Xüsusi təyinatlıları məktəbə aparan qüvvə - VİDEO

Xüsusi təyinatlıları məktəbə aparan qüvvə - VİDEO
  22 Sentyabr 2021    Oxunub:7516
Bu il məktəbə ilk dəfə qədəm qoyanlardan biri də Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Şəhriyar Abdullayevin qızı Zəhra Abdullazədədir.
Şəhriyar Abdullayev qızının Sumqayıt şəhəri 28 saylı tam orta məktəbdə oxumasını istəyirdi. Ötən il təlimdən qayıdandan sonra sentyabrın 24-də Zəhranın sənədlərini məktəbə gətirir, Sevda müəllimənin sinfində məktəbəqədər hazırlığa yazdırır. Qızına isə deyir ki, məktəbə gedəndə deyərsən “Mən qəhrəman Şəhriyarın qızıyam”.

Həyacanlı olan Zəhra məktəbdə darıxmadığını deyir: “Məktəb maraqlıdır, dostlarımla danışıram. Atam mənə deyirdi ki, “atan səni ən birinci məktəbə yazdırdı”. O, əlaçı olmağımı istəyirdi. Çalışacam ki, yaxşı oxuyum, onun arzusunu reallaşdırım”.



Zəhranı məktəbə gətirən şəhidin xanımı Zülfiyyə Abdullayeva bu günün qürurverici hiss olduğunu bildirib:

“Şəhriyarın qızları ilə bağlı böyük arzuları var idi. Hiss edirəm ki, şəhidimiz bizimlədir. Şəhidimizin yoxluğuna o qədər də pis olmuram. Şəhidlər ölmür və o, qızının yanındadır.



Ötən il sənədlərini məktəbə verəndə mənə demişdi ki, “hər nə olursa olsun, Zəhranı məktəbdən çıxarma”. Müəlliməsi ilə də danışdı. Zəhranı burada oxudacam ki, şəhidimin ruhu şad olsun. Balaca qızımı da bu məktəbə yazdırmışam, onunla birlikdə gedəcək.

Şəhriyarla sonuncu dəfə danışanda mesaj yazdım ki, müharibədir, hər şey ola bilər, uşaqlarını necə böyütmək istərdin? Mənə səs göndərdi ki, “balaca qızım hərbçi, ya polis, Zəhra da həkim olmalıdır. Nə olursa olsun onu oxutmalısan”. Mən onun arzularını reallaşdıracam.



İlk dərs günündə Zəhranı atasının döyüş yoldaşları da tək qoymayıb. Şəhriyarla birlikdə xidmət edən hərbçilər daim Zəhranın yanında olacaqlarını bildiriblər:
“Şəhid olan döyüş yoldaşlarımızın balalarının hər birinin məktəbə getməsində iştirak etmək istərdik. Pandemiyaya görə ətraflı iştirak edə bilmədik. Zəhranın atası cismən bizimlə olmasa da, ruhən daim bizimlədir. Şəhriyarın balasının təkcə birinci sinfə getməyində deyil, bundan sonra nələr olacaqsa, daim biz onun ətrafında, yanlarında olacayıq.



Biz Şəhriyarla 7 il bir yerdə xidmətdə olmuşuq. Ailəsinə, övladlarına bağlı hərbçi idi və hərbçi adına layiq insan idi. Onun bu mərdliyi, cəsarəti, onu ən uca zirvə olan şəhadətə yüksəltdi. Müharibə zamanı imkan yarananda ailəsi ilə danışmağa çalışardı. Gələndən sonra gözləri dolardı. Nə olduğunu soruşardıq, heç nə deməzdi. Kənardan soruşanda deyirdi ki, “Qızlarım deyir, ata nə zaman gələcəksən? Gələndə mənə, bunu al, onu al”. Dəyərli bir insan idi”.



Digər şəkillərə fotolentdə baxa bilərsiniz:

Aytən Zəhra
Foto:Anar Bayramlı

Azvision.az

Qalereya




Teqlər: Şəhriyar-Abdullayev   Zəhra   1-cisinif  





Xəbər lenti