Auşvitzdəki 7 cırtdan: Liliputlar ölüm düşərgəsindən necə sağ çıxa bildilər?

      Auşvitzdəki 7 cırtdan:    Liliputlar ölüm düşərgəsindən necə sağ çıxa bildilər?
  10 Oktyabr 2022    Oxunub:10101
Nasist Almaniyası bütün Avropanı idarə edirdi. Harada yəhudi var idisə, dərhal toplama düşərgələrinə aparılır və lazımı qədər işlədikdən sonra öldürülürdü. Başqa çıxış yolu yox idi. Adolf Hitler deyirdi ki, onların hamısı ölməlidir.
19 may 1944-cü ildə Transilvaniyadan bir qrup yəhudi toplanaraq Polşada yerləşən ölüm düşərgəsinə - Auşvitzə gətirildi. Gələn qrup arasında 7 nəfər xüsusi diqqət çəkirdi. Onlar 10 nəfərdən ibarət Ovitz ailəsinin cırtdan üzvləri idilər. "Quliverin macəraları"ndaki Liliput ölkəsindən ilhamlanaraq “Liliput” adlı teatr qrupu yaratmışdılar. Müxtəlif yerlərdə çıxış edərək dolanırdılar. SS zabitləri 7 nəfəri nasistlərin ən böyük məhvetmə düşərgəsinə gətirənə qədər cırtdanlar bir-birlərinə dəstək olaraq yaşayırdılar...

Qatardan düşdükləri zaman düşərgədən çıxan tüstü onların diqqətini çəkdi. Onun krematoriumda yandırılan bədənlərin tüstüsü olduğundan xəbərsiz idilər.
Rozika, Avram, Micki, Franziska, Frieda, Perla və Elizabet SS zabitlərinin diqqətini cəlb etdilər. Bu insanlar "ölüm mələyi" olan həkim Cozef Mengelenin axtardığı insanlar idi. Mengelenin yanına gedəcəklərini bildikdə təəccübləndilər. Əgər bura bir "ölüm düşərgəsi"dirsə, həkimin nə işi var?..

Cozef nasist tibbi təcrübələrinin baş qəhramanı idi. Toplama düşərgələri onun üçün nadir bir fürsət idi. Bütün şeytani təcrübələrini yəhudilər üzərində apara bilirdi.

"Ölüm mələyi" cırtdanlar üzərində aparacağı təcrübələr əsasında cırtdanlığın yəhudilərdə genetik olduğunu "sübut edəcəkdi". Bir sıra dəhşətli təcrübələrə məruz qalacaq cırtdanlar üçün Mengele əslində bir mələk idi. Onları ölümdən yalnız o xilas edə bilərdi. Dəfələrlə kütləvi qırğınların baş verdiyi qaz otaqlarına gedən, kütləvi şəkildə krematoriumda yanan insanları gördülər. Mengele onları ölüm mexanizmlərindən xilas edən yeganə insan idi.

Üzərilərində təcrübə apardığı insanlar öz paltarlarını geyinə bilirdilər. Onların özlərinə məxsus balaca yuyunma vannaları, hətta öz çarpayıları belə var idi. Təbii ki, bu imkanlar qarşılıqsız deyildi. Bunun qarşılığı işgəncə idi. İnsalar huşunu itirənə qədər onlardan qan alırdılar. Qulaqlarına bəzən qaynar su, bəzən isə buz torbaları qoyurdular. Təcrübə səbəbi ilə saçları yolunur, dişləri çəkilir, rentgen şüalanmasına məruz qalırdılar. Zədə ala biləcəkləri halda belə üzərilərində ginekoloji təcrübələr keçirilirdi.

Bu baş verənlər ağrılı və alçaldıcı hal olsa da, Mengele onların yaşamasına imkan yaradırdı. Həkim ilə cırtdanlar arasında emosional bir bağ yaranmışdı. O, cırtdanların ən kiçiyi olan Shimshona düşərgədə öldürülən uşaqların oyuncaqlarını gətirirdi. Onların üstünə heç qışqırmır, hətta əsəbi olduğu zaman cırtdanların yanına gedirdi. On minlərlə insanı təcrübə zamanı öldürən, "saf ari irqi" yaratmanın formulunu axtaran Cozef cırtdanlara qarşı fəqli davranış sərgiləyirdi.

Bu rabitə 27 yanvar 1945-ci ildə Sovet qoşunlarının gəlib düşərgədəki insanları xilas edənədək uzandı. Mengele və SS zabitləri düşərgədəkiləri ölüm blokuna göndərdilər. Auşvitzdə 1 milyondan çox insan öldü. Lakin 7 cırtdan qurtulanlardan oldular. Onlar Sovet İttifaqı tərəfindən azad edilərək İsrailə köçürüldülər. Həyatlarına orada davam etdilər.

2001-ci ildə cırtdanlardan biri olan Perla vəfat etdi. O, Mengele haqqında belə deyib: “Mən o iblisin sayəsində sağam”.

Şəms Şahinli
AzVision.az


Teqlər:





Xəbər lenti