Moskva Kiyevdən nə tələb edəcək? – TƏHLİL

Moskva Kiyevdən nə tələb edəcək? – TƏHLİL
  09 Aprel 2014    Oxunub:2120
Aprelin 6-dan etibarən Ukraynanın cənub-şərqində yerləşən Donetsk, Luqansk, Xarkovsk və Nikolayev əyalətlərində rusiyayönümlü vətəndaşların etiraz aksiyaları başlayıb bir sıra inzibati binalar etirazçılar tərəfindən ələ keçirilib. Özlərini `Donbas Vətənpərvərlər Qüvvələri` adlandıran bir qrup şəxs Donetsk əyalətinin müstəqil respublika olduğunu elan edibş və Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı referendumun keçirilməsi barədə qərar veriblər.

Ukrayna əyalətlərində baş verən separatçı fəaliyyətin Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən həyata keçirildiyi Ukrayna Xarici İşlər nazirliyinin bəyanatında açıq şəkildə bildirilir. Bəyanatda qeyd olunur ki, “Ukraynanın ayrı-ayrı cənub və şərq şəhərlərində vəziyyətin gərginləşməsi xarici müdaxilənin və Rusiya Federasiyasının pozucu fəaliyyətinin nəticəsidir. Təxribatların həyata keçirilməsinə Rusiya xüsusi xidmət orqanlarının rəhbərlik etdiyi qruplaşmalar cəlb olunub”.

Yayılan son məlumatlara görə isə, Ukraynadakı təxribatların qarşısı alınıb və inzibati binalar separatçılardan təmizlənib. Bu barədə Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksadr Turçinov bəyanat verib. Eyni zamanda, Ukrayna XİN ölkənin cənub-şərqində vəziyyətin sabitləşdiyi barədə məlumat yayıb.

Bu məlumatdan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin RF-ABŞ-AB-Ukrayna formatında danışıqlara hazır olduğunu bildirib. İTAR-TASS agentliyinin verdiyi məlumata görə, Lavrov Ukraynada vəziyyətin tənzimlənməsi ilə bağlı ABŞ, Rusiya, Avripa Birliyi və Ukrayna nümayəndələrinin iştirakı ilə çoxtərəfli formatda danışıqların başlanmasına Moskvanın razı olduğunu bildirib. Lakin Lavrov bir şərt irəli sürüb: danışıqlarda Ukraynanın cənub və şərq əyalətlərinin nümayəndələrinin iştirakının təmin olunmasını da istəyib. “Ukraynanın cənub və şərqində narazılığın olmasını inkar edən istənilən beynəlxalq format çalışmaya imkan verməcək”,- deyə Lavrov bildirib.

Ukrayna tərəfinin cavabı özünü çox gözlətməyib və Kiyev Moskvanın təklifinə dərhal müsbət cavab verib. Lakin Kiyev də öz şərtini irəli sürüb. Ukrayna XİN-nin bəyanatında bildirilir ki, “Ukrayna dəqiq müəyyən olunmuş vaxt ərzində praktiki nəticələr verə biləcək formatda beynəlxalq tənzimləmə və dialoqa hazırdır. Ukrayna Rusiya Federasiyasından tələb edir ki, Ukraynanın daxili işlərinə qarışmasına dərhal son qoysun”.

Rusiyanın danışıqlara razı olduğunu bildirməsi onu göstərir ki, Moskva əvvəlcədən ehtimal olunduğu kimi Ukraynanın cənub-şərqini özünə birləşdirmək niyyətində deyil. Çünki bunu həyata keçirmək üçün, Ukraynanın qeyd olunan əyalətlərində ictimai rəy Krımdan fərqli olaraq dövlətin bütövlüyünün saxlanılmasının lehinədir.

Əgər Krımın birləşdirilməsi zamanı Rusiya yarımadanın muxtar respublika olmasına, vaxtilə Rusiyanın ərazisi olması və əhalisinin 70 faizinin etnik ruslardan ibarət olmasına istinad edərək ərazinin anneksiyasına legitimlik donu geyindirirdisə də, Donetsk, Nikolayev və s. əyalətlərdə bu faktorlar mövcud deyil. Lavrovun dönə-dönə Ukraynadan təcili olaraq federativ dövlətə çevrilməsi tələbi altında gizlənən əsas məqsəd bu əyalətləri tezliklə Rusiyaya qatmaq istəklərindən irəli gəlirdi. Moskvanın bu əyalətlərdəki təxribati fəaliyyəti daha çox yeni Kiyev hökumətini hədələmək məqsədi daşıyır. Moskvanın Kiyevə son mesajı təxminən belədir: “Krımı götürdüm, Donetskini və digər əyalətləri də ala bilərəm və buna görə mənə heç kim heç nə edə bilməz”.

Rusiya danışıqlarda Ukraynadan nə tələb edə bilər? Təbii ki, Moskva Krımın anneksiyasının doğuracağı mənfi nəticələrdən narahatdır və yarımadanın birləşdirilməsinin legitimliyini istəyəcək. Ən azından, Kiyevdən tələb olunacaq ki, Krımı Rusiyanın ərazisi kimi tanımasa da, buna görə Moskva ilə düşmənçilik etməsin.

Ukrayna baş naziri Ysenyukun son açıqlaması prezident Putin üçün Qərbin ən ağır sanksiyasından da ağır gələ bilər. Yasenyuk NK qarşısında çıxışı zamanı qazla əlaqədar bildirib ki, ölkəsinin bu mənada iki seçimi var: ya Rusiya qazına alternativ qaz mənbəyi tapılmalı, ya da, qazdan imtina olunmalıdır. Odur ki, dördlü formatda olan danışıqlarda Moskva Kiyevdən əvvəlki qaydada əməkdaşlıq istəyəcək, əks təqdirdə cənub-şərqi xatırladacaq. Lavrovun Ukraynanın cənub və şərq əyalətlərindən nümayəndələrin iştirakını tələb etməsi məhz xatırlatma xarakteri daşıyır.

Ukrayna təbii ki, danışıqlara razılıq verməklə vaxt udmağa çalışır. Kiyevin Rusiyadan daxili işlərə qarışmamasını tələb etməsi də vaxt qazanmaq üçündür. ABŞ və Avropa da vaxt qazanmağa çalışır və ən azı Ukraynada prezident seçkilərinin keçirilməsini gözləyirlər.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti