“Karpov söz verdi ki, medalını mənə bağışlayacaq...”

// Haqsızlıqla üzləşən azərbaycanlı şahmatçının xatirələri

 “Karpov söz verdi ki, medalını mənə bağışlayacaq...”
  29 Noyabr 2022    Oxunub:5604
Pərvanə İsmayılova,
Qızlar arasında dünya və Avropa çempionu, FİDE ustası

Yazının əvvəlini buradan oxuya bilərsiniz

1995-ci il, yenə Fransa, yenə Paris, yenə də Disneylend. Bu dəfə 14 yaşlı qızlar arasında dünya çempionatı keçirilirdi. Son günün gərgin və çətin final oyunu davam edirdi. Mən və çinli rəqibim zalda təkbətək qalmışdıq. Oyunun qalibi həm də 1-ci yerin sahibi olacaqdı. Dünya çempionu adını qazana bilməyim üçün mənə “heç-heçə” sərf etmirdi. Bu yarışdan qalib ayrılmalı idim.

Oyunda bütün üstünlük mənim tərəfimdə idi, vəziyyətə tam nəzarət edirdim. Həm maddi, həm taktiki, həm də zaman üstünlüyü qazanmışdım. Lakin gözləmədiyim anda çinli rəqibim qalmaqal yaratdı. O anda tək ümid yerim hər şeyi dəqiqliklə bilən fransız hakim idi. Yaxınlaşdı, məni dinlədi və barmaq silkələyərək, rəqibə tərəf çıxdı. Oyun heç-heçə bitdi. Məni 3 və 4-cü yerlərlə kifayətlənmək məcburiyyətində qoydular. Çox üzgün idim. Hər dəfə xatırlayanda eyni üzüntünü keçirirəm.

Əsəbi halda idman zalından çölə çıxanda qarşımda dahi şahmatçı, dünya şahmatının canlı əfsanəsi Anatoli Karpovu gördüm. Fransa TV-lərindən birinə müsahibə verirdi. Ağlayaraq ona yaxınlaşdım. Əvvəldən xoş münasibətimiz var idi. İçəridə baş verən ədalətsizliyi təfərrüatı ilə izah etdim və tam haqlı olduğumu kamera görüntüləri ilə əsaslandırdım.

Karpovun təşəbbüsü ilə kiçik bir komissiya quruldu. İki saata qədər çəkən danışıqlardan sonra mənim tam haqlı olduğum bir daha sübuta yetirildi. Lakin şahmat qaydalarına əsasən, oyun bitdikdən sonra edilən narazılıqlar qeydə alınmırdı. Tələb etdim ki, hakim hərəkətinin səbəbini bildirsin. Fransalı hakimdən aldığım cavab belə oldu: “Çox təəssüf edirəm”. Sonradan məlum oldu ki, fransız hakim milliyyətcə ermənidir. Mənim masamın üzərində qoyduğum Azərbaycan bayrağını həzm edə bilməyib. Bu qərəzli hərəkətinə görə bir müddət hakimlikdən uzaqlaşdırılma cəzası da aldı.

Mən bir daha dahi Karpovdan qızıl medalımı tələb etdim. Çox təəssüflə heç bir şey edə bilməyəcəyini dedi. Amma söz verdi ki, öz dəyərli medallarından birini mütləq mənə təqdim etməklə bu haqsızlığı unutduracaq. Ümid edirəm ki, söz verdiyi o medalı bir gün Karpovdan ala biləcəyəm.
Sonda bir neçə titullu şahmatçı ilə seans görüşü keçirdi. Və bu dəfə məni udmağa qıymadı. Görüşümüz “heç-heçə” ilə bitdi.



Teqlər: Şahmat  





Xəbər lenti