Meditasiya, yoxsa şarlatanlıq? Ekspertlər qalmaqallı videonu şərh edirlər

  Meditasiya, yoxsa şarlatanlıq?  Ekspertlər  qalmaqallı videonu  şərh edirlər
  22 Noyabr 2022    Oxunub:1349
Gündəlik həyatımızda üzərimizə düşən vəzifələr bədənimizin və ruhumuzun yorulmasına səbəb olur. Həyatımızda elə vaxtlar olur ki, sakit şəkildə bədənimizə və ruhumuza dinclik vermək, bununla da daxili rahatlığa çatmaq istəyirik. Müxtəlif yollara əl atır, psixoloqa gedir, meditasiya edirik. Qərb ölkələrində geniş yayılan bu cür prosedurlar artıq Azərbaycanda da müşahidə edilməyə başlanılıb. Müxtəlif insanların kütləvi seansları ilə bağlı məlumatlar paylaşılır.
Lakin sosial şəbəkələrdə yayılan bəzi videolarda "mənəvi rahatlıq" tapmaq istəyən insanların haldan-hala düşməsi, bayılması heç də yaxşı qarşılanmayıb. Bəs bu nədir? İnsan ruhunun belə "dincəldilməsi" doğrudurmu?



Psixoloq Elnur Rüstəmov meditasiyanın psixologiyada psixoloji prosedur kimi qəbul edilməsini və elmi əsasının olduğunu bildirib. Lakin vurğulayıb ki, meditasiyanın hansı formada tətbiqi, mütəxəssisin nə dərəcədə hazırlıqlı olması ayrı məsələdir: “İnsanların meditasiyaya getməsində qəbahət bir şey yoxdur. Ancaq bunu necə həyata keçirirlər? Həmçinin meditasiya ilə trans vəziyyətinə girmək dəyişik salınmamalıdır. Trans vəziyyətində olarkən insanın xarici aləmlə əlaqəsi itir. Normal söhbət zamanı da trans vəziyyətinə düşə bilirsən. Sosial şəbəkələrdə yayılan kadrlarda məhz trans vəziyyətini görürük. Bunu kütləvi etmək doğru deyil. Orada insanlar katarsis yaşayırlar. Bu, duyğuların boşalmasıdır, “baca təmizləməsi” də deyirlər. Müəyyən narahatlığı, travması olanlar yığılıb danışırlar. Danışdıqları zamanı da müxtəlif vəziyyət alırlar, kimsə ağlayır, kiminsə ürəyi gedir. Ancaq bunu bu cür kütləvi şəkildə etmək doğru deyil”.

Psixoloq meditasiyanın başqa istiqamət olduğunu və insanın bu zaman düşüncələrə daldığını vurğulayıb: "O vaxtı Anatolo Kaşpirovski kütləvi hipnoz seansları keçirirdi. O da birmənalı qarşılanmırdı. Bu seanslara qatılan adamlarla fərdi şəkildə danışılmalıdır. O cür hadisələrdə hər şey yaşana bilər".



Psixoloq Günel İsmayıllı "ruhunu dincəltmək" adı ilə kütləvi seanslara gedən bəzi şəxslərin halı pisləşdiyi üçün ona müraciət etdiyini bildirib: “Bunun əsas adı cahil insanların inanaraq baş vurduğu, külli miqdarda pullarını töküb, vəziyyətlərini daha da ağırlaşdırdığı, elmi əsası olmayan, elmə söykənməyən, heç bir tərəfdən elmi təsdiqini tapmayan prosedurdur. Sonra psixoloq və ya psixiatra müraciət edərək “mənim dərdim nədir?” sualına cavab tapmağa çalışırlar. Mən bunun dəfələrlə şahidi olmuşam. Təcrübəmdə də rastlaşmışam. Onlara "sizin şüuraltınızı təmizləyəcəyik" deyərək, pullarını alıblar. İnsanları hisslərilə üzləşdirib, onunla mübarizə aparmasına yardım etmək əvəzinə problemi dərinlərə aparır və adamın içində qalmasına səbəb olurlar. Çox təəssüf ki, bir çox cahil insan həkimə, mütəxəssisə deyil, şarlatanlara müraciət edir. Çünki burada şou, “tez bir zamanda azad olmaq” kimi reklamlar var. Təhsilsiz beyinlər də belə şeylərə aldanaraq, özlərini bunların öhəsinə buraxır, sonra da ağırlaşmış vəziyyətdə həkimdən imdad diləyirlər".



Günel İsmayıllının fikrincə, bəzi patologiyalarda bu tipli meditasiyalar hətta təhlükəlidir. Əgər şəxsdə ciddi suisidial düşüncələr, intihar fikirləri tez-tez təkrarlanırsa, bu tip meditasiyalar onları da da ağırlaşdıra bilər. Şəxs bunu sadəcə düşünürdüsə, bir müddət sonra fiziki cəhətdən reallaşdırmağa çalışacaq.


- Ona görə də bəzi patologiyalarda meditasiyalar əsla tövsiyə olunmur. Çünki zərərlidir, təhlükəlidir. Belə şoulara qatılan psixoloji problemli şəxs aydın düşünə bilmir və “saman çöpündən yapışmaq” istəyir. “Siz artıq bu problemlərdən əziyyət çəkməyəcəksiniz, hər şey gözəl olacaq” fikirləri ağır vəziyyətdə olan insana əlbəttə, xoş gəlir. Bəs əslində bu onu hara aparacaq, hansı vəziyyətə salacaq?,- psixoloq sual edib.

“Bir əsrdən çox davam edən materializmin total təsiri tədricən azalır. Artıq qeyri-maddi, mənəvi mövzular gündəmə gəlir. Bu fonda insanların ruhi iztirablarına son qoymaq üçün qeyri-maddi resurslara müraciət etməsi təbiidir”. Bunu isə Məşədi Dadaş məscidinin axundu, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli mövzunu şərh edərkən deyib. Eyni zamanda, o bildirib ki, bu sahədə böyük boşluqlar olduğu üçün insanların aldanmaq şansı da çoxdur: “Boş qalmış meydanda insanların saflığından sui-istifadə edərək zənginləşmək istəyən fürsətcillər çoxdur. Mənəvi hadisələrin də fiziki hadisələr kimi öz qanunauyğunluqları var. Bu qaydalara riayət olunmazsa, müvəqqəti rahatlıq arxasıca dərin və uzunmüddətli problemlər yarada bilər”.


İlhaiyyatçı əhalini diqqətli olmağa çağırıb: "İnsanlar tanış olmayan vasitələrdə mənəvi rahatlığa qovuşmağa cəhdi göstərirlər. Bir çox hallarda bu insanların inanclarının, dinlərinin istismarı ilə nəticələnir. Hazırda bütün bəşəriyyət mənəvi böhran keçirir. Bu böhrandan xilas yolları axtarır və ona görə də müxtəlif alternativlərə üz tutur. Belə meditasiya üsulları müxtəlif formalarda tətbiq edilir. Amma onların effektinin və müsbət təsirinin olduğunu hesab etmirəm. Ən rahatı mənəvi hüzr qazanmaq yolu ilahi dəyərlərə üz tutmaq, Allahın göstərişlərinə uymaqdır. Çünki insanı yaradan Allah onun ehtiyaclarını, mənəvi təlabatını daha yaxşı bilir. Əslində insanın diqqətinin Allaha yönəlməsi üçün edilən vacib ibadətlər, camaatla qılınan namazlar - hamısı ruha müsbət təsir göstərir. Onları kənara atıb bu kimi bizə xas olmayan metodlara üz tutmaqla müsbət nəticə əldə edə və mənəvi rahatlıq qazana bilmərik”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Patologiya   Psixologiya  







Xəbər lenti