Prezidentin İran səfəri nə vəd edir?

Prezidentin İran səfəri nə vəd edir?
  09 Aprel 2014    Oxunub:1498
Prezident İlham Əliyevin İrana gözlənilən rəsmi səfəri başlayıb. Səhər saatlarında İrana yola düşən ölkə başçısı səfər çərçivəsində həmkarı Həsən Ruhani ilə görüşəcək. Görüşdə iki ölkə arasındakı münasibətlər, qarşılıqlı əməkdaşlıq və eləcə də regiondakı mövcud durum ətrafında fikir mübadiləsinin aparılacağı gözlənilir.

İlham Əliyevin İran prezidentinin dəvəti ilə reallaşan səfərinin iki ölkə üçün uğurlu nəticələrə yol açacağı gözlənilir.

Prezidentin 5 ildən sonra baş tutan İran səfərin Azərbaycan üçün nə vəd edir?

Politoloq Qabil Hüseynli ölkə başçısının İran səfərini AzVision.az-a şərh edərək bu sualı cavablandırmağa çalışıb.

Ekspertin fikrincə, prezidentin bu səfəri İranın Azərbaycanla münasibətlərinə müsbət təsir göstərəcək:

“Son zamanlar İranın xarici siyasətində müəyyən pozitiv dəyişikliklər hiss olunur. Bu dəyişikliklər əlbəttə ki, bölgədəki münasibətlərə də öz təsirini göstərir. Azərbaycan İranla münasibətlərin istiləşməsinə çalışır. Bu zəmində Azərbaycan prezidentinin İrana rəsmi səfəri baş tutdu”.

Q.Hüseynli vurğulayıb ki, səfər zamanı iqtisadi və hərbi müqavilələrin imzalanması gözlənilir: “İran yenə də Azərbaycanla hərbi əlaqələrin qurulmasında maraqlı kimi görünür. Bu səbəbdən də müdafiə naziri də prezidentin İrana rəsmi səfərində onu müşayiət edir. İqtisadi əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulur. Söhbət İrandan Azərbaycana qaz nəqlindən gedir. Sovet dönəmində tikilmiş qaz kəməri bu gün hələ saz vəziyyətdədir. Həmin kəmər vasitəsilə İran Avropa bazarlarına çıxmaq istəyir. Yəqin ki bu da müzakirələrin mövzusu olacaq. Çünki Avropa, Amerika İrana tətbiq olunan sanksiyaları yumşaltdıqca onun Avropa bazarına qaz çıxarmasına da izn vermək niyyətindədir. Belə bir şəraitdə İranla Azərbaycan artasında əlaqələrin geniş spektri nəzərdə tutulur”.

Politoloq qeyd edib ki, səfər zamanı Xəzərin statusu da müzakirə olunacaq. “Xəzərin statusu məsələsindəki fikir ayrılıqlarının aradan qaldırılmasına cəhd olunacaq. Mədəni əlaqələr sahəsində də tədbirlərin keçirilməsi və müqavilələrin imzalanması nəzərdə tutulur. Bütövlükdə mənim zənnimcə prezidentin bu səfəri məhsuldar olacaq”.

Q.Hüseynli hesab edir ki, prezidentlərin görüşündə Dağlıq Qarabağ məsələsi də müzakirə ediləcək.

“Sözsüz ki, Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan məsələləri də burada müzakirə ediləcək. Çünki bizim bu məsələyə münasibətdə İranın mövqeyində fərqli yanaşmalar var. İran vasitəçilik səylərində iştirak etmək istəyir. Eyni zamanda Ermənistanla əlaqələrin inkişafına da qayğı göstərir. Azərbaycan tərəfi əlbəttə bunları da müzakirə etmək niyyətindədir. Rəsmi Tehran Azərbaycana hərtərəfli dəstək versə, bu, Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün böyük rol oyanaya bilər”.

Qeyd edək ki, Azərbaycan prezidenti İranda sonuncu dəfə 2009-cu ildə, İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak üçün səfər edib. İki ölkə arasında münasibətlər son illərdə əsasən gərgin olub və rəsmi Tehran dəfələrlə Azərbaycanı İsraillə onun əleyhinə əməkdaşlıq etməkdə, hətta İran ərazisində törədilən diversiyalarda günahlandırıb. Azərbaycan isə öz növbəsində dəfələrlə İran xüsusi xidmət orqanlarının ölkə ərazisində İsrail və ABŞ maraqlarına qarşı terror planlarının üstünü açdığını elan edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti