Müəmma: Şahmatçı qızımız niyə oğlanların qrupuna salınmışdı?

// Türkiyədə göstərdiyimiz zəif nəticədən ciddi dərslər çıxarılmalıdır

      Müəmma:    Şahmatçı qızımız niyə oğlanların qrupuna salınmışdı?
  19 Noyabr 2022    Oxunub:4301
Noyabrın 5-dən 15-nə qədər Türkiyənin Antaliya şəhərində 8-18 yaş arası qızlar və oğlanların Avropa çempionatı keçirilib. Bu çempionatda ümumilikdə 46 ölkədən 1000 gənc və yeniyetmə şahmatçı mübarizə aparıb. 9 turdan ibarət yarış maraqlı və həyəcanlı oyunlarla müşayiət olundu.
Yarışda Azərbaycanı ümumilikdə 41 şahmatçı təmsil edirdi. Gənc şahmatçılarımızdan 12 yaş qrupunda Əhməd Xəqan 2-ci, 10 yaş qızlar qrupunda isə Leyla Mirzəliyeva 3-cü yer olmaqla ölkəmizə cəmi 2 medal qazandıra biliblər. Gənc şahmatçılarımızı təbrik edir və gələcəkdə onlara daha böyük uğurlar arzulayıram.

Lakin təssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanın ümumi hesabda Rusiyadan (ümumilikdə 12 medal) və Ermənistandan (1-i qızıl olmaqla 4 medal) geridə qalması hamımız üçün xoşagəlməz nəticə oldu. Dünya şahmatının hegemonu Rusiyanın 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazanması əslində təsadüfi deyildi. Bunun əsas səbəbi Rusiyada orta məktəblərdə şahmatın ciddi şəkildə tədrisi, şahmat məktəblərinin güclü maddi-texniki bazaya malik olması, tədris müəssisələrinin tam hazırlıqlı və peşəkar müəllimlərlə təmin edilməsilə bağlıdır.

Azərbaycanda da bəzi orta məktəblərdə şahmat tədris olunmağa başlayıb, amma real nəticə hələlik müşahidə edilmir. Çünki məktəblərdəki bədən tərbiyəsi müəllimlərin şahmat bilikləri ürəkaçan səviyyədə deyil. Təəssüf ki, bəzi şahmat məktəblərində də heç bir nailiyyəti olmayan qeyri-peşəkar müəllimlər hələ mövcuddur. Bu kimi halların qarşısının alınması, orta məktəblərin bədən tərbiyəsi müəllimlərinin şahmat biliklərinin artırılması məqsədilə təkliflərimi növbəti məqalələrimin birində ictimaiyyətə təqdim edəcəyəm.


Yarışların təşkilatçılığına gəlincə, onlar yüksək səviyyəsi ilə FİDE-nin tarixində iz qoydu. Bunu yarışın bağlanışında çıxış edən FİDE prezidenti Arkadi Dvorkoviç də vurğuladı. O, bu möhtəşəm təşkilatçılığın bütün dünya ölkələrinə nümunə ola biləcəyini xüsusilə qeyd etdi. Dünyaca məşhur qrossmeyster, Avropa Şahmat Birliyinin sədri Zurab Azmayparaşvili də bu fikirləri təsdiqlədi. Yarışın qüsursuz və yüksək səviyyədə keçirilməsindən həm qonaqlar, həm də iştirakçılar razı qalıblar.

Lakin bir fakt diqqətimizdən yayınmadı. Ölkəmizə medal qazandırmağa ən real namizəd, keçən il bu yarışın qalibi olaraq 18 yaşlı qızlar arasında Avropa çempionu, bu il isə dünya 2-cisi olan həmyerlimiz Ayan Allahverdiyevanın naməlum səbəblərdən bu yarışlarda oğlanların qrupunda iştirak etməsi çoxları kimi mənə də müəmmalı qaldı. Sanki kimlərsə onun qəsdən növbəti tituldan kənarda qalması üçün əllərindən gələni əsirgəməmişdilər.

Nəticədə isə qalib Azərbaycan hətta məğlub Ermənistandan da zəif çıxışı ilə yadda qaldı. Vətəndaşlarımız haqlı olaraq qardaş Türkiyədə keçirilən şahmat yarışlarından yüksək nəticə gözləyirdilər. Amma olmadı. Hesab edirəm ki, aidiyyəti qurumlar gələcəkdə real potensiala malik şahmatçıların fəaliyyətlərini doğru dəyərləndirəcəklər.

Azərbaycan şahmat ölkəsidir, ölkəmiz şahmat üzrə yeni çempionlar yetişdirmək üçün ciddi potensiala malikdir, bu potensialın yaradılması üçün dövlətimiz vəsait ayırır. Məsul şəxslərdən kimsə ayrılan vəsaitləri şəxsi maraqları çərçivəsində perspektivsiz və ya tapşırılan zəif idmançılara xərcləmək üçün risk etməməlidir. Bunun nəticəsi çox ağır ola bilər.

Ən azından Azərbaycan məğlub və iqtisadi tənəzzül keçirən Ermənistandan geridə qalmalı deyildi. Özü də qardaş ölkədə! Hesab edirəm ki, adını hələlik çəkmədiyim cavabdeh şəxslər bu xoşagəlməz hadisədən ibrət çıxaracaqlar və biz də gələcəkdə buna bənzər biabırçı hadisələrə şahidlik etməyəcəyik.

Pərvanə İsmayılova
Qızlar arasında dünya və Avropa çempionu,
FİDE ustası

AzVision.az üçün


Teqlər: Şahmat  





Xəbər lenti