İlham Əliyev İrana niyə getmişdi – TƏHLİL

İlham Əliyev İrana niyə getmişdi – TƏHLİL
  10 Aprel 2014    Oxunub:3091
Krım yarımadasını zəbt etməsindən sonra dünya ölkələri tərəfindən Rusiyanın təzyiqlərlə üzləşməsi fonunda, Kremlin Yaxın Şərqdəki əsas tərəfdaşı hesab olunan İranın qərbyönümlü Azərbaycanla yaxınlaşması böyük geosiyasi oyunun mühüm elementlərindən biridir və Bakı yaranmış vəziyyətdən öz maraqları üçün məharətlə istifadə edir.

2013-cü ilin sonunda Amerika başda olmaqla Avropa ölkələrinin qəfildən İrana qarşı tutduqları sərt mövqelərinin mülayimləşməsinin əsil səbəbləri artıq məlum olur. Qərb Ukraynada gərginliyin artacağı və Yanukoviç hakimiyyətinin devriləcəyini artıq bilirdi. Ukraynaya görə Rusiya ilə münasibətləri pozmalı olacağını anlayan Amerika əvvəlcədən bu vəziyyətə hazırlıq görmüşdü.

Bu mənada İranın neytrallaşdırılması xüsusi önəm daşıyır. Uzun illər sanksiyaların əsirinə çevrilən İran, beynəlxalq qadağalardan qurtulmaq üçün Qərbin istənilən şərtini qəbul etməyə hazır idi. Şərt isə ondan ibarət idi ki, Rusiya ilə bağlı məsələlərdə İran neytrallığını saxlasın. İrana qarşı sanksiyaların ləğvinin Həsən Ruhaninin prezident seçilməsindən bir neçə ay sonra baş tutması isə ölkə daxilində ictimai narazılıqların aradan qalxmasıvə xalqın öz seçimində yanılmaması fikrini aşılamış oldu.

Beləliklə İran, uzun illər ərzində sanksiyaların zəiflətdiyi iqtisadiyyatını qısa zamanda bərpa etməli, bunun üçün yeni maliyyə mənbələrinin axtarışına çıxmalıdır. Bu mənada İranın ilk növbədə Türkiyə, daha sonra isə Azərbaycanla əməkdaşlığa başlamaqdan savayı çıxış yolu yoxdur. İran qazını Avropaya satmaq üçün Türkiyə ərazisindən başqa alternativi qalmayıb.

Suriyada artıq kimin qalib gəlməsindən asılı olmayaraq, İranın bu ölkənin ərazisindən faydalanması qeyri-mümkündür, ən azından təhlükəlidir. Bu baxımdan, Suriyada gərgin vəziyyətin qalması Türkiyənin maraqlarına uyğundur. İrandan Türkiyə ərazisilə Avropa ölkələrinə ixrac olunması üçün artıq 2014-cü ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılan PARS xətti vasitəsilə digər Avropa ölkələri ilə yanaşı Ukraynanın da qazla təmin edilməsi mümkündür. Rusiyanın birvaxtlar özünə dost bildiyi İranın onun maraqlarına zərbə vurması göz önündədir.

İranın Azərbaycanla yaxınlaşmasında Türkiyənin rolu danılmazdır. İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri səviyyəsində görüş 2012-ci ildə Ankaranın vasitəçiliyi ilə baş tutmuşdu. Sonradan Davos sammiti zamanı Azərbaycan və İran prezidentləri görüşmüş və qarşılıqlı səfərlar barədə razılığa gəlmişdilər. İlkin olaraq Azərbaycan prezidenti İlham Əliyevin Tehran səfəri baş tutdu. Yayılan məlumatlara görə, İlham Əliyev də iranlı həmkarını Bakıya səfərə dəvət edib və Həsən Ruhanı bu dəvəti məmnuyyətlə qəbul etdiyini bildirib.

İranın uzun müddət Azərbaycanla əlaqələri genişləndirməkdən ehtiyat etməsi və Ermənistana dəstək göstərməsinin kökündə Cənubi Azərbaycan faktoru dayanır. Tehran üçün şimali Azərbaycanın SSRİ tərkibində qalması daha məqsədəuyğun hesab oluna bilərdi. Müstəqil Azərbaycanın inkişafı İranın şimalındakı etnik azərbaycanlıların müstəqilliyə can atmasını şərtləndirə bilər, Azərbaycanın güclənməsi isə bu prosesə dəstək vermə imkanlarını artırır.

Lakin İran artıq anlayır ki, Azərbaycana qarşı soyuq münasibətdə dayanmaqla heç də ölkəmizin inkişafına mane ola bilmədi. Artıq İranın bu mövqeyi onun öz maraqlarına zərbədir. Belə ki, İran bununla ümumi regional inteqrasiyadan kənarda qalır və istər-istəməz Qərb tərəfindən təcrid olunur. Məsələn, reallaşmayan NABUKKO layihəsində Avropaya ilkin mərhələdə Azərbaycan qazının sonrakı mərhələdə isə Orta Asiya ölkələrinin qazının ixracı nəzərdə tutulurdu. İran Avropanın demək olar ki heç bir layihəsində yer almırdı.

Azərbaycan və Türkiyədə iqtisadi vəziyyətin yüksəlməsi və ölkələrin maliyyə gəlirlərinin artdığını nəzərə alarsaq İran üçün ticari əməkdaşlıq baxımından da perspektivlərin olduğu ortaya çıxır. İraq və Suriyada qeyri-sabit vəziyyətin olması bu ölkələri qonşuları İran üçün ticari əməkdaş kimi yararsız vəziyyətə salıb. Tehranın Azərbaycan və Türkiyə ilə də ticarətdən kənar qalması İranı mühüm gəlirlərdən məhrum edir. Odur ki, İranla Azərbaycan münasibətlərin qarşılıqlı inkişafı hər iki tərəfin maraqları baxımından önəmlidir.

Təbii ki, Azərbaycanın İsraillə hərbi əməkdaşlığı İranı narahat edən əsas məsələdir və prezidentlərin görüşü zamanı bu məsələnin müzakirə edildiyi şübhəsizdir.

Azərbaycan isə, öz növbəsində İranın Ermənistana olan dəstəyini xoş qarşılamır. Əslində Azərbaycanın İsraillə vaxtilə daxil olduğu hərbi əməkdaşlıq, bugün İranla qarşılıqlı faydalı “alver” üçün əsas yaradır. Yəni prezident İlham Əliyev iranlı həmkarının İsraillə əməkdaşlığı dayandırma xahişi qarşılığında, eynilə ondan, Ermənistana dəstək göstərməməsini tələb edə bilər. Təsadüfi deyil ki, İlham Əliyev hərbi sahədə İranla əməkdaşlığın mümkünlüyündən söz açıb. Eyni zamanda prezident, Dağlıq Qarabağ probleminin həllində İranın dəstəyinin vacibliyini vurğulayıb. Bu bəyanat əslində yuxarıda qeyd olunanların təsdiqi idi.

İranla Azərbaycanın əməkdaşlığı Ermənistanın təcrid olunmasını daha da sürətləndirəcək. Gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yoluna Naxçıvana birləşdirilməsi eyni zamanda İranın Naxçıvan vasitəsilə bu xəttə qoşulma planları mövcuddur. Bundan əlavə İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xəttinin birləşdirilməsi və Şimal-Cənub ticarət xəttinin işə düşməsi mümkün ola bilər. Bununlada Ermənistanın öz ərazisindən şimal-cənub yolunun keçirilməsi xəyalı puç olacaq.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti