Dünyanın 10 ən güclü hakeri - SİYAHI

Dünyanın 10 ən güclü hakeri - SİYAHI
  01 May 2014    Oxunub:3452
AzVision.az sizə dünyaya səs salan 10 ən güclü hakeri təqdim edir:
10) Conatan Ceyms

Tutularkən yetkinliyə çatmamış yeganə haker. Ceyms 16 yaşında ABŞ müdafiə nazirliyinin kompüterlərindən birinə arxa qapı (backdoor) proqramı yerləşdirib, NASA-nın komputerlərindən 1,7 milyon dollarlıq proqram təminatı oğurlayıb. 10 il həbs cəzası alsa da, sonradan cəzası 6 aya düşürülüb və azad edilib. Kompüterlərə toxunması qadağan olunub.

9) Tsutomu Şimomura

"Ağ hakerlər" qrupuna daxildir. (Ağ hakerlər - hər cür proqramı, saytı, komputeri, şifrələri qıra bilən, lakin bundan sonra zəiflikləri sahibinə bildirərək, informasiyanın zərərli hakerlər qrupunun, məsələn, "qara hakerlər"in əlinə keçməsinə mane olurlar. "Qara hakerlər" qrupu isə ələ keçirdikləri məlumatları ya oğurlayır, ya da satırlar) Sıralamalarda ondan da öndə olan Kevin Mitniki hak etməsindən sonra məşhurlaşıb. Əslində Şimomura xeyli əvvəl ona qarşı eyni əməli törətmiş Mitnikdən intiqam alıb, bunu ABŞ Federal Təhqiqat Bürosunun (FTB) yardımı ilə gerçəkləşdirib. Hər cür telefonu modifikasiya etmək bacarığına sahibdir.

8) Riçard Stalman

Massaçusets İnstitutunda “ağ haker” kimi işləyən Stalman həm də dünyada məşhur olan GNU layihəsinin yaradıcısıdır. İnstitutda işlədiyi dönəmdə oranın şifrəli qoruma sistemini qırıb tələbələrə açması ilə məşhurlaşıb.

7) Linus Torvalds

Windows sisteminin ən böyük rəqibi Linuksun yaradıcısı olan Torvalds öz fəaliyyətinə Commodore VİC-20 ilə başlayıb. Etdiyi ən böyük hak məşhur ev kompüteri Sinclair-in işlətmə sistemini dəyişdirib asanlaşdırması olub. 1991-ci ildə Linuks sistemini yaratması ilə bütün dünyada tanınıb.

6) Tim Berners Li

"Ağ hakerlər" qrupuna aid edilən bu şəxs də "Word Wide Web"-in, yəni www konseptinin banisidir. Tim universitet illərində hakerlik ittihamı ilə cəza alıb, 3 il kompüterdən istifadə etməsi yasaqlanıb. O illərdə öz kompüterini özü yaradan Li həm də "hypertext" sisteminin, yəni http-nin istehsalçısıdır.

5) Stefan Vozniak

Apple şirkətinin "Voz" ləqəbli idarəçisi. Gənclik illərində telefon
sistemlərini hak edən və pulsuz telefon danışıqları əldə etməyi bacaran Stefan daha sonra Stiv Cobs ilə birgə Apple-ı yaradaraq bütün dünyada məşhurlaşdı.

4) Robert Tappan Morris

O dünyanın ilk "soxulcan" proqramı olan Morris soxulcanının yaradıcısıdır. Morris bu proqramı yaratmaqla əslində internetin nə qədər geniş olduğunu test etmək istədiyini desə də proqram çox sayda kompüteri zədələyərək sıradan çıxarıb, bundan sonra Morris həbs olunub. 3 il həbsdə qaldıqdan sonra, 400 saat ictimai əməklə məşğul olub və on min dollar cərimə ödəyib.

3) Kevin Poulsen

Gizli adı Dante olan amerikalı Poulsenin ən böyük işlərindən biri LA radio proqramının telefon xəttinə girərək özünə “Porşe” markalı avtomobil və digər hədiyyələr qazandırması olub. Yaxalandıqdan sonra ona 5 il həbs cəzası verilib. Cəzasını çəkdikdən sonra isə jurnalist olaraq işləməyə başlayıb.

2) Kevin Mitnik

Mitnik ABŞ tarixində ən çox axtarılan haker olaraq tanınır. Haqqında iki film çəkilib: “Freedom Downtime” və “Takedown”. Gördüyü ən məşhur işlər telefon sistemlərini hak eləmək və Digital Equipment Corporation-ın sisteminə girərək proqram oğurlamaqdır. Beş il həbs cəzasına məhkum edilib, sonra isə 8 ay kompüterə toxunması qadağan edilib. Cəzasını çəkib, indi sərbəstdir.

1) Adrian Lamo

"Evsiz haker" ləqəbli Lamonun ən məşhur əməliyyatı “Nyu-York Tayms” qəzetinin və Microsoft-un sistemlərinə girmiş olmasıdır. Eyni zamanda Yahoo!, Bank of America, Citigroup və Cingular sistemlərinə də girdiyi təxmin edilir. Yaxalandıqdan sonra 65 min dollar cərimə verməyə, altı ay ev həbsinə və 2 il kompüterə toxunmama cəzasına məhkum edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti