Prezidentin böyük dövlətlərə verdiyi mesajlar – TƏHLİL

Prezidentin böyük dövlətlərə verdiyi mesajlar – TƏHLİL
  16 Aprel 2014    Oxunub:1428
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı digər məsələlərlə yanaşı Azərbaycanın xarici siyasəti, regional və qlobal məsələlərə toxunub bir sıra önəmli açıqlamalar verib.

Prezidentin açıqlamaları gündəmdə olan bir sıra beynəlxalq məsələlərlə bağlı Azərbaycanın mövqeyi, gələcək strateji planları və perspektivlərinə aydınlıq gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İlk növbədə Ukrayna ətrafında yaranmış böhranlı vəziyyət və Azərbaycanın bu məsələdə tutduğu mövqelə bağlı prezidentin açıqlamaları kifayət qədər diplomatik xarakter daşısa da, ölkəmizin Kiyevin mövqeyini dəstəklədiyinin dolayı etirafı hesab oluna bilər. Prezident çıxışı zamanı bildirdi ki, “Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır. Bəzi beynəlxalq məsələlərlə bağlı dünya ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir. Biz buna qiymət vermək fikrində deyilik. Ancaq Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir”.

Söhbətin bu ilin mart ayının 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı hazırlanmış qətnamənin qəbulu ilə bağlı keçirilən səsvermədən getdiyini əminliklə söyləmək olar. Həmin qətnamədə Ukraynanın ərazisi olan Krım muxtar respublikasının Rusiya tərəfindən anneksiyası pislənilirdi. Səsvermədə iştirak edən ölkələrdən 100-ü lehinə, 11-i əleyhinə və 58-i bitərəf olmaqla qətnamə qəbul olunmuşdu. Azərbaycan qətnamənin lehinə, Ermənistan isə əleyinə səs vermişdi. Lakin bir sıra ölkələr Rusiya ilə münasibətlərinin pozulmasından ehtiyatlanaraq, yada, hansısa mənada Moskvadan asılı olduqları üçün bitərəf qalmağa üstünlük vemişdilər.

Azərbaycanın açıq mövqe nümayış etdirməsinə şərait yaradan əsas amil Rusiyadan nə iqtisadi, nə də digər sahələrdə asılılığının olmaması ilə bağlıdır. Prezident bu məqama da toxundu: “...bizim çox güclü maliyyə vəziyyətimiz müstəqil siyasətimizi şərtləndirir. Çünki iqtisadi cəhətdən azad olan, heç kimdən asılı olmayan ölkə beynəlxalq aləmdə öz sözünü daha da qətiyyətlə deyə bilir”.

Azərbaycan bu mövqeyi sərgiləməsi, heç də birtərəfli qaydada, gözüyumulu Kiyevin istənilən addımını dəstəkləyəcəyi anlamına gəlmir. Burada Azərbaycanın öz maraqları mövcuddur. “Beynəlxalq aləmdə bax bu prinsipial mövqe əlbəttə ki, bizə böyük rəğbət yaradır. Azərbaycan müstəqil, prinsipial ölkə kimi öz mövqelərini daha da möhkəmləndirir. Beynəlxalq təşkilatlarda ölkəmiz haqqında bu düzgün təsəvvür gələcəkdə bizə əlavə imkanlar yaradacaq”- deyən prezident nəyə işarə edir və hansı əlavə imkanlardan söhbət gedir?

Qonşuluğunda olan və imperialist ambisiyalı şəxslər tərəfindən idarə olunan Rusiya Federasiyasının təzyiqləri ilə üzləşəcəyini bilə-bilə Azərbaycanın bu addımı atması ölkəmizin hər bir vəziyyətdə beynəlxalq hüquq normalarına sadiqliyini nümayiş etdirməklə yanaşı, Qərb-Rusiya qarşıdurmasında Qərbin yanında olduğunu göstərdi. Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlarda anoloji qətnamələrin qəbulunu tələb edə bilər. Eyni zamanda, Ermənistana qarşı daha sərt təzyiq vasitələrini tətbiq olunmasına Azərbaycan haqq qazanmış oldu. Bu məsələdə də Ukrayna Azərbaycana dəstək olacaq.

Məlumdur ki, Amerika və Avropa öləkələri Rusiyaya qarşı müxtəlif iqtisadi və siyasi sanksiyalar tətbiq etməyə başlayıb. Hələlik Rusiya bu sanksiyalar qarşısında tab gətirir və mövqeyindən əl çəkmək istəmir. Ancaq Ermənistanın belə sanksiyalara tab gətirəcəyi inandırıcı səslənmir. Çünki Avropa ilə Rusiya arasında qarşılıqlı iqtidadi asılılıq olduğu halda, Ermənistanın belə üstünlüklərə sahib olduğunu demək olmaz. Üstəgəl, Moskvanın özünün beynəlxalq təzyiqlərlə üzləşdiyi bir vaxtda Yerevanı dəstəkləmək imkanlarının da məhdudlaşdığını demək mümkündür.

Odur ki, Azərbaycan diplomatiyasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı strategiyası qeyd olunan istiqamətdə qurulacaq. Elə prezident İlham Əliyevin söylədikləri də bunu deməyə əsas yaradır: “Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır” deyən prezident əlavə edib ki, “Nə üçün qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin”.

Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin müzakirə edildiyi bir dövrdə Azərbaycan prezidenti haqlı olaraq analoji tədbirin nəyə görə Ermənistana qarşı həyata keçirilməməsi sualını ortaya qoyur: “Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?! Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq”.

Tofiq Əsgərov


Teqlər:





Xəbər lenti