"1992-ci ildə Şuşadan gətirilmiş tarixi əşyaları muzeyə verəcəyəm"- FOTOLAR

 "1992-ci ildə Şuşadan gətirilmiş tarixi əşyaları muzeyə verəcəyəm"- FOTOLAR
  27 Dekabr 2021    Oxunub:8979
Vətən müharibəsində qazanılan qələbədən sonra hər kəs Qarabağa, xüsusən də Şuşaya getməyə çalışır. Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində həlledici rol oynadı, xalqımız isə daim bu şəhəri xüsusi həssaslıqla qəbul edib.
Elə müsahibimiz Təranə Musayeva da. Təranə xanım hamının getməyə can atdığı Şuşada olmaqdan çox əlində olan tarixi əşyaları şəhər muzeyinə verməyə tələsir. Çünki özünün də dediyi kimi bundan sonra Şuşada istənilən vaxt qonaq ola, tarixi torpaqlarımıza ayaq basa bilər. Amma qoruyub saxladığı qədim əşyaları itirsə, onu bir daha tapa bilməz. Təranə Musayevanın sosial şəbəkələrdə həyat yoldaşının bir vaxtlar Şuşa döyüşləri zamanı şəhərdən tapdığı qədim pul əskinasları barədə paylaşımı diqqətimizi çəkdiyindən onunla qısa söhbət apardıq.


- Həyat yoldaşım şəkil çəkdirməyi sevmirdi deyə onun Şuşayla bağlı demək olar ki, fotoları olmadı. Həm də heç müharibə vaxtı yadına foto yox, mərmi, güllə falan düşür. O Birinci Qarabağ müharibəsində aktiv iştirak etdi. Təəssüf ki, həmin qaranlıq dövrdə, tarixi və əzəli torpaqlarımızın bir hissəsi erməni işğalı altına düşdü. Namiq də digər hərbçilərimiz kimi bu gərgin döyüşlərə, torpaqlarımızın müdafiəsinə qalxmışdı. Bizim gözəl şəhərimiz olan, nəinki Qarabağımızın gözü, Azərbaycanın, ümumilikdə Qafqazın incisi sayılan Şuşada da hərbi əməliyyatlara qatıldı. Hər kəs yaxşı xatırlayır ki, həmin qarışıq zamanda ardıcıl olaraq rayon, şəhər və kəndlərimiz işğala məruz qalırdı. Belə taleyi təəssüf ki, Şuşamız da yaşadı. Əlbəttə Şuşanın işğalı Namiqə də çox pis təsir etmişdi. Çünki Şuşa təkcə alınmaz qala, hərbçilər, döyüşən oğullarımız üçün böyük strateji ərazi deyildi, həm də qürur yerimiz idi.

- Bəs o tarixi əşyaları necə əldə edib?

- Yoldaşım Şuşadan qayıdanda özü ilə bir- iki qədim əşya gətirdiyini dedi. Əvvəlcə düşündüm ki, yəqin xatirə kimi götürüb. Sonradan məlum oldu ki, şəhər vurulanda hansısa bina uçub tökülübmüş və oradan da bu qəpiklər çıxıb. Əlbəttə Namiqin həmin xırda əşyaları özü ilə gətirməsi həm də ona görə yaxşı oldu ki, belə tarixi pullar mənfur qonşularımızın əlinə keçmədi. Fərqi yoxdur Namiq, ya başqa döyüşçü. Kim özü ilə gətirsəydi belə təqdir edərdim. Oturub qayğılı şəkildə həmin qəpiklərin üstünü təmizləyirdi. Sanki düşünürdü ki, zamanı gələndə, haqq-ədalət öz yerini tapanda bu tarixi əşyalar yenidən öz yerinə, sahibinə qayıdacaq! Yəni bir sözlə qəpikləri döyüşçülər hansısa tikili dağılandan sonra tapmışdılar. Onlar hər zaman evimizin ən dəyərli əşyası olub.

- Yəqin arzu edirmiş ki, Şuşa azad ediləndə onu şəhərə, muzeyə qaytaracaq.

- Düzü evdə belə bir söhbət aparılmayıb. Bu mövzuda danışmamışıq yəni. Əlbəttə bu cür əşyalar həm də dərin yara açan xatirə yaradır. Ona görə də göz qabağında olsa belə, həmin mövzuda az danışılıb. Sadəcə o rəhmətə gedəndən sonra düşünürdüm ki, mən də bu dünyadan köçsəm gələcək nəsillər həmin əşyaların əhəmiyyətini anlamayacaq. Kimsə bilməyəcəkdi ki, bu tarixi əşyaların hansı böyük dəyəri var? O mənada dəyəri ki, qəpiklər şəhərin tarixiliyini göstərən xırda da olsa vacib əşyalardan sayılır. Bu mənada nəvə-nəticə, gələcəkdə bu evdə yaşayacaq kimsə həmin qara qəpiklərə baxıb deməsin ki, “bu köhnə əşya evdə niyə qalıb?”. Götürüb atmasınlar. Amma mənə görə o qara qəpik deyil, həm rəmzi məna daşıyan, həm də çox mühüm tarixi əşyadır. Ona görə də elə yaxşı olardı ki, onları tez bir zamanda muzeyə təhvil verim və etibarlı yerdə qalsınlar. Şuşadan gəlibsə niyə də elə Şuşa muzeyinin özünə verilməsin? Gələcəkdə muzeyə baş çəkənlər də görəcək ki, şəhərdəki tikililərin qopan hər daşından sözün həqiqi mənasında tarix yağır...

- Müraciətiniz necə qarşılandı? Bu həm də yaxşı bir tendensiya yarada bilərmi?

- Hə. Əvvəlcə gedib onların nümayəndələri ilə danışdım ki, belə bir məsələ var. Düzü çox sevindilər. Şuşadan tapılmış tarixi əşyalar uzun illər qorunub saxlanması onları təəccübləndirdi. Şəkillərini istədilər. Çünki əvvəlcə baxıb sonra qərar verilməli idi. Dünən fotoları çəkib göndərdim və əşyaların arasında təkcə tarixi qəpiklər deyil, xalça muzeyinə verilmiş medal da vardı. Hətta bu medalın fotosuna da təəccüblü reaksiya verildi ki, bu gözəl tapıntı sayılır. Mən də bir daha hadisəni izah etdim. Səhv etmirəmsə, o medal xalça muzeyinin yubileyi ilə əlaqədar verilib. Əlaqə saxlayacaqlarını dedilər. Əlbəttə sizin də qeyd etdiyiniz kimi belə bir tendensiya yaransa, yaxşı olar. Yəni kim işğaldan azad edilən ərazilərdən tapılmış tarixi əşyaları özündə qoruyub saxlayıbsa, onları daha bundan sonra elə o bölgələrdə fəaliyyət göstərəcək muzeylərə qaytarsa yaxşı olar.

- Əşyaları təhvil verəndən sonra yəqin ki, Şuşaya tez-tez getmək istəyərsiniz.

- Əlbəttə kim istəməz ki? Şuşanın işğalı bizə necə ağır dərd oldusa, indi onun azadlığa qovuşması da bir o qədər böyük sevinc bəxş edir. Bundan sonra imkan düşdükcə tez-tez bu tarixi torpağımıza ayaq basa biləcəyik. İndi digər Şuşada döyüşmüş oğullar kimi Namiqin də ruhu şaddır. Təkcə torpaqlarımızın, Qarabağın işğaldan azad edilməsinə görə yox, həm də tapıb qoruduğu tarixi əşyaların öz sahibinə-Şuşa muzeyinə qayıdacağına görə də... Yoldaşım həmişə deyirdi ki, Şuşaya dönməyi çox istəyir. Elə bil daim Şuşa niskili də çəkirdi. Çünki işğalla barışmaq çətin idi. Özü də hərbçi, döyüşçü üçün bu ikiqat əzab sayılır. Bir qədər kobud səslənsə də deyim ki, işğal dövrünə aid bəzi satqınları aşağılayır, hətta ağır ifadələr də işlədirdi. Rəhim Qazıyev haqqında isə ümumiyyətlə xoş heç nə demir, Şuşa adı gələndə onun ünvanına ən ağır sözlər səsləndirirdi. Elə hey Şuşa barədə “Hamısı onun oyunlarıdır” deyirdi. Yəni ona görə söhbətin əvvəlində belə ifadə işlətdim ki, həmin dövr qaranlıq zaman idi və yoldaşım da tez-tez bəzi yüksək rütbəlilər haqqında satqın ifadəsi işlədirdi. Artıq müzəffər ordumuz torpaqları azad edib və mən də ötən il 8 noyabrda Namiqin fotosunu sosial şəbəkələrdə paylaşaraq “Uğrunda döyüşdüyün Şuşa artıq azaddır!” yazdım. Yəni inanıram ki, dünyadan köçən keçmiş döyüşçülərin də ruhu artıq şaddır.


Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər: Şuşa   Müharibə   Tarix   İşğal   Muzey  





Xəbər lenti