsbət rol oynamaq istəyir. Türkiyənin Pakistanla yaxşı bir strateji anlaşması var. Əgər Pakistan bu məsələdə Türkiyə ilə əməkdaşlıq etsə, çox yaxşı işlər görə bilər. “Taliban”ın o qədər gücü yoxdur ki, hər kəsə nə etməsini diktə etsin. Qərb mediasının “Taliban”ı çox böyük və güclü təqdim etməsinin səbəbini anlamıram. Türkiyə Əfqanıstanın rəsmi, qanuni dövləti ilə danışacaq. Bilirsiniz ki, Türkiyə Əfqanıstan üzrə sülh konfrasının İstanbulda keçirilməsini istədi. Lakin “Taliban” bunu qəbul etmədi. Çünki sülh istəmir. Əfqanıstan əsgərləri bu gün yalnız taliblərlə deyil, 28 terrorçu qrupla döyüşür. Onlar arasında “Əl-Qaidə”, “İŞİD”, “Əl-Nüsra”, Tacikistan, Özbəkistan, Qafqazdan və digər yerlərdən olan terrorçu qruplar var.

Onlar “Taliban” üçün zəmin hazırlamaq istəyirlər. “Taliban” Əfqanıstanı ələ keçirsə, onlar geri qayıtmaq istəyəcəklər. Əfqanıstanda döyüş gedirsə, bu o deməkdir ki, gənclər ölkədə qalmaq istəməyəcək, Türkiyəyə, Avropaya üz tutacaqlar. Bu müharibənin pula ehtiyacı var. Pul haradan gələcək? Narkotik qaçaqmalçılığından. Terrorçular ortaya çıxacaq. Əfqanıstanda döyüş olacaqsa, üç problem meydana gələcək: qaçqınlar, narkotika və terrorçular. Ondan sonra Türkiyə və dünya üçün çətin olacaq. Buna görə də, Türkiyənin Əfqanıstanda olması həm bizim, həm də digər ölkələr üçün vacibdir.


- Cənab səfər, humanitar vəziyyət necədir? BMT artıq Əfqanıstanın humanitar böhranla üz-üzə qaldığını açıqlayıb...

- Biz yaxşı xəbərlər almırıq. “Taliban” yaraqlları çox sayda cinayətlər, soyqırım törədirlər. İnsanların başını kəsirlər, qadınları qaçırırlar, uşaqlar yetim qalır. Bu müharibədən indiyədək 172 min ailə, 13 milyon insan zərər görüb. BMT vəziyyətlə bağlı açıqlama yayıb. “Taliban” müharibə cinayətləri törədir. Bəzi ailələr var ki, tək bir geyimlə evdən çıxıb.

- Vəziyyət kifayət qədər çətindir. Əfqanıstan bunun öhdəsindən gələ biləcəkmi? Sizcə, yaxın gələcəkdə nələr olacaq?

- Vəziyyət artıq dəyişib. Bundan əvvəl “Taliban” gələndə xalq onu qəbul edirdi. Yəni düşünürdü ki, onlar sülh gətirəcək. Əksinə, vəhşilik gördülər. Xalq artıq “Taliban”ı tanıdığı üçün onu istəmir. Deyirdilər ki, “Taliban” dəyişib, əvvəlki deyil. Ancaq bəzi yerləri ələ keçirdikdən sonra gördülər ki, daha da aqressiv, radikal olub. Bayaq mən Heratı nümunə gətirdim.

5 milyon insan evindən çıxaraq milli orduya dəstək verdi. İndi təkcə əsgərlər deyil, xalq da “Taliban”la döyüşür. “Taliban” xalqın bu əzmkarlığı qarşısında heç nə edə bilməz. ABŞ-ın ölkəni qəfil tərk etməsi bizə problemlər yaratdı, amma artıq xalq bir araya gəlib. “Taliban” mövcud olduqca çətinlik çəkəcəyik, uşaqlarımız yetim, xanımlarımız dul qalacaq, amma o, güc yolu ilə hakimiyyətə gələ bilməyəcək.



- Azərbaycanla Əfqanıstan arasında hər zaman yaxın dostluq münasibətləri olub. Hazırda münasibətlər necədir və bu proseslərdə Azərbaycanın dəstəyini, rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan bizim çox yaxın dostumuz, önəmli coğrafiyaya sahib dövlətdir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan güclü bir ölkə olaraq bölgədə öz yerini daha da möhkəmləndirdi. Bizim aramızda dostluq, qardaşlıq münasibətləri var. İki prezidentin yaxın təmasları mövcuddur. Azərbaycan 2002-ci ildən bu yana Əfqanıstandakı sülhyaratma prosesinə öz töhfəsini verir. Eyni zamanda, əfqan xalqına dəstək və kömək hər zaman davam edib. Bizim tələbələrimiz, hərbçilərimiz Azərbaycanda təhsil alır. Azərbaycan xalqı, Prezident İlham Əliyev əfqan xalqına dəstəyini hər zaman davam etdirəcək, öz köməyini xalqımzdan əsirgəməyəcək.

Biz ticari əlaqələri Lazurit yolu ilə inkişaf etdimək istəyirik. Siyasi münasibətlərimiz çox yüksək səviyyədədir. Biz hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan hər zaman Əfqanıstanın yanındadır. Bilirəm ki, Azərbaycanın Pakistan ilə də çox yaxşı münasibətləri var. Düşünürəm ki, Azərbaycan Pakistanla münasibərlərindən Əfqanıstanda sülhün bərqərar olması üçün istifadə edəcək.

- Belə başa düşdüm ki, Əfqanıstandakı vəziyyətlə bağlı ölkələrimiz arasında hər hansı sahələr üzrə danışıqlar getmir?

- Əfqanıstanda ilk dəfə olaraq Azərbaycan səfirliyi açılacaq. Bu, bizim üçün çox mühümdür. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti Əfqanıstana səfir təyin etdi. Kabildə Azərbaycan səfirinin fəaliyyt göstərməsi əlaqələrimizi daha da inkişaf etdirəcək. Bu, bizim üçün çox gözəl xəbərdir. Azərbaycanın sülhməramlıları hələ Əfqanıstanda fəaliyyətlərini davam etdirirlər. Onlar sülh üçün çalışırlar.

- Azərbaycanlı sülhməramlılar Əfqanıstanda qalacaqmı, yoxsa onlar da ölkəni tərk etməlidir?

- Bu mövzu hələ müzakirə edilməlidir. Çünki NATO qoşunları avqustun sonunadək çıxmalıdır. Hələ bir aya yaxın vaxt var. NATO Əfqanıstanla yenidən anlaşma imzalayacaq və Türkiyə orada qalacaq. Düşünürəm ki, Türkiyə NATO ilə müqavilə imzaladıqdan sonra Azərbaycan qüvvələri istəklərinə uyğun olaraq Əfqanıstanda qala bilərlər.

- Türkiyə Əfqanıstanda NATO-nun razılığı ilə qalacaq?

- Türkiyə buna özü razılıq verəcək, amma bəzi şərtlər NATO və ABŞ ilə danışılıb. Lakin yekun qərar hələ verilməyib. Türkiyənin milli müdafiə naziri Hulusi Akar da bildirdi ki, Əfqanıstan ordusunda təlimlər davam etdiriləcək.

- Azərbaycanın azad edilmiş ərazilərində bir sıra dost ölkələrin şirkətləri bərpa-yenidənqurma işlərinə cəlb olunub. Əfqanıstanla bu mövzuda hər hansı müzakirə aparılıbmı?

- Bizim bəzi şirkətlərimiz bu barədə düşünüblər. Amma ölkəmizdə güclü şirkətlər yoxdur. Gürcüstanda bəzi şirkətlərimiz müəyyən işlər görürlər, Azərbaycana isə hələ gəlməyiblər. İqtisadi baxmdan müəyyən planlarımız olsa da, ölkədəki son hadisələr bunu ertələdi.

- Cənab səfir, bilirsiniz ki, Azərbaycanın azad olunmuş əraziləri Ermənistan tərəfndən minalanıb. Əfqanıstan da bu problemi yaşayır. Ölkənizin qeyd edilən sahədə təcrübəsi varmı?

- Mən ANAMA-da görüş keçirdim. Mina çox çətin bir problemdir. Əfqanıstan 40 ildən çoxdur ki, minlaradan əziyyət çəkir. Təəssüf ki, bu günlərdə “Taliban” da əraziləri minalayır. Bu problemin həlli zaman tələb edir. Biz bu məsələ ilə bağlı Azərbaycanla müzakirələr aparmaq üçün Əfqanıstandan nümayəndələr gətirmək istəyirdik. Amma “Taliban”ın hücumu bunun qarşısın aldı. Əfqanıstanın Ərgandab adlı bir rayonu var və onun hər kvadrat metri minalanıb. Üç QHT bu istiqamətdə çalışır. Bizim bu sahədə təcrübəmiz var, amma təchizatımız yüksək səviyyədə deyil, əllə axtarış aparılır, itlər də var. Amma alətlərlərimiz çox primitivdir.



- “Taliban”ın siyasi ofisinin nümayəndələri Çində, Rusiyada rəsmi səviyyədə görüşlər keçiriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da onlarla görüş keçimək niyyətini açıqlamışdı. Bu cür müzakirələrin Əfqanıstan xalqı üçün faydası nədir?

- “Taliban” qara siyahıdadır, lakin sentyabr ayına kimi bu cür görüşlər keçirmələri üçün icazələri var. Sentybar ayından sonra artıq bu, olmayacaq. Məsələn, Çinə getdilər və orada onlara deyildi ki, terrorçularla əlaqəni kəsin. Bu bizim üçün yaxşı xəbərdir. Rusiyadakı görüşdə bildirildi ki, Tacikistan sərhədi KTMT-yə aiddir. Amma hər kəs “Taliban” hökumətini qəbul etməyəcəyini söyləyir. Bizim istədiyimiz budur ki, regional ölkələr sülh üçün çalışsınlar. Bəzi ölkələr onları dəvət etməzdən əvvəl Əfqanstan XİN-dən razılıq alırlar.

- Xarici qoşunlar çıxandan sonra səfirliklərin də bağlanacağı bildirilirdi. Bununla bağlı vəziyyət necədir?

- ABŞ Əfqanıstan üçün yeni bir komandan təyin edib, amma o, Kabildə yox, Dohadadır. Əfqanıstanın müdafiəsi üçün 3 milyard dollar vəsait ayırıb. Bundan əlavə, bu il insani yardım üçün 300 milyon ayırıb. USAİD Əfqanıstanda qalacaq. Heç bir səfirlik bağlanmayacaq. Avstraliya səfiri çxmışdı, amma yenidən geri qayıtmaq istəyir. Ona görə də, burda Türkiyənin rolu çox önəmlidir. Söhbət hava limanının qorunmasından gedir. Əgər hava limanı qorunmasa, xarici missiyalar ölkədən çıxa bilər. Hər ölkə qalacağını bəyan edib.

Bildirmək istəyirəm ki, Əfqanıstan qadınlarının 20 ildə qazandıqları çox olub. Biz istəyirik ki, dünya əfqan qadınlarının səsini eşitsin və “Taliban” öz vəhşilikləri ilə onları yenidən evlərə qapatmasın. Bizim xanımlarımız indiyədək çox əziyyət çəkib. Hamı deyirdi ki, “Taliban” dəyişib, bəli dəyişib, amma daha da aqressiv, radikal olub. Mən bir neçə gün əvvəl bacımın qız nəvəsi ilə telefonda danşdım, o ağlayırdı və deyirdi ki, oğlan şagirdlər məktəbə gedir, amma o gedə bilməz, çünki qorxur.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   Səfir    





Xəbər lenti