Ukraynaya göndərilən "Hələb qəssabı": General Surovikindən gözləntilər - DOSYE

  Ukraynaya göndərilən "Hələb qəssabı":  General Surovikindən gözləntilər -  DOSYE
  12 Oktyabr 2022    Oxunub:7641
Ukraynadakı bütün Rusiya qüvvələrinin komandanlığına gətirilən rus generalı Sergey Surovikinin tərcümeyi- halı maraqlara səbəb olub. Suriyada sərt üsulları ilə tanınan Surovikin amansızlığı ilə seçilir. Həmkarları ona "General Armageddon" ləqəbini veriblər. Digər ləqəbi isə “Hələb qəssabıdır”.
Ukrayna ordusunun ötən ay ölkənin şərqində, Xarkov ətrafında rus qoşunlarını ağır məğlubiyyətə uğratmasından sonra Moskva cəbhə komandanlığında əhəmiyyətli dəyişiklik etdi. Aerokosmik Qüvvələrinin komandanı, general Sergey Surovikin oktyabrın 8-də Ukraynadakı Rusiya qüvvələrinin komandanı təyin edildi. Bu təyinat Ukraynanın cənub və şərqindəki 4 rayonun ilhaqını elan edən Kremlin yerlərdə sərt hərbi üsullara əl atacağına işarə kimi şərh olunur. Çünki Surovikin Suriyadakı sərt hərəkətlərilə ad çıxarıb.


1966-cı ildə Rusiyanın Novosibirsk şəhərində anadan olan Surovikin 1987-ci ildə M.V.Frunze adına Omsk Ali Ümumqoşun komandirləri hərbi məktəbini bitirdikdən sonra sovet xüsusi təyinatlılarının Əfqanıstandakı hissəsinə komandanlıq edib. 1991-ci ildə Sovet İttifaqında Mixail Qorbaçova qarşı hərbi çevrilişdə iştirak edən Surovikinə bağlı bölük paytaxt Moskvada çevrilişin əleyhdarlarından 3 nəfərin öldürüldüyü əməliyyatda iştirak edib.
Həmin bölmənin komandiri Surovikin sonradan həbs olunub. Lakin araşdırmalardan sonra o “yalnız əmri yerinə yetirdiyi” əsası ilə təqsirli bilinməyib. Hərbi karyerasını davam etdirən Surovikinin adı 1995-ci ildə silah qaçaqmalçılığında hallansa da, bəraət alıb.
Onun karyerasında ən mübahisəli hadisələrdən biri 2004-cü ildə baş verib. Surovikinin şiddətli danlaması nəticəsində onun tabeliyindəki polkovnik intihar edib.

Britaniyanın “Guardian” qəzeti yazır ki, həmkarları ona “General Armageddon” ləqəbini müharibəyə sərt və qeyri-adi yanaşmasına görə veriblər. Qəzetə danışan mənbələr bildiriblər ki, Surovikinin Ukraynadakı əsas işi şiddətli əks-hücumla üz-üzə qalan Rusiya ordusunun struktur problemlərini həll etmək olacaq.


General Sergey Surovikinlə 2020-ci ilə qədər işləmiş Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş leytenantı Qleb İrisov bildirib ki, yeni komandir ordunun müxtəlif qollarına nəzarət etməyi və nizama salmağı bilən azsaylı insanlardan biridir. "O, çox amansız, lakin eyni zamanda bacarıqlı komandirdir. Ancaq bütün problemləri həll etməyəcək. Rusiyanın silah və canlı qüvvəsi kifayət qədər deyil",- İrisov bildiirb.

Surovikinin Suriyadan gələn xəbərləri Ukraynada bundan sonra nələrin baş verəcəyinə dair ipucu verir. Yaxın Şərqdəki hadisələrlə bağlı xəbərlər yayan "Middle East Eye" saytının məlumatına görə, Sergey Surovikin 2017-2020-ci illərdə Suriyadakı Rusiya qüvvələrinə komandanlıq edərkən Human Rights Watch (HRW) onu "İdlibə hücum zamanı insan hüquqlarının pozulmasına görə ən çox məsuliyyət daşımalı olan rus komandirlərindən biri" adlandırıb. O, 2017-ci ildə Hələbi yerlə-yeksan edən əməliyyata görə “Hələb qəssabı” kimi də tanınırdı.


Bu generalın yeni vəzifəyə təyinatı xüsusilə Rusiyadakı sərt xətt tərəfdarlarını sevindirdi. Təyinatı Çeçenistanın rəhbəri Ramzan Kadırov və Kremlə bağlı özəl mühafizə şirkəti olan "Vaqner"in rəhbəri Yevgeni Priqojin də alqışladılar.

Ukraynanın 13 şəhəri bombalananda "Telegram" kanalında bu hücuma toxunan Kadırov “İndi əməliyyatdan yüzdə-yüz razıyam” yazıb.

Qeyd edək ki, xristianlara görə, "Armageddon" anlayışı qiyamətdən az əvvəl baş verəcək və bütün dünyanı bürüyəcəyi güman edilən müharibədir. Qiyamətin bu müharibədən sonra gələcəyi gözlənilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti