Qlobal əczaçılıq bazarı: Böyük hadisələr gözlənilir – VİDEOKAST

      Qlobal əczaçılıq bazarı:    Böyük hadisələr gözlənilir –    VİDEOKAST
  29 Sentyabr 2022    Oxunub:6760
“Pandemiya dünya səhiyyəsində və əczaçılıq sənayesindəki vəziyyəti kökündən dəyişib. Bir tərəfdən iqtisadiyyata və əhalinin sağlamlığına böyük ziyan vurub, digər tərəfdən isə dərman və tibbi avadanlıq istehsalçılarını ciddi şəkildə varlandırıb”.
Bu sözləri AzVision.az -a müsahibəsində Rusiya Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin Səhiyyə İqtisadiyyatı İnstitutunun direktoru, biologiya elmləri namizədi Larisa Popoviç deyib.

O bildirib ki, əvvəllər tanınmayan, ancaq “COVİD”in müalicəsi üçün perspektivli molekullar icad etməyə nail olan bir çox elmi kollektivlər məşhurlaşıb. Böyük biofarmanın iri oyunçuları bu kəşfləri fəal surətdə satın almağa başladılar və böyük qazanc əldə etdilər. Hazırda biofarma yeni dərmanların tədqiqi və istehsalı istiqamətində hərəkət etmək üçün əhəmiyyətli resurslara malikdir.



- İndi qlobal əczaçılıq bazarında vəziyyət necədir?
- Dərman bazarının inkişaf perspektivlərindən danışarkən bu bazarın bütövlükdə səhiyyə sistemindəki vəziyyətlə sıx bağlı olduğunu nəzərə almaq lazımdır. Son illər IPO-lara (İlk Publik Təklif) çıxış intensivləşib, dərman istehsalçılarının kapitalında aktiv artım müşahidə olunur. COVİD vaksinlərinin satışına tələbat yüksəkdir. Təbii ki, pandemiya şəraitində bir çox peyvəndlər uzun illər sınaqdan keçirilməyi nəzərdə tutan standart prosedurlar olmadan sürətləndirilmiş şəkildə dövriyyəyə buraxıldı. Ona görə də düşünürəm ki, yaxın illərdə peyvəndlərin fəsadları haqqında daha çox məlumat alacağıq.

Lakin əczaçılıq bazarı təkcə vaksinlərlə məşğul olmayıb. Analitiklərin fikrincə, indi “Big Pharma” gələcək illərdə ən vacib perspektivli sahələrdə çoxlu maraqlı ideyalara malikdir. Söhbət immun sistemində, onkologiyada və psixiatriyada pozğunluqlarla əlaqəli xəstəliklərdən gedir. Bu il biz Alzheimer xəstəliyi ilə mübarizədə maraqlı yeniliklərin təqdimatını gözləyirik. Görürük ki, sinir sisteminin dağıdıcı xəstəlikləri, müxtəlif növ şişlərlə mübarizə aparmaq üçün perspektivli molekullar yaranır.

Buna görə də yaxın gələcəkdə xərçəngin immunoterapiyası baxımından çox maraqlı nailiyyətlər gözləmək olar. Bu sahədə irəliləyişlər var. Dağınıq skleroz kimi xəstəliklər baxımından tamamilə yeni yanaşmalar gözləyirik.

Qlobal əczaçılıq bazarı inkişaf edir, orada pul var, tədqiqat və innovasiyalar öz yolu ilə gedir. Ancaq ABŞ-da dərman istehsalının tənzimlənməsində ciddi dəyişikliklər gözlənilmir. Əczaçılıq tənzimləyicilərinin tələbləri güman ki, eyni qalacaq. Burada qarşıya çıxa biləcək yeganə maneə hazırda dünyada davam edən iqtisadi böhran ola bilər.

İqtisadi böhran, təbii ki, müxtəlif sahələrə təsir edəcək, amma yenə də, mənə elə gəlir ki, onun təsir etməli olduğu son şey səhiyyə sistemidir, çünki bu sahə həmişə investisiya üçün cəlbedici olub. İqtisadçıların dediyi kimi, həyat elmi iqtisadiyyat üçün “Kondratyevin altıncı dalğası” olacaq. Kondratyevin ilk dalğası 19-cu əsrin ortalarında iqtisadi və sosial mənzərəni dəyişdirən buxar mühərrikləri oldu, ikinci dalğa 19-cu əsrin sonunda kimyəvi sintez və yeni materiallarla gəldi, üçüncü dalğa 20-ci əsrin 30-cu illərində özünü göstərən, əhalinin həyatını nəzərəçarpacaq dərəcədə dəyişdirən avtomobil sənayesi oldu, dördüncü dalğa - 60-cı illərdə aviasiya və təyyarə istehsalının inkişafı, beşinci dalğa 2000-ci illərdə başlayan kompüterləşmə və internetin inkişafıdır. İndi iqtisadçılar hesab edirlər ki, təbii elmlər və biotexnologiyanın hazırkı inkişafı iqtisadiyyatın irəliləməsi üçün növbəti stimul ola və böhrandan çıxmağa kömək edə bilər.

Dünyadakı həyəcanlara və problemlərə baxmayaraq, səhiyyə sistemi inkişaf edəcək, hətta yeni impulslar da qazana bilər. Psixiatriya, nevrologiya, endokrinologiya və onkologiya problemləri indi bütün tədqiqatçıların diqqət mərkəzindədir. COVİD bunlara ciddi təkan verdi, immun prosesləri, orqanizmdə baş verən sistem dəyişiklikləri haqqında biliklərimizə çox şey əlavə etdi. Biz artıq birgə səylərin öhdəsindən gəlməyi bacarırıq. Yaxın gələcəkdə yeni biliklərin birləşdirilməsi kompleks və hibrid tibbi texnologiyaların inkişafına təkan verəcək. Bu, bir çox xəstəliklərin müalicəsinin yeni üsullarının işlənib hazırlanmasını mümkün edəcək. Biz qlobal səhiyyə sistemində sıçrayışlı kəşflər gözləyirik.

Pandemiya səbəbindən xəstələliklərun adi strukturu dəyişir, əsəb və emosional-koqnitiv sferaların patologiyaları əhəmiyyətli dərəcədə böyüyür və tezliklə digər, əvvəllər o qədər də geniş yayılmayan xəstəlikləri də ardınca sürükləyəcək. Beləliklə, çoxlu dəyişikliklər olacaq.

- Dünyada baş verən hadisələr – Rusiya-Ukrayna müharibəsi, “Covid-19” pandemiyası, qlobal inflyasiya, ərzaq böhranı Rusiyada dərmanların qiymətinə necə təsir edib?
- Rusiyanın Ukraynada xüsusi əməliyyata başlamasından sonra, yəni mart ayında əhalidə narahatlığın artması səbəbindən dərmanlara tələbat və qiymətlər də kəskin qalxdı. Lakin Rusiyada qiymətlərə kompleks, effektiv nəzarət sistemi mövcuddur. Bizim bir neçə dərman bazarı seqmentimiz var. Əvvəla, bunlar dövlət tərəfindən tənzimlənən seqmentlərdir. Ora həyati və vacib dərmanların siyahısı daxildir. Bu dərmanlar həmin seqmentdə bütün logistika və pərakəndə satış tarifləri daxil olmaqla dövlət tərəfindən nəzarət edilən və ciddi şəkildə tənzimlənən sabit qiymətə tabedir. 2021-ci ilin sonundan etibarən bu seqmentdə qiymətlərə yenidən baxıldı və onlar inflyasiyaya uyğun indeksləşdirildi. Odur ki, mart ajiotajı zamanı qiymət praktik olaraq qalxmadı. Artım 0,2 faizdən az olub. Bu, kommersiya seqmentinə aid olandır.

Üstəlik, Rusiyada dövlət vəsaitləri hesabına həyata keçirilən dövlət dərman təminatı proqramlarının da böyük bir seqmenti mövcuddur. Bu, xəstələrin xəstəxanalarda, gündüz stasionarlarında, təcili yardım çağırarkən qəbul etdikləri dərmanları və təcili yardımı əhatə edən böyük bir seqmentdir. Onlar bütün dərmanları pulsuz alırlar. Bundan əlavə, 20 milyondan çox rusiyalı üçün ambulator seqmentdə dərman yardımı proqramlarımız var. Bu yardımları veteranlar və əlillər, çoxuşaqlı ailələr və onların azyaşlı uşaqları, həmçinin ağır xəstəlikləri olan xəstələr alırlar. Onların hamısına ehtiyac duyduqları dərmanlar pulsuz verilir.

Bu işə federal və regional büdcələr cəlb olunub. Bundan əlavə, İİV/QİÇS, hepatit xəstələri, ürək əməliyyatı keçirmiş xəstələr və bəzi kateqoriyadan olan pensiyaçılar da pulsuz dərman alacaqlar. Milli təqvimdə əksini tapan bütün peyvəndlər vətəndaşlara dövlət hesabına edilir. Bu dərmanlar rəqabətli prosedurlarla satın alınır, ona görə qiymətlər xarici amillərdən asılı olmayaraq ciddi şəkildə tənzimlənir. Bundan əlavə, nadir xəstəlikləri olan xəstələr üçün xüsusi proqramlarımız var. Burada da dərmanların mərkəzləşdirilmiş şəkildə alınması istehsalçı ilə razılaşdırıla bilən qiymətlərlə təmin edilir.

Ticarət seqmentində həyati və vacib dərmanlar siyahısından kənar dərmanlar da var. Onların qiymətlərini bazar özü tənzimləyir. Qiyməti tənzimlənən və tənzimlənməyən dərmanların nisbəti təxminən yarı-yarıyadır.
Tənzimlənməyən dərmanlar seqmentində tələsik tələbat və tədarük zəncirindəki dəyişikliklər səbəbindən mart ayında qiymət artımı 5 faizdən 12 faizə yüksəldi. Dərman tədarükçülərinin kifayət qədər ciddi maddi-texniki problemləri var idi və bu, qiymətlərə təsir etdi. Amma ajiotajın ilk həftələrindən sonra, aprel ayından etibarən bu seqmentdə qiymətlərdə enmə müşahidə olunur. Görünür, normal logistika zəncirləri var.
Bundan əlavə, dövlət istehsalçıları, qismən də distribyutorları dəstəkləmək üçün tədbirlər görüb. Üstəlik paralel idxal icazəsi ilə bağlı tədbirlər tətbiq edilir. Yavaş-yavaş məcburi lisenziyalaşdırma tədbirləri işə salınır, lakin hələlik yumşaq rejimdə.


- Rusiyada istehsal olunan ceneriklərin keyfiyyəti necədir? Dünyada baş verən proseslərin fonunda indi Rusiya bazarında onlara nə dərəcədə tələbat var?
- 2009-cu ildə qəbul edilmiş “Pharma-2020” xüsusi proqramının həyata keçirildiyi illər ərzində Rusiya cenerik ölkəsinə çevrilib. Ölkədə satılan dərmanların 85 faizi cenerik dərmanlardır. Bunların təxminən 80 faizi Rusiyanın özündə ya yerli istehsalçılar, ya da istehsalı ölkəmizdə lokallaşdıran xarici şirkətlər tərəfindən istehsal edilib.

Rusiyada Qərb əczaçılıq şirkətlərinin lokallaşdırılması kifayət qədər yaxşı getdi. Qərb şirkətləri ilə qarşılıqlı əlaqə bir çox texnologiyaların Rusiya Federasiyasında inkişafına təkan verdi. İndi bizdə çox maraqlı və innovativ dərmanlar istehsal edən aparıcı şirkətlər var. Ölkəmizdə, məsələn, onurğa əzələlərinin atrofiyası və paroksismal gecə hemoglobinuriyası üçün dərmanın analoqları istehsal edilib. Son vaxtlara qədər bu xarici dərmanlar dünyanın ən bahalı dərmanları idi. Bizim şirkətlər isə onları özləri istehsal edə bildilər və indi qiymətləri xeyli aşağıdır.

Bundan əlavə, Rusiyanın artıq digər genetik xəstəliklərin müalicəsi üçün öz innovativ istehsalı var. Qərb texnologiyaları və yerli biologiya məktəbi “Pharma-2020” proqramının əvvəlində Rusiyada əczaçılıq bazarının gələcək inkişafı üçün yaxşı əsas yaratmağa imkan verdi. Təbii ki, biz bütün dərmanları ölkədə istehsal etmirik. Aydındır ki, dünyanın heç bir ölkəsi özünü bütün lazımi dərmanlarla tam təmin edə bilməz, hətta ABŞ da. Son müşahidələrimə görə, onkoloji xəstəliklərin müalicəsi üçün ABŞ öz xəstələrinə bu gün mövcud olan molekulların 100 faizini deyil, haradasa 75-78 faizini təklif edə bilir.

Postsovet məkanı ölkələrində bu molekulların 40-50 faizə qədəri mövcuddur, lakin buna baxmayaraq, kifayət qədər yaxşı dərmanlar hələ də var və dövlət bu sahəyə böyük vəsait ayırır. Ona görə də, fəlakət baş verdiyini demək tamamilə yersizdir. Problemlərə baxmayaraq, Qərb şirkətləri Rusiyanı tərk etmirlər. Bəziləri artıq klinik sınaqlara qayıdır, çünki Rusiyada bu sınaqlar üçün yaxşı baza var və bunu Qərbin böyük əczaçılıq sənayesi də qeyd edir.

Məsələn, bu yaxınlarda onkohematologiya sahəsində mütəxəssislər üçün iş gördük və orada baş verənlərə baxdıq. CAR-T hüceyrə terapiyasında ən son texnologiya, komponentlərin ayrılması üçün xüsusi üsullarla donor qandan istifadə olunmasını nəzərdən keçirdik. Həkimlərimiz artıq onları mükəmməl bilirlər və federal klinikalarda istifadə edirlər. Bu texnologiyalar sümük iliyinin transplantasiyası üçün yeni imkanlar yaradır. Uşaq onkologiyasında ölüm halları minimuma endirilib. Ona görə də, bu sahədə birgə tədqiqatlara çox ciddi, hətta demək olar ki, rəqabətli tələbat var.

- Rusiyada ən çox rast gəlinən kritik xəstəliklər hansılardır? Onlarla mübarizədə dərman təminatı ilə bağlı işlər necə gedir?
- Əslində burada iki aspekti nəzərə almaq lazımdır. Kritik xəstəliklər ölkədə ən yüksək ölümlə müşayiət olunan xəstəliklər hesab edilə bilər. Onları yüksək səviyyəli əlillik və əmək potensialının azalması səbəbindən maksimum iqtisadi ziyana səbəb olan xəstəliklər hesab edə bilərik. Ancaq bunlar tamamilə fərqli siyahılardır. Postsovet məkanının bütün ölkələrində, o cümlədən, sizdə və bizdə onlar tamamilə fərqlidir. Əgər ölümdən danışırıqsa, aydındır ki, ən yoxsul ölkələr istisna olmaqla (onlarda ölümün əsas səbəbləri infeksiyalardır) bütün dünyada ürək-damar və onkoloji xəstəliklər üstünlük təşkil edir. Üçüncü yerdə zahiri səbəblər dayanır ki, onlar heç də həmişə səhiyyə sistemi ilə bağlı deyil, sosial şəraitin nəticəsi ola bilər.

Eyni zamanda, səhiyyə iqtisadiyyatı baxımından vəziyyət belədir: ürək-damar xəstəliklərinin müalicəsi hələ də kifayət qədər ucuz dərmanlarla aparılır. Bütün ölkələrdə çox sayda cenerik var və əczaçılıq şirkətləri bir qayda olaraq ürək xəstəliyinə xüsusi maraq göstərmirlər. Çünki kifayət qədər yaxşı dərmanlar var. Üstəlik, ürək-damar xəstəliklərindən ölənlərin orta yaşı 70-ə yaxınlaşır. Bunlar hər halda yaşlıların xəstəlikləridir.

Onkologiya da gənclər arasında rast gəlinən döş xərçəngi, kolorektal xərçəng, ağciyər xərçəngi kimi bəzi növlərdən başqa, yaşı yetmişə yaxınlaşan yaşlı qruplarının xəstəliyidir. Buna baxmayaraq, çox sayda elm adamının marağı onkologiya sahəsinə yönəldilir, tədqiqatçıların portfellərində bir çox yeni molekullar əmələ gəlir. Xərçəng bir çox başqa xəstəliklərin açarını və hüceyrələrin əbədi həyatının sirrini özündə saxlayan sistemli bir xəstəlikdir.

Endokrin və immunitet sistemindəki pozğunluqlar əsasən sistemli xarakter daşıyır. Bir çox alim və əczaçılar onlarla da maraqlanır. Eyni zamanda, belə xəstəliklər əsasən ölümə səbəb olmasa da, bütün ölkələrə ciddi iqtisadi ziyan vurur. Müxtəlif meyarlara görə onları prioritet adlandırmaq olar. Bununla belə, dayaq-hərəkət aparatı xəstəlikləri minimal ölümlə müşayiət olunsa da, maksimum iqtisadi ziyan vurur.

Qarşımda postsovet məkanının bəzi ölkələrindəki xəstəliklərin reytinqi var. Azərbaycan, Rusiya, Qırğızıstan, Ermənistan və Qazaxıstanda ömür itkisi illərinin sayına görə dayaq-hərəkət sistemi xəstəlikləri prioritetdir. Bu xəstəliklərin müalicəsi üçün dərmanların arsenalı dünyada o qədər də böyük deyil. Ağrıkəsicilər, qığırdaqların məhv olmasını qismən ləngidən, sümük toxumasının müəyyən qədər bərpasına kömək edən dərmanlar var, lakin indiyə qədər farmasevtika bu sahədə çox inkişaf etməyib. Bu, prioritet xəstəlikləri necə və nəyi nəzərə alaraq müəyyənləşdirməklə bağlıdır.

- Rusiyada ən çox yayılmış xəstəliklər üçün dərman ehtiyatı fondu yaradılıbmı?
- Böyük ehtiyatlara ehtiyacımız yoxdur, çünki özümüz xeyli miqdarda dərman istehsal edirik. Bəli, bütün dünya kimi maddələrdən müəyyən asılılığımız var. Çünki dünyada maddələrin əsas istehsalçıları hələ də Çin və Hindistandır. İndi Rusiya 2030-cu ilə qədər strategiya qəbul edib və tam dövriyyəli istehsalı dəstəkləmək üçün tədbirlər görüb. Hazırda öz ərazimizdə maddələr istehsalını fəal şəkildə genişləndirməyə başlamışıq. Əlbəttə, hələ ki özümüzü bütün hallarda yerli maddələrlə təmin edə biləcəyimizi söyləmək olmaz, amma ən azı bizə dost olmayan, tədarükü praktiki olaraq dayandıran ölkələrdən asılılıq artıq əvəzlənib. Rusiyada lazımi maddələri ya dost ölkələrdən tədarük, ya da özümüz istehsal edirik. Onkologiya və immunologiya da daxil olmaqla, getdikcə daha çox orijinal dərmanlarımız meydana çıxacaq. Məsələn, monoklonal antikorlar adlanan dərmanlar sinfindən COVİD-in müalicəsində fəal şəkildə istifadə olunur. Onlar bəzi xərçəng növlərinin müalicəsində də tətbiq edilə bilər. Burada da maraqlı irəliləyiş var.

