Qaragöl və ətrafı Ordumuzun nəzarətində – FOTOLAR

   Qaragöl və ətrafı Ordumuzun nəzarətində –    FOTOLAR
  25 Dekabr 2021    Oxunub:10119
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər yaxınlığındakı strateji əhəmiyyətli Şərqi Göyçə silsiləsi yüksəkliklərinə və Ermənistanla sərhəddən cənubda, Laçın dəhlizinə qədər yerləşən ərazilərə çıxıblar. Bu ildırım sürətli, geniş miqyaslı və ən əsası, da qan tökmədən baş verən hərəkət Azərbaycanın qərb sərhədlərinin real ilkin delimitasiyası prosesinin məntiqli davamıdır.

İlkin delimitasiya: Kilsəlidağ istiqamətində uğurlu döyüş əməliyyatları necə keçirilmişdi – FOTOLAR
Üstəlik, bu proses qar yağmağa başlamazdan əvvəl həyata keçirilib ki, bu da təkcə dayaq məntəqələrinin və postların qurulmasına deyil, həm də onları yüksək keyfiyyətli yol infrastrukturu ilə təmin etməyə və fasiləsiz təchizata imkan yaradıb.

İrəliləyə-irəliləyə erməni işğalçıların yerlə-yeksan etdiyi Laçın və Kəlbəcər kəndlərindən qısa müddətə çəkilən və dövlət sərhəd xəttinin keçməli olduğu nöqtələrə qədər uzanan bu yolların keyfiyyəti və kəmiyyəti haqda danışmaq istərdim.


Asfaltın olmaması yolların keyfiyyətini heç də aşağı salmır, çünki qaya daşları materialının qarışdığı torpaq yol hərbi nəqliyyata lazımi sürətlə getməyə imkan verir, texnika yoxuşlarda gücə düşmür. Yolun eni ağır texnikaya döngələri asanlıqla keçməyə imkan verir.


Məhz bu yeni yol infrastrukturu bir neçə gün ərzində - bu il noyabrın 14-dən 16-dək- lazımi sayda bölmələri və texniki vasitələri Qaragöl yaxınlığındakı vulkanik yüksəkliklərin (Kilsəli dağ və Qızıltəpə - 3181 m) o biri tərəfindəki perimetri tutmaq üçün cəmləşdirməyə imkan verdi.


Dəniz səviyyəsindən 2657,5 m hündürlükdə yerləşən, sahəsi 1,2 km², maksimum dərinliyi 10 m olan gölün özü tektonik proseslər nəticəsində yaranan çökəklikdə yerləşir: bir tərəfdən İşıqlı dağ silsilələrinin vulkanik yüksəklikləri, digər tərəfdən isə adsız yüksəkliklərlə əhatə olunub.


Dağlıq ərazidə yerləşən Qaragöl, daha doğrusu, Qaragöl-Çinligöl “tandemi” yaxınlığındakı mövqelər bu ilin yazindan ordumuzun nəzarəti altındadır və Azərbaycan Silahlı Qüvvələrinin strateji əhəmiyyətli yüksəkliklərdəki yeni istehkam məntəqələri olan Böyük İşıqlı və Kiçik İşıqlı (dəniz səviyyəsindən müvafiq olaraq 3552 və 3450,6 metr yüksəklikdə) həm gölün perimetri boyunca, həm də onun postlarına gedən rabitə yollarında düşmənin hər addımını sözün əsl mənasında nəzarətdə saxlamağa imkan verir. İlin bu vaxtında yüksək dağlıq sərhəd məntəqələrinə gedən yollar qarla örtülü olsa da, ərzaq və yanacaq ehtiyatı bölmələrimizin 3-6 ay davam gətirməsinə imkan verməlidir.

Bu ərazinin delimitasiyası hələ ki hökumətlərarası yekun protokolda qeyd olunmayıb və ilin bu vaxtında sürəti 15-20 m/s-ə çatan fırtınalı külək hələ də barıt qoxusu gətirir...


Erməni tərəfinin hədəfi bəlli deyil, lakin qabionlarla əhatə olunmuş yararsız bir posta - çuxura... bizim icazəmizlə, bizim dayaq məntəqələrimizdən keçərək getməli, erməni komandanlığının improvizə etdiyi cəhənnəm qazanına düşməlidirlər. Nə qədər absurd olsa da, darmadağın edilmiş məğlub ermənilər Qaragöldə bizim postların əhatəsində keçik çəkirlər və onların təchizat marşrutları Azərbaycan Silahlı Qüvvələrinin vizual nəzarətində və nişangahındadır.

Ermənilərin digər hərbi mövqeləri Azərbaycan Silahlı Qüvvələri bölmələrinin nəzarət etdiyi Böyük İşıqlı və Kiçik İşıqlı dağları ilə üzbəüz, Qaragölün yamacında yerləşir və heç bir taktiki əhəmiyyət kəsb etmir. Cinliqöl istiqamətində isə ordumuzun arxasında Buzovçugüney silsiləsi, Qərbi Azərbaycanın Bayandur və Xəzinəvar kəndlərinə nəzarət etməyə imkan verən bir sıra strateji adsız yüksəkliklər yerləşir.

(Ardı var...)

P. S. “Ziyan vurma” prinsipini rəhbər tutaraq Azərbaycan Silahlı Qüvvələrinin dislokasiyası, istehkamları və şəxsi heyəti ilə bağlı görüntülər yerləşdirmirik.

Hans Kloss
Nadir Quliyev

AzVision.az üçün


Teqlər:   Sərhəd   Delimitasiya  





Xəbər lenti