Ərdoğan Bakıya niyə gəlir? - TƏHLİL

Ərdoğan Bakıya niyə gəlir? - TƏHLİL
  03 Aprel 2014    Oxunub:1410
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və inkişaf Partiyasının bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanması hakim partiyanın ölkə daxilində mövqelərinin yenidən bərqərar olması və növbəti seçkilərə qədər həm daxili, həm də xarici siyasətdə daha əmin siyasət yürütməsi üçün ona imkan qazandırdı.

Türkiyə daxilində siyasi qüvvələr arasında seçkiöncəsi gərginliyin yaşanması Ərdoğanın xarici siyasi məsələlərə daha fəal müdaxilə etməsinə əngəl yaradırdı. Daxili çəkişmələr baş nazirin beynəlxalq nüfuzuna şübhəsiz, mənfi təsir göstərmiş, və faktiki Türkiyənin reginal və geosiyasi vəziyyətə təsir imkanları azaltmışdı. Seçki qutusundan çıxan nəticələr yenidən bu nüfuzu Ərdoğana qaytardı. Türkiyə üçün xüsusi əhəmiyyətə malik olan Krımın Rusiyaya birləşdirilməsi məsələsinə Ankaranın fəal müdaxilə etməməsi və münasibət göstərməməsi də baş nazirin daxili ictimai dayaqlarının zəifləməsi ilə bağlı idi.

Rusiya tərəfindən Ukraynanın tərkib hissəsi olan Krım yarımadasının anneksiyası ilə daha da qabaran Rusiya-Qərb qarşıdurmasına Türkiyənin daha fəal müdaxilə edəcəyini indidən əminliklə söyləmək olar. Ən əvvəl ona görə ki, Türkiyəni Krımla tarixi və etnik bağlar bağlayır. Yarımadanın köklü sakinləri sayılan tatarlar etnik türklərdir və onlar Krımda Rusiyanın yarımadanı birləşdirməsinə qarşı çıxdıqlarını bəyan etməkdən çəkinmirlər. Xatırlamaq yerinə düşər ki, Krım tatarlarının lideri Mustafa Cemilov Krımda referendum keçirilən günü Türkiyəyə səfər etmiş və baş nazir Ərdoğanla görüşmüşdü.

Digər tərəfdən Türkiyə Qara dənizə çıxışı olan dövlətlərdən biridir və Qara dənizdə hərbi-siyasi gərginliyin yaranması birbaşa Ankaranın milli maraqlarına zərbədir. Bundan əlavə Rusiyanın Krımı özünə birləşdirilməsinə cavab olaraq Qərbin Moskvaya qarşı iqtisadi sanksiya tətbiq etməsi paralel olaraq Türkiyənin də iqtisadi maraqlarına zərbə vurur. Məlumdur ki, Türkiyə müxtəlif sahələrdə Rusiya ilə iqtisadi əməkdaşlıq həyata keçirir və ölkələrarası ticari dövriyyə ilbəil artmaqdadır.

Nəhayət, Krımın anneksiyası Türkiyənin əsas tərəfdaşı olan Azərbaycana qarşı Rusiya tərəfindən təhlükələrin yaranması mümkünlüyünü artırır. Güman etmək olar ki, Ərdoğanın gözlənilən Bakı səfəri də məhz Azərbaycanla Türkiyənin Krım böhranından sonrakı dövrdə təhlükələrdən qorunmaq və mümkün qədər yaranmış vəziyyətdən faydalanmaq üçün birgə “yol xəritəsi”nin razılaşdırılması məqsədilə həyata keçirilir.

Azərbaycan açıq-aşkar Rusiyanın Krımı öz ərazisinə qatmasına etiraz etməsə də, diplomatik yollarla Moskvanın siyasəti ilə razılaşmadığını göstərən addımlar atmaqdan da çəkinməyib. Məsələn Xarici İşlər Nazirliyi öz bəyanatında Ukraynanın ərazi bütövlüyünü təsdiq etdiyini bildirib, eyni zamanda Azərbaycan BMT Baş Assambleyasında Ukraynadakı vəziyyətlə bağlı hazırlanan və bu dövlətin ərazi bütövlüyünün pozulmasını pisləyən qətnamənin lehinə səs verib. Kreml Jirinovski vasitəsilə artıq iki dəfə Azərbaycanı hədələyib və Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsini təklif edib.Təbii ki, Azərbaycan BMT Baş Assambleyasında açıq anti-Rusiya mövqeyi sərgiləməklə qarışılaşa biləcəyi mümkün risqləri hesablayıb.

Azərbaycan Rusiyanın təzyiqlərinə baxmayaraq, Ukraynaya dəstək verməsi Kiyevlə təfəfdaşlığına sadiq olduğunu nümayiş etdirdi və bununla da gələcəkdə daha sıx əməkdaşlığın yaranmasına şərait yaratdı. Ukraynanın Rusiya və Belorusla ilbəil əməkdaşlıq səviyyəsini azaldacağını nəzərə alarsaq Azərbaycan,Gürcüstan və Türkiyə üçlüyünün Ukraynanın şərqdə əsas iqtisadi əməkdaşının olacağını demək mümkündür. Eyni zamanda Azərbaycan bu addımı ilə Avropa dəyərlərinə yaxın olduğunu Qərbə nümayiş etdirdi. Ermənistanın əks mövqedə dayanması Ermənistan-Azərbaycan konfliktinə Qərblə Rusiya konflikti çalarını verdi.

Azərbaycana şimaldan gələ biləcək mümkün təhlükələrə qarşı əvvəlcədən hazır olması üçün Türkiyə ilə daha sıx hərbi əməkdaşlıq haqqında razılaşma imzalayacağını gözləmək olar. Eyni zamanda, Türkiyə-Azərbaycan hərbi ittifaqına İsrailin dəstək verməsi mümkündür.

Maraqlıdır ki, yaranmış vəziyyətdə Rusiyanın Yaxın Şərqdəki əsas tərəfdaşı olan İran Moskvanın mövqeyini dəskləməyə tələsmir və susmağı üstün tutur. İran nümayəndələri Ukrayna ilə bağlı qətnaməyə dair Baş Assambleyada keçirilən seçkilərdə də iştirak etməyiblər. Belə nəticəyə gəlmək olar ki, Amerikanın 2013-cü ilin sonunda İrana qarşı güzəştə getməsi və sanksiyaları ləğv etməsi Tehranın Ukrayna ilə bağlı neytrallığını qazanmaq üçün idi və Qərb Moskva ilə münasibətlərdə gərginliyin yaranma ehtimallarını artıq hesablamışdı. İranın neytrallığı Azərbaycanın bu mənada öz rəyini daha sərbəst bildirməsinə şərait yaradır. Tehranın belə vəziyyətdə Moskvanın mövqeyini dəstəkləməməsi Kremlin xarici siyasi xəttinin uğursuzluğundan xəbər verir. Çünki Rusiya İran-Qərb qarşıdurmasında Tehranın əsas dəstəkçisi olmuşdu.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti