Muzdlular, yoxsa “könüllülər”? Rusiyanın ikili standartları – VİDEO

      Muzdlular, yoxsa “könüllülər”?    Rusiyanın ikili standartları –    VİDEO
  12 Mart 2022    Oxunub:6336
Azərbaycanın Vətən müharibəsi vaxtı Rusiya kanallarında simonyanlar, solovyovlar, skobeyevalar və bu fəsilədən olan digər təbliğat quşları durmadan Qarabağda guya hansısa “terrorçuların”, “muzdluların”, “legionerlərin”, yadplanetlilərin, pokemonların döyüşdüyünü deyirdilər. Müqəddəs torpaqlarımızın hər qarışı Azərbaycan oğullarının qanı ilə yuylaraq, düşməndən təmizlənsə də, qaranlıq otaqda olmayan qara pişiyi axtaranlar gözlərini yumub, ağızlarını başqa cür açırdılar.

İndi isə taleyin ironiyasına baxın: Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun təşəbbüsünü dəstəkləyərək, Ukraynadakı müharibəyə “könüllülər” adlandırılan muzdluların cəlb olunmasına razılıq verib. Bu adla döyüşməyə gələcək 16 min nəfərin əksəriyyəti də rəsmi məlumata görə, Yaxın Şərq ölkələrindəndir.

Kim olacaq Yaxın Şərqdən gələn könüllülər? Elə həmin o Suriya, Liviya, Yəmən terrorçuları, İŞİD-in qalıqları, insan həyatını pulla ölçən qaçaq-quldur dəstələri. O məxluqat ki, Azərbaycanda guya döyüşdüklərinə aid heç kim bugünə qədər bircə fakt da ortaya qoya bilmədi. Amma indi Ukraynada Rusiya tərəfdən vuruşacaqları ali mənsəbli şəxslərin daşdan keçən imzaları ilə təsdiqlənir. Görəsən, Rusiyanın “propo bandası” indi də ağız-ağıza verib bunu pisləyəcəklərmi? Yoxsa Suriyadan gəlmiş İŞİD terrorçusunun qədim slavyan torpaqlarını ukraynalı “nasist”lərdən “azad etməsi” əməliyyatı onlara normal və məntiqli görünəcək? Hələ ki ikincini müşahidə edirik.

Sual yaranır: Əgər döyüşə muzdluları cəlb etmək normaldırsa, niyə Azərbaycan etmədiyi halda propobanditlər bunu bizə nöqsan tuturdular? Yox əgər normal deyilsə, onda Rusiyanın qərarını necə başa düşmək lazımdır? “Öküzə olar, Yupiterə olmaz” məntiqiləmi? Elə bütün faciələr də dünyanın öküzlərə və yupiterlərə bölünməsindən başlayır.

Rusiya təbliğatı iddia edir ki, Qərbin Ukraynaya göndərdiyi silahlar nəzarətsiz paylandığından, bütün region üçün təhlükəyə çevriləcək. Tamamilə doğrudur. Amma Ukraynaya gətirilən 16 min muzdlu da regionda mülki həyatını cənnətə çevirməyəcəklər axı.

Azərbaycan 44 günlük müharibədə təkcə hərbi taktikası ilə örnək olmadı. Dünyaya müharibəni necə dürüst, vicdanla, ədalətlə aparmaq lazım olduğunu da göstərdi. Hazırda Rusiyanın rəsmi şüarı “Sila V pravde” şəklindədir. Gözəl şüardır, amma təkcə hərbi texnikanın üzərindəki “V” hərfi kimi təzahür etməsə.

Vüsal Məmmədov
AzVision.az / Real TV



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti