"Platforma" ayaqqabılar yetim qaldı

// Vivyen Vestvud Fəxriyyə Xələfovaya nə demişdi?

 "Platforma" ayaqqabılar yetim qaldı
  30 Dekabr 2022    Oxunub:2337
Britaniyalı modelyer Vivyen Vestvud 81 yaşında dünyasını dəyişib. Yüksək modada pank stilinin banisi sayılan Vestvud 1970-ci ildə dizaynla məşğul olmağa başlayıb. 1971-ci ildə modelyer və musiqiçi Malcolm McLaren ilə birlikdə "Let It Rock" geyim mağazasını açıb. O, 1981-ci ildə öz geyim markası "Vivienne Westwood"u yaradıb.
1990-cı illərdə xanım Vestvud Meri Quantdan sonra Parisdə kolleksiyalarını təqdim edən ikinci britaniyalı qadın modelyer olub. Bugünə qədər bütün dünyada 500-dən çox "Vivienne Westwood" mağazası açılıb.

Həyatı haqqında sənədli bioqrafik film nümayiş olunan britaniyalı dizayner bir çox moda həvəskarı üçün nümunə olub. Onun ölümü ilə moda aləmi yasa bürünüb.

Azərbaycanın tanınmış modelyeri Fəxriyyə Xələfova onunla görüşünü belə xatırlayır: "Bu görüş 2001-ci ildə baş tutmuşdu. O zaman həyata keçirdiyim layihə çərçivəsində dünyaşöhrətli modelyerdən müsahibə alırdım. Vivyen Vestvudla qısa dialoqumuz oldu. Ona istəyimi bildirdim və bunu gülərüzlə qaşrıladı. Vestvud qırmızı rəngli saçları, optimist təbəssümü ilə diqqəti cəlb edirdi",- deyən F.Xələfova onun moda aləmində avanqard tərzi ilə seçildiyini dilə gətirib.

"Bu gün bütün dünyada istifadə olunan hündür platforma ayaqqabıların müəllifi Vivyen Vestvuddur. O, öz brendini bir qədər yaşlı vaxtlarında yaratdı. Ona qədər pank, rok dəbində işləyib, dünyaca məşhur rok klublarını geyindirib. Bir neçə yüksək moda kolleksiyasını yaradandan sonra britaniyalı modelyer ölkəsində mükafatlara layiq görülüb. Beləlikə, moda aləmi və mətbuatın diqqətini cəlb etməyə başlayıb".

Modelyer qeyd edib ki, Vivyen təkcə geyimdə deyil, ayaqqabı və aksesuar modasında da öz sözünü deyib. "Moda aləmində bir çox avanqard ideyaların müəllifidir. Hər zaman rəngli kolleksiyalar təqdim edib, rənglərin sintezini gözəl təqdim edib Daha çox payız-qış mövsümü dəbini nümayiş etdirib və böyük rəğbət də qazanıb".

Aytən Zəhra
AzVision.az


Teqlər: Moda  





Xəbər lenti