- Nadir xəstəlikləri olan xəstələrin dərman təminatı məsələsi necə həll olunur?
- Biz xüsusi xeyriyyə fondu yaratmışıq, ora imkanlı şəxslərin ianələri daxil olur və onlara dərmanlar alınır. Bu ilk növbədə uşaqlardakı onkoloji və nadir xəstəliklərə aiddir. Bu fond mütəmadi doldurulur. Hazırda əvvəllər əlçatmaz olan dərmanları almağa imkan verən çoxmilyardlıq fondlarımız var. Dövlət bütün üsullardan istifadə edərək bu dərmanları almağa çalışır. Burada xəstəni ona lazım olan, lakin ölkədə olmayan dərmanla təmin edə bilən maraqlı mexanizm var. Həkimlər belə bir ehtiyacı təsdiqləsələr, fond dərmanın xaricdən alınmasını və xəstəyə çatdırılmasını təmin edir.

- Rusiya, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əczaçılıq şirkətləri, tibbi elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığı necə regional səviyyəyə çatdırmaq olar?
- Bilirsiniz ki, bizdə EA ES platforması var və o, əczaçılıq sahəsində də fəaliyyət göstərir. Biz Aİİ ölkələri üçün vahid tənzimləmə məkanına keçirik. Hazırda ölkəmizdə ŞƏT çərçivəsində müxtəlif kanallar üzrə əməkdaşlıq çox fəal inkişaf etməyə başlayır. BRİKS platformasında vaksinlər və antiretrovirus dərmanlarla bağlı maraqlı çalışmalarımız var. Biz bu təşkilatın üzvlərilə daim əlaqə saxlayırıq. Yüksək səviyyəli konfranslarla paralel olaraq hər il səhiyyə nazirləri səviyyəsində görüşlər keçirilir. Onlar artıq seçilmiş qarşılıqlı fəaliyyət sahələrinin inkişafını müzakirə edir və yenilərini müəyyənləşdirirlər. Mənə elə gəlir ki, bu üç platforma təbiət elmlərinin inkişafı, əczaçılıq sahəsində tədqiqatlar və tam dövriyyəli istehsalın təşkili sahəsində birgə səylərin inkişafı üçün əsas ola bilər.

Üstəlik, tibbi və əczaçılıq məhsullarının ümumi bazarını yarada bilərik və bu, istehsalçılarla danışıqlar zamanı mövqeyimizi əhəmiyyətli dərəcədə artırar. Ona görə də, bir çox dərmanların ucuzlaşacağından danışmaq olar.

Müxtəlif platformalarda hər zaman dilə gətirdiyim bir xəyalım var. Söhbət nadir xəstəlikləri olan uşaqların müalicəsinin ən yaxşı həll yollarını tapmaq və terapiyanın əlçatanlığını artırmaq üçün həm maliyyə resurslarını, həm də müxtəlif ölkələrin klinik bazalarını vahid platformada birləşdirməkdən gedir. Çünki nadir xəstəlikdən əziyyət çəkən uşaqlar kiçik ölkə və ya kiçik bir region üçün fəlakətdir, onların müalicəsi külli miqdarda vəsait tələb edir. Bu vəsaitlər ya əhalinin əsas hissəsindən alınmalıdır, ya da xəstə uşaq ölümə məhkum olacaq. Nəticədə ölkə və ya region rəhbərləri çətin seçim qarşısında qalırlar. Rusiyada nadir xəstəliklərin müalicəsi üçün bahalı dərmanların verilməsi niyə federal səviyyədə həll olunur? Çünki bir bölgənin buna gücü çatmaz. Bu mənada, ən azından nadir xəstəlikləri olan şəxslərə münasibətdə ölkələrimizin ümumi səylərinin birləşdirilməsi ciddi humanitar aspektə malik ola bilər və digər sahələrdə mövqelərin yaxınlaşmasına da töhfə verər. Ona görə də mənə elə gəlir ki, ümumi dərman bazarının formalaşması istiqamətində fəal iş aparmaq olar.

Seymur Məmmədov
AzVision.az


Teqlər: Əczaçılıq   Dərman  





Xəbər lenti