Leyla Yunus: Antalyada ev, 155 min manat, 230 min dollar, 100 min avro – FOTOFAKT

Leyla Yunus: Antalyada ev, 155 min manat, 230 min dollar, 100 min avro – FOTOFAKT
  02 May 2014    Oxunub:4728
Eynulla Fətullayev

“...Mən tumanımı aşağı çəkib unitazda oturmuşdum, “pipi” eləmək istəyirdim... O isə mənə baxırdı, imkan vermirdi ki, “pipi” eləyim...”
“...Tualetə getmək istəyirəm. Cəhənnəm ol! Qarnım ağrıyır...”
“...Sidik kisəm partlamağa qalır...”
“...O, mənə dedi ki, səni ərinin gözünün qabağında zorlayaram. Ərimi də butılka ilə zorlamaqla hədələdilər...”

Və sair və ilaxır.

Azərbaycanlı dissident-hüquq müdafiəçisi Leyla Yunusun dilindən çıxmış bu qanadlı sözlər son günlər bütün dünyanı dolaşaraq pritçaya çevrilib. Bizim ənənəçi cəmiyyətimiz isə yaşlı qadının heç bir sıxıntı olmadan, utanıb-çəkinmədən işlətdiyi bu sözlərdən heyrətə gəlib, çaşıb qalıb.

Leyla Yunus öz şəxsi həyatına dair məhrəm detalları bu cür açıq-açığına dilinə gətirəndə bunun həmvətənlərinə necə təsir göstərəcəyi barədə düşünmüşdümü? Açığına qalsa, şəxsən mən polis əməkdaşının 60 yaşlı Leyla Yunusun tumanının altındakı nəsnəyə baxmaq üçün sinov getdiyinə inanmıram. Heç ona da inanmıram ki, kimsə Leyla Yunusu zorlamaq, özü də ərinin gözünün qabağında zorlamaq istəyə. Özü də bunu kim edə, kim etməyə - Azərbaycanın ən əsil-nəcabətli Ləmbəranskilər nəslinin nümayəndəsi... Siz ziyalı Ləmbəranskinin qarışıq qanlı Yunusu Osventsimdə olduğu kimi zorlamasını özlüyünüzdə təsəvvür edirsinizmi? Aşkar iftiradır...

Bir dəfə belə şey olmuşdu. Əbdürrəhman Vəzirov Azərbaycan KQB-sinin sədri Vaqif Hüseynovun Azərbaycan Xalq Cəbhəsi İdarə Heyəti üzvlərinin intim həyatını əks etdirən videokadrlar əlavə olunmuş hesabat xarakterli məruzəsini oxuyandan sonra öz iş otağında özbaşınalığı ilə tanınan azərbaycanlı Roza Lüksemburqu qəbul etmiş və söhbətdən isterikaya düşmüşdü.

“Onlar öz qərargahlarında nə işlə məşğul olurlar? Bundan sonra da I katibin qəbuluna gəlirlər. Utanmazlar...” - deyə Vəzirov L.Yunusun iştirakı ilə keçirilən partiya iclaslarından çəkilmiş və ona KQB sədri tərəfindən təqdim olunmuş videoyazılara baxandan sonra emosional tərzdə bildirmişdi...

Mən bütün bunlara inanmıram. Çünki indiki videokadrlarda tamamilə soyuqqanlı bir qadın görürük. O, burnunu çəkə-çəkə əlindəki almanı dişləyib çeynəyir, mahiyyətcə iyrənc, forma etibarilə isə sirk tamaşası qururdu.

Leyla Yunus Azərbaycan polisinin üstündə mənim dövlətimin simvolikası olan papağını qudurmuşcasına, azğıncasına çıxarıb ayaqlar altına atanda isə özlüyümdə düşündüm: bu qudurğan qadın məsələn, Almaniyada, yaxud ABŞ-da polisin papağını bu cür utanıb-çəkinmədən, həyasızcasına çıxarıb yerə atsaydı, orada onun başına nə oyun açardılar görəsən?! Alman polisinin sərt hərəkətlərini, güc tətbiqi zamanı yol verdiyi amansızlığı dəfələrlə müşahidə etmiş biri kimi sizi əmin edirəm ki, frau Yunus alman polis zabiti ilə belə davransaydı, onu tumanını isladınca döyərdilər.

Rusiyalı hüquq müdafiəçilərinin (bu, istər rus inqilabının nənəsi Lüdmila Alekseyeva olsun, istərsə də Svetlana Qannuşkina) açıq mühakimə olunduğunu, təzyiqlərə məruz qaldığını da dəfələrlə görmüşük.

Amma müqavimətin yunusvari formasına əl atmaq bu ziyalı liberalların heç ağlına da gəlməz. Dekabrın 31-də, Moskvada narazıların marşı zamanı 80 yaşlı Lüdmila Alekseyevanın necə həbs olunduğunu yadınıza salın. Rusların Qar qızı formasını geymiş Alekseyeva “Marselyoza” oxuya-oxuya rus OMON-un qurduğu kordonun üstünə yeridi. Bu qoca nənənin arıq və kövrək qollarını burub tutsalar da o, gülümsəyirdi. Ləyaqətlə, məğrur dayanmış, başını dik tutmuşdu. Mitinq meydanını da belə məğrur halda, şərəflə tərk etdi. Əgər Alekseyeva papertidən olan əzabkeşdirsə, Yunus Parapetdən olan “manka-obleqasiya”dır. Yunus özü necədirsə, müdafiə elədiyi hüquqlar da elədir...

Bəlkə mən yanılıram?! Ola bilər ki, başına pələng dərisini xatırladan ləçək bağlamış, ürəyi də xəstə olan bu yaşlı qadını sadəcə olaraq affekt vəziyyətinə gətiriblər?! Aclıq hissi və cənnət alması gəvələmək həvəsi də elə bu vəhşanə gərginlik və mənəvi əzablardan irəli gəlib?! Onu Qaralovun opriçnikləri və Usubovun skuratovçularımı bu həddə gətirib çıxardı?!

Qətiyyən belə deyil, əsla inanmıram!

L.Yunus öz növbəti rollarından birini oynadı. “Zəmanəmizin qəhrəmanı”nın aktyorluq məharətini tam miqyası ilə anlamaq üçün Yunusun qalmaqallı əməllərinin xronikasına nəzər salaq.

Birinci pərdə. Falstart

“Ayna-Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovun həbsindən dərhal sonra ayağa qalxıb səsini çıxaran ilk adam L.Yunus oldu. Niyə də yox? Mirqədirovu Ermənistanın xeyrinə casusluqda ittiham edirlər.

Bəs L.Yunus nə edir? O, jurnalisti açıq müdafiə etmək və istintaqa irad tutmaq əvəzinə çox şübhəli və qəribə bir bəyanat verir: “Məni də həbs edin!”

Səni xeyir ola? Səni hansı məqsəd və əsasla həbs etməli idilər? Nə Arzu Abdullayevanı, nə Zərdüşt Əlizadəni, nə də xalq diplomatiyasının digər fəal iştirakçılarını, erməni-azərbaycanlı münaqişəsi ilə bağlı sülhyaradıcı proqramlara dəxli olan digərlərini yox, niyə məhz səni?!

Axı Mirqədirovun konkret nədə ittiham olunduğu bu günə qədər də bəlli deyil, belə deyilmi?! Bəs onda bu “qarğa, məndə qoz var” məntiqi nədir?! Yoxsa xoruzun quyruğu görünür?! Bəlkə bu “pipi” eləmək məsələsi adamın başına vurub, ağlını çaşdırıb?!

İkinci pərdə. Praqa baharı və “partiyanın qızılı”

Baş Prokurorluq L.Yunusun məsləhətini nəzərə alaraq onu istintaqa çağırır. Şahid qismində. Özü də aprelin 28-də!

Bəs bundan əvvəl hakimiyyəti onu həbs etməyə çağıran hüquq müdafiəçisi nə edir?! Ər-arvad Arif və Leyla Yunuslar bank hesablarından iri məbləğdəki pullarını tələm-tələsik çıxarmağa başlayırlar. Mirqədirov aprelin 20-də həbs olunur. Yunuslar ailəsi isə bundan 4 gün sonra Praqa banklarının birindəki hesablarına iri məbləğdə pullar köçürməyə başlayır.

Və birdən, aprelin 28-də - Leyla Yunusun Baş Prokurorluqda şahid qismində ifadə verməli olduğu gün səhər tezdən hüquq müdafiəçisi 5 illik Şengen vizası alır. Bu sənəd ona Avropa İttifaqı ölkələrinin ərazisində yaşamaq hüququ verir. Və Yunuslar ailəsi aprelin 28-də istintaqın çağırışına getmək əvəzinə təcili surətdə aeroporta yollanır və faktiki olaraq başını aşağı salıb ölkədən qaçmağa cəhd edir.

Amma Yunuslar nəyə görəsə çox axmaq bir marşrut seçirlər. Onlar Bakıdan Qətərin paytaxtı Dohaya, oradan isə Parisə uçmaq qərarı verirlər.

Sual olunur: Bakıdan Parisə birbaşa reys ola-ola, yaxud Bakıdan İstanbula, oradan isə Parisə hər gün reys ola-ola (mən onu da öyrənmişəm ki, həmin gün türk aviaşirkətlərinin İstanbul-Paris reysi olub) Yunuslar nəyə məhz Dohaya, oradan Parisə uçub daha sonra da Brüsselə gəlməyə çalışıb?

Leyla Yunus az sonra bu suala kameralar qarşısında belə cavab verəcəkdi ki, “məqsədi bir konfransda iştirak etmək idi”.

Sual olunur: hansı konfransda? Brüsseldə keçiriləcək bu konfrans nə tədbir idi ki, L.Yunus yazın axır-axırında ora bütün qış paltarlarını çamadanlara doldurub, pullarını Praqa banklarına köçürüb, 5 illik viza alıb gedir, titrətmə içində aeroporta tələsirdi?

Hələ bu da hamısı deyil. L.Yunus bileti nəyə görəsə Bakı aviakassalarından almayıb. Bileti onun üçün Moskvanın “OZON travel” agentliyindən alıblar! Nəyə görə məhz Rusiya turizm agentliyindən? L.Yunus üçün bu bileti kim alıb, onun ölkədən getmək planınıns sxemini kim çəkib?

Nəhayət, L.Yunus 5 illik vizanı Fransa səfirliyindən alıb. Az əvvəl burada ona Fransanın ali mükafatı - “Fəxri legion” ordeni təqdim olunmuşdu. Çox maraqlıdır, L.Yunus Fransanın - siyasətinin formalaşmasında güclü erməni disporunun rolunun çoxdan bəri həlledici olduğu (az qala “ikinci skripka” səviyyəsində!) bir dövlətin ali mükafatını hansı xidmətlərinə görə almışdı?

L.Yunus erməni isteblişmentinin nümayəndələri ilə birgə “sülhyaradıcı layihələr” işləyib hazırlayır. Onu həmişə həm Ermənistanın özündən, həm də erməni diasporundan olan adamların əhatəsində görərsən. Laura Bağdasaryan, David Şahnazaryan (Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri), Riçard Kirakosyan (Vaşinqton), Qrant Baqratyan (keçmiş nazir, indiki deputat), Vaaqn Xaçatryan (İrəvanın sabiq meri), Arnold Stepanyan, Marina Karapetyan (erməni diasporunun nümayəndəsi), İqor Martirosyan (Ermənistan XİN), Lilit Petrosyan (Vaşinqton), Mari Titizyan (Kanada), Karine Stepanyan, Qarabağ separatçısı Samvel Babayan və digərləri L.Yunusun “sülhyaradıcı ziyafətləri”nin daimi iştirakçılarıdır.

Sual edə bilərsiniz ki, mən hüquq müdafiəçisinin sülhyaratma təşəbbüslərini niyə dırnaq işarəsi arasında yazdım. Çünki bu cəhdlərin səmimiliyinə qətiyyən inanmıram. Çünki polkovnik Yunus uzaq 1992-ci ildə digər hüquq müdafiəçisi Arzu Abdullayevanı erməni hüquq müdafiəçiləri ilə görüşdüyünə görə cəzalandırmışdı. Məsələn, A.Abdullayeva erməni ombudsman və ictimai xadim Anait Bayandurla görüşlərdən sonra L.Yunusun şəxsi əmri ilə iki dəfə saxlanmışdı.

Sual yaranır: L.Yunusu qırğı cildini bu sürətlə atıb sülhyaradıcı libasına bürünməyə nə vadar etdi?

Üçüncü pərdə: qaçışı Fransa səfiri təşkil edir

Fransa səfirliyinin həmin gün Baş Prokurorluqda şahid ifadəsi verməli olan L.Yunusa 5 illik vizanı bir neçə saatın içində verməsi azmış kimi işə hətta birbaşa Fransa səfirinin özü qarışır. L.Yunus aeroporta Fransa diplomatik nümayəndəliyinə məxsus avtomobildə gedir. Yəni şahidin ölkədən qaçışını faktiki olaraq səfir özü - cənab Paskal Monye təşkil edir. ABŞ-ın müvəqqəti işlər vəkili də buradadır (görünür, gözə görünməməyə qərar verən səfir Morninqstar bu çirkin “detektiv tarixçə”yə bulaşmaq istəməyib).

Və Fransa səfirinin iştirakı ilə yaşanan bütün bu qalmaqallı əhvalat birbaşa Fransa prezidenti Ollandın Azərbaycana səfəri ərəfəsində baş verir. Səfirliyin və şəxsən səfirin özünün məqsədi nədir? Onlar Fransa televiziyasının Moskvada akkreditə olmuş müxbiri Yelena Voloşinanın L.Yunusun ilk zəngindən sonra Bakıya gəlişi barədə doğrudanmı heç nə bilmirdilər? Fransa prezidentinin səfəri ərəfəsində faransız KİV-lərində bu qalmaqal kimə lazım idi, kimin maraqlarına xidmət edirdi? Məsələ də budur.

Dördüncü pərdə: vasitəçi şəxs Nadejda Atayeva

Leyla Yunus yalan danışırdı. Özü də bu çirkin əhvalatın lap əvvəlindən. Və olduqca xoşagəlməzdir ki, “bütün əzilmiş xalqların azadlığı uğrunda mübarizin” iştirakı olmadan baş tutması mümkün olmayan hansısa anlaşılmaz konfrans barədə iddialarla çıxış edərkən xarici diplomatlar da yalan danışırdılar. Allah bilər, günahları öz boyunlarına!

L.Yunus Parisə uçurdu, heç bir Brüsseldən söhbət belə getmirdi. Və qaçqınları aeroporta qədər müşayiət edən diplomatlar da bu barədə xəbərdar idilər.

Parisdə isə Yunusları mənşəcə özbək olan Nadejda Atayeva adlı biri gözləyirdi. O, 2000-ci ildə atasına - “Uzxlebprodukt” korporasiyasının rəhbərinə korrupsiya ittihamı ilə cinayət işi qaldırılandan sonra Özbəkistandan Fransaya qaçıb. Yeri gəlmişkən, N.Atayeva Özbəkistanın özündə qiyabi olaraq 6 il həbsə məhkum edilib. Hazırda isə o, əri Sergey İqnatovla birlikdə Parisdə yaşayır.

Yunusların Parisə getməli olduğu həmin gün Nadejda Atayeva sosial şəbəkələrdə onların müdafiəsi üçün səs-küylü kampaniya başladı. O, erməni KİV-lərinə (panorama.am) istinadən başqa rezonans doğuran kampaniya da başlayıb və olduqca maraqlıdır ki, burada bizim köhnə qəhrəmanımızın - Vaşinqtondan olan “Miledi”nin də adı keçir.

Yəni çoxları izah etməyə çalışır ki, informasiyanı məhz ledi Vinsentə çatdırmaq lazımdır. Həmin ledi Vinsentə - ötən il Azərbaycandan deportasiya olunan Amerika xüsusi xidmətlərinin məxfi əməkdaşına. Maraqlı təsadüfdür, elə deyilmi?!

Beşinci pərdə: Antalyada mənzil

Tutaq ki, bütün bu yuxarıda yazılanlar jurnalistin uydyurması və xəstə təxəyyülünün məhsuludur. Bu halda Leyla Yunus digər elementar suala - Brüsselə beynəlxalq konfransa getdiyi halda Antalyadakı mənzilinin mülk sənədlərini niyə özü ilə götürdüyünə necə cavab verə bilər?

Axı onun çamadanında axtarış zamanı Antalyadakı daşınmaz əmlaka aid sənədlər çıxmışdı! Həm də təkcə onlar yox!!!

Mən sualları və gəlirlər haqda bəyannamənin təqdim olunması barədə ədalətli tələbi, “işğalçı rejimin pəncəsi altında əzab çəkən” zavallı, yetim hüquq müdafiəçisində başqa ölkələrdə mənzil almaq üçün bu qədər pulun haradan olduğu barədə izahatı bir kənara qoyuram.

