Moskva hər il İrəvana verdiyi 2,6 milyardlıq "subsidiya"nı dayandıracaqmı?

   Moskva hər il İrəvana verdiyi    2,6 milyardlıq "subsidiya"nı    dayandıracaqmı?
  21 Oktyabr 2022    Oxunub:1895
Ermənistanda qaz böhranı yarana bilər. Qarşıdan gələn sərt qış İrəvan üçün ciddi sınaqlar vəd edir. Çünki artıq "böyük qardaş" Rusiya Ermənistanla əvvəlki isti münasibətlərə malik deyil.
Ölkənin məşhur nəşrlərindən olan "Hraparak" qəzeti yazır ki, Nikol Paşinyan hakimiyyəti son aylar Moskva ilə siyasi münasibətlərdə gərginlik yaradıb. Bunun ardınca iqtisadi əlaqələrdə axsamaların ortaya çıxması ölkəyə böyük problemlər yaşadacaq. Çünki Qafqaz ölkələri arasında Kremldən iqtisadi cəhətdən ən çox məhz Ermənistan asılıdır.

Paşinyandan Putinə daha bir zərbə - İrəvanda rus kapitalı sıxışdırılır
"Respublika uğrunda" partiyasının sədri Arman Babacanyan deyib ki, Ermənistanın indiki qeyri-müəyyən, həssas vəziyyətində qaz təchizatı məsələsində siyasi komponentlər meydana çıxacaq. Rusiya qazdan Ermənistanın qərb istiqamətinə yönəlməsinə qarşı təzyiq aləti kimi istifadə edəcək. Üstəlik, Rusiyanın Ermənistana tədarük etdiyi qaza görə külli miqdarda borc təqdim etməsi ilə bağlı xəbərlər də yayılıb.

Ermənistan indi sərhəddə "mavi yanacağ"ın 1000 kubmetrinə görə Rusiyaya 165 dollar ödəyir. Halbuki Rusiya eyni qazı Avropa ölkələrinə 1500 dollara satır ki, bu da ermənilərin əldə etdiyi yanacaqdan 1335 dollar bahadır.

"Yəni hər il 2 milyard kubmetr qaz əldə etsək, belə çıxır ki, Ermənistan Rusiya Federasiyasından təxminən 2,6 milyard, ayda isə 220 milyon dollar subsidiya alır" - Bu hesablamaları Ermənistan Respublikasının keçmiş baş naziri Hrant Baqratyan vektor dəyişikliyinin nə qədər təhlükəli olduğunu və qərbyönlü oyunların ardınca nələrin gələ biləcəyini göstərmək üçün aparıb.


"Aydın məsələdir ki, bu sədəqənin də müəyyən "qiyməti" var. Belə bir xeyirxahlığı Vladimir Putin Belarusa qarşı da edir. Belarus isə Rusiya ilə ittifaq dövlətidir və Moskvanın ən sadiq müttəfiqi sayılır. Ermənistan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Burada xüsusi gömrük rüsumları yoxdur və biz də bundan istifadə edirik. Ən əsası isə 2013-cü ildə qəbul olunan məlum qanundan yararlanırıq. Hansı ki, Rusiyanın Orenburq vilayətində mövcud olan qaz qiyməti əmsalı bizə tətbiq edilir. 2013-cü il müqaviləsi 30 il müddətinə imzalanıb. Yəni o, 2043-cü ilə qədər qüvvədədir. Lakin müqaviləyə əsasən, tərəflər 6 ay əvvəldən bir-birini xəbərdar etməklə istənilən vaxt müqaviləni ləğv edə bilər. Yəni Rusiya hər an deyə bilər ki, "mən indi fors-major vəziyyətdəyəm və Ermənistanı yeni qiymətlə razılaşmağı təklif edirəm". Yeni qiymət isə Ermənistanın indiki anti-Rusiya oyunları fonunda Avropa qiymətinə yaxınlaşacaq. Bu məsələdə Baqratyanın müəyyən hesablamaları da var. Əgər bizdə qazın qiyməti dünya səviyyəsinə yaxınlaşsa, həyat səviyyəsi 30 faiz aşağı düşəcək. Yoxsulluq səviyyəsi 50 faizi keçəcək. Təbii ki, bu halda Rusiya ilə yeni danışıqlara və qazın qiyməti ilə bağlı yeni qaydalara mütləq ehtiyacımız yaranacaq", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qaz   Rusiya  





Xəbər lenti