“Supermarket kassaları insanları aldadır” – MÜSAHİBƏ

“Supermarket kassaları insanları aldadır” – MÜSAHİBƏ
  02 May 2014    Oxunub:2231
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun Azvision.az-a müsahibəsi.

- Hazırda Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi hansı səviyyədədir?


- Mən hesab edirəm ki, Azərbaycan Respublikasının “Sahibkarların Maraqlarının Müdafiəsi haqqında” qanunu əslində istehlakçı hüquqlarına sui-qəsddir. Bu qanuna əsasən, hər hansı bir yoxlama ilə bağlı biznes quruma əvvəlcədən məlumat verilməlidir.

Hazırda Azərbaycanda vəziyyət belədir: Əgər ölkənin hər hansı bir ərazisində istehlakçıların həyatına təhlükə yaradan qida məhsulunun satışı aşkarlansa belə, hər hansı bir dövlət qurumunun buna müdaxilə etmək hüququ yoxdur. Hətta ən minimal tədbirlərin görülməsi üçün əvvəlcə nazirliyə məlumat verilməli, daha sonra müvafiq icazə alınmalı və öz gəlişin barədə qarşı tərəfi mütləq məlumatlandırmalısan. Bu isə doğru deyil.

Mən vurğulamaq istəyirəm ki, sahibkarların maraqlarının müdafiəsilə bağlı yürüdülən siyasət düzgün deyil. Vəziyyət olduqca qəlizdir. Bir tərəfdən bu qanun sahibkarların maraqlarını qoruyur, digər tərəfdən isə, elə etmək lazımdır ki, istehlakçıların hüquqları məhdudlaşdırılmasın.

- Alıcılar tez-tez şikayət edirlər ki, məhsulun qiyməti ilə kassada vurulan qiymət üst-üstə düşmür. Siz bununla bağlı nə deyə bilərsiniz?

- Bu, hazırda aktual olan problemlərdən biridir. Son zamanlar alıcılar tez-tez supermarketlərdə aldanırlar. Əsasən kassalarda alıcıların həqiqətdə aldığı məhsulların qiymətindən daha çox faktura çıxarırlar. Supermarketlərdə satış üçün müasir texnologiyalar tətbiq olunan zaman istehlakçının aldadılması amili də əlavə olunur. Fırıldaqçılıqla bağlı bizə daha çox “Neptun” supermarketlər şəbəkəsi ilə bağlı şikayətlər daxil olur. Qeyd etmək istəyirəm ki, istehlakçıların təxminən 20%-i fırıldaqçılıq, çəki, məhsul keyfiyyətinin uyğunsuzluğu və s amillərə görə öz pullarını itirirlər.

- Bununla necə mübarizə aparmaq olar?

- İstehlakçıların aldadılması onların hüquqlarının qorunmaması ilə bağlıdır. Bunun üçün ölkədə istehlakçıların hüquqlarının qorunması ilə bağlı mükəmməl qanun qəbul edilməlidir. Hər bir sahibkar bilməlidir ki, o, istehlakçıları aldatmaq hüququna malik deyil.

Balifa BAXŞIYEVA
Ülkər QURBANƏLİYEVA




Teqlər:  





Xəbər lenti