Yunus nə zadəgan deyil, nə Hacı Zeynalabdin Tağıyevin nəvəsi deyil, təsəvvür edin, onun hətta azərbaycanlı oliqarxlara da qohumluğu çatmır. O zaman sual olunur: “pullar haradandır, Zin”?!

Və bir də, Yunusların mənzillərinin “kupça”ları Brüsseldəki konfransda kimə lazım idi? Hə? Cavab vermirsiniz ki?

Altıncı pərdə: 155 min manat, 230 min dollar, 100 min avro

L.Yunus kifayət qədər böyük pul axınlarını idarə edib. Məsələn, təkcə hansısa anlaşılmazlıqdan (belə hesab edək!) “Transparency Azərbaycan” təşkilatına başçılıq edən korrupsiya ilə, qohumbazlıqla baş mübariz Rəna Səfərəliyevanın başçılıq etdiyi (oliqarxlara qarşı digər mübariz Mirvari Qəhrəmanlının qızı Mətanət Əzizova ilə birlikdə) “Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” QHT-si vasitəsilə Leyla Yunus son bir neçə il ərzində 155 min manatı, 230 min dolları və 100 min avronu şəxsən alıb və bank hesabından çıxarıb. Əgər xanım Yunus istəsə, biz böyük məmuniyyətlə onun demokratiya uğrunda mübarizə, NKVD-yə qarşı savaş və ermənilərlə dostluq üçün daha hansı QHT-lər vasitəsilə başgicəlləndirici məbləğdə pullar aldığını göstərən siyahını da dərc edərik.

Və bütün görünən odur ki, bu pulların böyük hissəsi Antalyaya gedib! Bəs R.Səfərəliyeva hara baxırdı? Axı korrupsiya və qanunazidd əməlin törədilməsinə dair şübhələr açıq şəkildə ortadadır. Bəs necə, “Transparency”nin hamisi, “krışa”sı müqəddəsdir!

Maraqlıdır, NKVD-yə, Beriya və Yaqodaya qarşı əsl mübariz qismində xanım Yunus R.Səfərəliyevanın QHT-sinə hansısa aidiyyəti olmadığı halda bu təşkilatın hesabından böyük məbləğdə pulları necə çıxara bilib? Burada bank sənədlərinin saxtalaşdırılması olmadan keçinmək mümkün deyil və L.Yunus bunun köməyi ilə göstərilən tranşları nəqdiləşdirib. Və çox güman ki, bu qanunsuz maliyyə əməliyyatları Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə çağıran QHT-nin rəhbərliyinin razılığı olmadan həyata keçirilə bilməzdi!

Yeddinci pərdə: pullar haradan gəlirdi?

Görünən odur ki, hüquq-mühafizə orqanları tezliklə bu suala da cavab tapacaqlar. Ancaq indidən aydındır ki, L.Yunus bu pulları Böyük Britaniya və Kanada səfirliklərindən, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı NED fondundan alırdı.

Maliyyə axınları Rəna Səfərəliyevanın QHT-sinin “UniBank”dakı hesabına daxil olurdu. Pullar Fransanın “Societe Generale” bankı, Amerika bankları “Citibank” və “Wells Fargo Bank” Avstriya bankı “Raiffeisen Bank” və alman bankı “Commerzbank”dan köçürülürdü.

* * *

Bax, indi mən Yunus cütlüyünə sual verirəm: bu QHT-lər vasitəsilə nəqdləşdirilən pullar hara xərclənirdi? Əgər onlar bu pulların qəpiyinə qədər hesabını verə bilsələr, məndə başqa QHT-lər və banklar üzərindən həyata keçirilən digər böyük maliyyə fırıldaqları, nəqdləşdirilən pul axınları barədə suallar yaranacaq. Və əlbəttə ki, Praqa banklarındakı hesablar barədə...

İndi siz başa düşdünüzmü ki, Leyla Yunus bütün dünyanın gözü qarşısında o sirk tamaşasını niyə göstərirdi? Bax, görürsünüzmü, imkan vermirlər ki, adam “pipi” eləsin...

Tərcümə: virtualaz.org

Qalereya




Teqlər:  





Xəbər lenti