“Taxıl bazarında Rusiya və Ukraynanı əvəz edəcək ölkə yoxdur” – Qazaxıstanlı ekspert (VİDEOKAST)

   “Taxıl bazarında Rusiya və Ukraynanı əvəz edəcək ölkə yoxdur” –    Qazaxıstanlı ekspert (VİDEOKAST)
  18 Aprel 2022    Oxunub:9635
Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun eksperti, iqtisad elmləri doktoru, professor Maqbat Spanov dünyanın ərzaqla təminatında yaranan problemləri, onların səbəblərini və mümkün çıxış yollarını AzVision.az-a müsahibəsində şərh edir.
- Bu gün bir çox ekspertlər, mötəbər beynəlxalq təşkilatlar, siyasətçilər, hökumətlər həyəcan təbili çalır ki, dünya qlobal ərzaq böhranı astanasındadır. Hər yerdə ərzağın qiymətləri qalxır, bəzi ölkələr hətta ərzaq qıtlığı ilə üzləşirlər. Dünyada ərzaq məhsullarının bahalaşması prosesi nə vaxt başlayıb və qiymətlərin artmasına hansı amillər təsir edir?
- Aydındır ki, təkcə bizdə deyil, bütün dünyada qiymət artımı pandemiya nəticəsində, sərhədlərin bağlandığı və bir çox tədarük zəncirlərinin qırıldığı vaxtdan başlayıb. Sonra bir çox ərzaq məhsullarının qiyməti qalxdı. Üstəlik bu həm də onunla bağlıdır ki, bağlar qırılanda bir çox ölkələrdə “lokdaun” elan edilib və bir çox yerlərdə əhali işləməyib. Təbii ki, nə qədər az işləsən, bir o qədər az məhsul istehsal olunur. Bu proses əslində 2020-ci ildə başlayıb.

- Rusiya-Ukrayna münaqişəsi və Qərbin iqtisadi müharibəsi dünya ərzaq sisteminə nə qədər güclü təsir göstərib?
- Rusiya iqtisadiyyatı AQP (Alıcılıq qabiliyyəti pariteti) üzrə 2020-ci ildə 4,097 trilyon dollar dəyərində qiymətləndirilən ÜDM-ə görə dünya ölkələri arasında 6-cı, Avropa ölkələri arasında isə 2-ci yerdədir. Nominal ÜDM (2020-ci ildə 1,7 trilyon dollar) baxımından isə Rusiya dünyada 11-ci, Avropada 5-ci yerdədir (Dünya Bankının məlumatına görə). 2014-cü ildə sanksiyaların tətbiqindən sonra orada kənd təsərrüfatının inkişafına böyük diqqət yetirildi. Əslində, bu gün Rusiya bütün dünyada taxıl ixracı sahəsində birinci yeri tutur. Yəni ruslar 100 il əvvəl Çar Rusiyası dövründə bir vaxtlar itirdikləri mövqeləri bu gün qaytarıblar. O zaman Rusiya bir çox Avropa ölkələri ərzaqla təmin edirdi.
Onu da nəzərə almalıyıq ki, vaxtilə Ukrayna SSRİ-nin “çörək təknəsi” olub. Orada kənd təsərrüfatı çox inkişaf etmişdi, indi də inkişaf edir. Rəqəmlərə baxsaq, müxtəlif mənbələr müxtəlif nisbətlər göstərirlər, lakin ümumilikdə taxılın təxminən 30%-ni qlobal bazarlara bu iki ölkə verir. Bu birinci məqamdır.


İkinci məqam: tarixi faktları götürsək, MDB ölkələri əsasən günəbaxan yağından istifadə edirlər. Bu ölkələr kolza (rapsa) yağı tədarükündə dünya lideridirlər, günəbaxan yağı bazarının 52 faizinə sahibdirlər. Rusiya yüksək konsentrasiyalı mineral gübrələr bazarında dünyada lider mövqe tutur. Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi səbəbindən çatdırılma kanalları bağlanıb, logistika pozulub, odur ki, dünya bazarlarına taxıl və yağ çıxarılmır. Nəticədə müəyyən qıtlıq yarandı və qiymətlərdə sıçrayış oldu. Məsələn, bir çox yerlərdə bitki yağı 30% bahalaşıb, taxılın qiyməti qalxıb (tonu 300 dollar olub). Dünyada ərzaq qiymətləri artmaqda davam edir və istehsal zəncirləri qırılır. Rusiya-Ukrayna müharibəsi nəticəsində taxılın, bitki yağının bahalaşmasının yeni dalğası yalnız bu münaqişə başa çatdıqda bitə bilər.

- Taxıl məhsullarının, günəbaxan yağının qiymətləri müharibədən əvvəl də artmağa başlamışdı...
- Bəli, qiymətlər hələ müharibədən əvvəl, pandemiyadan sonra artmağa başlayıb. Bununla belə, nəzəri baxımdan müəyyən sayda insanı qidalandırmağa imkan verən torpaqlar, resurslar və torpaq ehtiyatları mövcuddur. Məhsuldarlığın azaldığını nəzərə alsaq, istehsal olunan məhsulun miqdarı da azalır. Mal qıtlığı yaranır. Müvafiq olaraq qiymətlər də qalxmağa başlayır.
Bundan əlavə, inflyasiya amilini də nəzərə almaq lazımdır. Çünki dar sistem çətçivəsindən uzaqlaşanda pul vahidinin qızıl məzmunundan da uzaqlaşırıq və bu pulları bir çox ölkə buraxmağa başlayır. Məsələn, 2008 və 2012-ci illərin böhranları, kəmiyyət yumşaltma proqramının (I və Q2) qəbulu zamanı ABŞ birinci rüb ərzində əlavə 2-3 trilyon dollar çap etmişdi. Faktik olaraq dollar və ya avro çapına çəkilən xərclərdən başqa heç nə ilə təmin olunmayan həmin pul kütləsi bazara daxil olur.


- Rusiya və Ukrayna buğdasını idxal edən ölkələrdən hansı ilk növbədə zərər çəkib və ya çəkəcək?
- Logistikanın Qara dənizlə bağlı olduğunu nəzərə alsaq, aydındır ki, ən yaxın marşrut şərqi ərəb ölkələrinədir, ancaq Türkiyəyə, hətta Ermənistana da müəyyən dərəcədə təsir edəcək. Ümumiyyətlə, məhsuldarlıqdan danışırıqsa, yadımdadır, dövlət başçıları Nazarbayev, Yanukoviç və Putinin görüşü zamanı OPEC çərçivəsində taxıl ittifaqı yaradılması təklif edilmişdi ki, ölkələrimiz razılaşdırılmış şəkildə taxıl ixrac edə bilsinlər. O vaxt Ukrayna 20-30 milyon ton taxıl istehsal edirdi, indi 80 milyon ton edir. Qazaxıstanda məhsul hava şəraitindən asılı olaraq 12-24 milyon ton arasında dəyişir. Ukrayna dünya taxıl bazarında payını xeyli artırıb, Qazaxıstan isə eyni səviyyədə qalıb. Əhali artdıqca istehlakın miqdarı da artır. Taxıl ət kimi baha deyil, taxıl istehlakı onun tədarükünü (istehsalını) üstələyir. Buna görə də, çox zaman sadəcə bəs etmir. Amma ilk növbədə Yaxın Şərq ölkələri və Cənub-Şərqi Asiyanın bəzi ölkələri bundan zərər görəcək.

- Ehtiyacı olan ölkələrə buğda tədarükü baxımından Qazaxıstan Ukraynanı əvəz edə bilərmi? Qazaxıstanda dünya bazarına buğda və günəbaxan yağı ixracının həcmini artırmaq istəyi varmı?
- İmkanımız var, amma yenə də vaxt lazımdır. Ümumiyyətlə, yaxın bir neçə ildə Qazaxıstan Ukraynanı əvəz edə bilməyəcək. Ümumi məhsul yığımı göstəricilərinə əsasən, Qazaxıstan xeyli geridədir. Sovet dövründə Qazaxıstanda kənd təsərrüfatına yararlı torpaqların ümumi sahəsi 40 milyon hektara yaxın idi. İndi təqribən 20-22 milyon hektar sahədən istifadə olunur, yəni torpaq fondundan istifadə iki dəfə azalıb. Ona görə də, ölkəmizdə məhsuldarlıq kifayət qədər aşağıdır. Təbii ki, bizim taxıl ehtiyatımız var. Daxili istehlak üçün təxminən 10 milyon tona yaxın taxıl lazımdır, qalan hissəsi ixrac olunur. Amma yenə deyirəm, bu taxılı saxlamağa yer yoxdur, çünki vaxtilə özəlləşdirmə aparılıb və elevatorların hamısı özəldir. Həm də qətiyyən ideal vəziyyətdə deyillər. Yəni taxılın saxlanmasında problemlər var. Qazaxıstan taxılının müəyyən hissəsini dünya bazarına çıxara biləcək, amma hesab edirəm ki, ölkəmiz bu məsələdə Ukraynanı tam əvəz edə bilməyəcək. Biz ilk növbədə əhalimizi və qonşularımız olan Özbəkistanı, Əfqanıstanı taxılla təmin etməyi nəzərdə tuturuq. 2016-cı ilin mart ayının sonunda Milli İqtisadiyyat naziri Yerbolat Dosayev həmin il iyulun 1-dən 1,7 milyon hektar kənd təsərrüfatı sahəsinin hərraca çıxarılacağını açıqlamışdı. Çini təmin etmək üçün bir çox təsərrüfatların günəbaxan yağı və taxıl istehsalı ilə məşğul olacağı güman edilirdi. Təəssüf ki, bu islahatlar dalana dirənib. Yəni Qazaxıstanda torpaq mitinqləri nəticəsində kənd təsərrüfatının inkişafı faktiki olaraq dayanıb. Bu səbəbdən növbəti sıçrayışı üçün uzun müddət gözləməli olacağıq.

- Qazaxıstanın bu istiqamətdə böyük potensialı var...
- Potensial var, amma neftlə bağlı da belədir, çünki biz hazır məhsul yox, xam neft satırıq. Vaxtilə bizim Qaraçaqanak böyük qaz yatağımız var idi. Əvvəlcə xammalın yataqdan tam şəkildə Orenburqqazprom İstehsalat Birliyinin Orenburq qaz emalı zavoduna emala göndəriləcəyi güman edilirdi. Daha sonra “Qazprom” SC və “KazMunayQaz” (KMG) dövlət şirkəti Orenburq qaz emalı zavodunun (NQES) bazasında Qaraçaqanak yatağından (Qazaxıstan) hasil edilən qazın emalı üzrə birgə müəssisənin yaradılması barədə razılığa gəldilər. Amma bu məsələdə hələ də irəliləyiş yoxdur. Potensial var, amma emal sənayesi inkişaf etməyib. Buna da diqqət yetirilməlidir.

- Qida böhranı böyük Çin və ABŞ-ın iqtisadiyyatlarına necə təsir edir?
- Təchizat zənciri qırılıb və bu, inflyasiyaya gətirib çıxarır. Bildiyimə görə, tezliklə Avropada avtomobil daşımalarını dayandıracaqlar. Rusiya və Ukrayna ərzaq bazarında çox vacib oyunçulardır. Ona görə də hesab edirəm ki, Ukrayna halqası faktik olaraq bu zəncirdən çıxıb. Ukrayna keçən il yığılan taxılı belə dünya bazarına çıxara bilmir. Odur ki, qiymətlərə də təsir edə bilməz. Belə görünür, biz bunun öhdəsindən gəlmək məcburiyyətindəyik. Yenə də ümid edirəm ki, bu münaqişə tezliklə bitəcək. Çünki münaqişənin uzanması bütün dünya ölkələrinin ərzaq təminatına mənfi təsir göstərəcək.

- Hindistan buğda idxal edən 30-a yaxın ölkədə Rusiya və Ukraynanı əvəz etməyi hədəfləyir. Hindistanın bu istiqamətdəki potensialını necə qiymətləndirirsiniz?
- Hindistanda illik buğda məhsuldarlığı ilə bağlı materialları öyrənmişəm, təəssüf ki, hazırda onların dünya taxıl bazarında Rusiya və Ukraynanı əvəz edə bilyəcəyi ehtimalı azdır. Onlar dünya bazarına təxminən 7-10 milyon ton taxıl təklif edə bilərlər, lakin bu, taxıl alan ölkələrdə ərzaq problemini həll etməyəcək. Taxıl fabrikdə istehsal olunan məhsul deyil, iqlim şəraitinə riayət etmək lazımdır. Bundan əlavə, taxıl dərhal istehsal oluna bilən məhsul da deyil.

- Xəzəryanı ölkələr özlərini ərzaq məhsullarının bahalaşmasından qoruya bilirlərmi?
- “Qorumaq” yox, “təzyiqi azaltmaq” deyərdim. Bunun üçün gömrük tariflərimiz və ödəniş sistemimizin daha sistemli olması lazımdır. Parlamentlər bunun üzərində işləməlidirlər. Əvvəlcə hökumət danışıqlar aparır, sonra parlament işləyir.
İkinci məqam: biz istər-istəməz Rusiyanın təsirini nəzərə almalıyıq, çünki Xəzəryanı dövlətlərin Qazaxıstandan Azərbaycana gedən logistikası məhdud platformadır. Quru yolu daha rahat və güclüdür, odur ki, bunun nə qədər real olub-olmayacağı barədə razılığa gəlməliyik. Münaqişə bitənə qədər heç bir müsbət həll gözlənilmir. Yeganə yol məhsulların daşınması üçün bərələrin potensialından istifadə etməkdir. Əslində bizdə mənbə və vasitələr çox azdır.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az


Teqlər: Ərzaq-böhranı  





Xəbər lenti