Azərbaycanlı milyonçu iki bolşeviki və özünü necə güllələmişdi - TARİX

Azərbaycanlı milyonçu iki bolşeviki və özünü necə güllələmişdi -  TARİX
  14 Oktyabr 2022    Oxunub:2438
Sara Aşurbəyli 1906-ci ildə Bakıda anadan olub. “Müqəddəs Nina” qızlar məktəbində təhsil alıb. Cümhuriyyətin işğalından sonra ailəsi Türkiyəyə köçdüyü üçün İstanbulda “Janna Dark” adına kolleci bitirib. Bakıya döndükdən sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub. Buranı başa vuraraq, Şərq və Azərbaycan tarixi üzrə ixtisaslaşıb.
1941-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun xarici dillər fakültəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin baş müəllimi, Azərbaycan Pedoqoji İnstitutunda isə dekan vəzifəsində çalışıb. Sonralar Azərbaycan Tarixi Muzeyində orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib.

1993-cü ildən ömrünün son illərinə qədər Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olub. Sara xanım 2001-ci il iyulun 17-də vəfat edib.
AzVision.az Sara Aşurbəylinin Cümhuriyyət xatirəsini təqdim edir:

- 1918-ci ilin sentyabrından 1920-ci il aprelin 28-dək olan dövr bizim ailə üçün ən xoşbəxt vaxtlar idi. Bakıda Müsavat partiyasına Məhəmmədəmin Rəsulzadə, Nazirlər Şurasına Fətəli xan Xoyski rəhbərlik edirdi. 1919-cu ildə Fətəli xan bizim Mərdəkandakı bağ evimizdə dincəlirdi. O, telefonla atama zəng vurub, demişdi: “Bala bəy, eşitmişəm, sizin yaxşı bağınız var. Mən Bakıda qalmalıyam, xahiş edirəm, mümkünsə, bağ evinizi mənə kirayə verin”. Atam cavab vermişdi: “Mənim pula ehtiyacım yoxdur, Mərdəkəna gəlin, bizə də xoş olar. Mənim orada beşotaqlı qonaq evim var, onu sizin ixtiyarınıza verə bilərəm”.

Fətəli xan Xoyski

Birinci gün Fətəli xanı əslən rus olan arvadı, qızı və oğlu ilə birgə nahara dəvət elədi. Mən Fətəli xanı ilk dəfə görürdüm, o, çox maraqlı adam idi, amma arvadı haqqında bunu deyə bilməyəcəyəm. Bütün yayı onlar bizim bağda keçirdilər. Atam Aydəmirə tapşırdı ki, hər gün bağdakı ən gözəl meyvələrdən dərib, Fətəli xana aparsın.

1920-ci ilin yazında anamın dayısı oğlu, ticarət naziri Mirzə Əsədullayevin müavini Ələşrəf və anamla birgə ictimai məclisin binasında təşkil olunan xeyriyyə məclisinə getdik. İndi orada filarmoniya yerləşir. İlk dəfə idi ictimai məclisdə olurdum. Ziyafət axşamında rəqs etməyimi israrla istədilər. Çox karıxmışdım. Rəqs zamanı üstümə çoxlu şabaş atdılar, bu pulların hamısını toplayıb Hacı Zeynalabdin Tağıyevə apardım. Həmin xeyriyyə axşamında o da yaxından iştirak edirdi.


Sara Aşurbəyli

Artıq gimnaziyanın 6-cı sinfində oxuyurdum. Mən də, rəfiqələrim də özümüzü böyük qızlar kimi hiss edir, bulvarda gəzir, zövqlə geyinirdik. Amma bu xoşəxt həyatımız uzun çəkmədi. Bolşeviklərin gəlişindən, Demokratik Respublikanın və Müsavatın süqutundan az əvvəl hər cümə günü Murtuza Muxtarov və Liza xanım evlərində çay ziyafəti təşkil edirdilər. Bütün burjua cəmiyyəti orada cəm olurdu. Atamla anam da Muxtarovgilə baş çəkirdilər. Bir dəfə necəsə qonaqlarla söhbət zamanı Murtuza demişdi: “Söhbət gəzir ki, bolşeviklər - bu ayaqyalın dilənçilər sərhədimizə yaxınlaşıblar. İşdir, şəhərə girib mənim evimi almaq istəsələr, əvvəlcə onları öldürəcəyəm, sonra da özümü güllələyəcəyəm” . Hamı onun sözünü zarafat kimi qəbul eləşmişdi. Amma tezliklə - 28 aprel 1920-ci ildə XI ordu Azərbaycan sərhədini keçib, Bakını tutdu.

Murtuza Muxtarov

Müsavat hökuməti Bakını döyüşsüz rus bolşeviklərinə təslim etdi, onlardan bəziləri Bakıdan çıxıb Tiflisə yola düşdülər. Tiflisə göndərilən bolşeviklərlə küçə döyüşlərində Həsən bəy Ağayev, Fətəli xan Xoyski və Nəsi bəy Yusifbəyli həlak oldular, xarici işlər naziri Behbud xan Cavanşiri erməni daşnaklar İstanbulda qətlə yetirdilər.

Tezliklə öyrəndik ki, Murtuza Muxtarov Qırmızı Ordunun iki əsgərini güllələyib. Əsgərlər səhər tezdən atla onun evindəki mərmər zala daxil olub, gözətçiyə deyiblər: “Ağanı bura çağır, görüm!” Murtuza özü onların yanına gəlib və əsgərlər əmr veriblər: “Evi boşalt, bu ev daha sənin deyil, bizimdir”. Murtuza cavab verib: “Bu dəqiqə”. Sonra içəri girib, tapançasını götürüb, əvvəlcə hər iki əsgəri, sonra da özünü güllələyib... Anamla birgə Liza xanıma baş çəkməyə getdik, onu imarətindən çıxartmışdılar, evin zirzəmisində qalırdı. Bakıdan gedəndən sonra öyrəndik ki, Liza xanım Türkiyə səfirliyinin əməkdaşı ilə saxta nikaha girib ki, İstanbula gedə bilsin. Onu bir daha heç görmədik.

Həmin vaxt Gəncədə bolşeviklər əleyhinə üsyan qalxdı, bu səbəbdən bir gecənin içində Azərbaycanda burjuaziya təmsilçilərini və bütün zədəganları həbs elədilər. Axşam qapının zəngi çalındı, qulluqçu həyət qapısını açdı. İçəri gənc erməni çekisti daxil oldu, o, atamla əmimin həbsinə order gətirmişdi. Valideynlərimin yataq otağına keçdi, atamla anam həmin vaxt yatırdılar, çekist tapançanı atama tuşladı. O gün anamın astma tutması illərdən sonra yenidən başladı. Almaniyada onu, demək olar ki, sağaltmışdılar. Erməni çekisti mənzili ələk-vələk elədi, gümüşlə dolu sandığı götürdü, atamla əmimi həbs eləyib apardı.

Biz uşaqlar bu hadisədən səhərisi gün xəbər tutduq. Atamla əmimi Bayıl türməsinə aparmışdılar, şəhərin bütün burjuaziya təmsilçiləri və əsilzadələri orada saxlanılırdı".

Cavid Şeydayev
AzVision.az


Teqlər:





Xəbər lenti