"Google"un təqaüdə çıxan qurucuları: Onlar indi nə edirlər?!

"Google"un təqaüdə çıxan qurucuları:    Onlar indi  nə edirlər?!
  10 Yanvar 2023    Oxunub:3692
Google-un qurucuları Sergey Brin və Larri Peyc 2019-cu ildən təqaüdə çıxıblar. Biri festivallarda musiqidən həzz alarkən, digəri şəxsi adasında tənha həyat sürür.
Hər ikisi təqaüdə çıxmaq üçün hələ çox cavandır. Larri Peycin 81,4 milyard dollar sərvəti var və dünyanın 9-cu ən varlı adamıdır. Sergey Brin isə ortağından 4 milyard dollar az sərvətlə 11-ci yerdədir. Peyc bugünlərdə 3D printer ilə təyyarə istehsal etməyə çalışır. Pandemiyadan bəri vaxtının çox hissəsini Ficidə satın aldığı Tavarua adasında keçirir. Məşğul olduğu təyyarə layihəsində təyyarənin şaquli havaya qalxmasını və tam elektrikli olmasını istəyirdi, lakin "Kittyhawk" adını verdiyi şirkət layihələri bəhrə vermədiyi üçün son aylarda fəaliyyətini dayandırdı.


ABŞ-da keçirilən "Burning Man" festivalında musiqidən zövq alan Sergey Brin isə təqaüdə çıxmağın həzzini yaşayır. İlon Maskla münasibətdə olduğu iddia edilən Nikol Şanahanla boşanması uzun müddət manşetləri bəzədi...

"Silisium Vadisi" bu illər ərzində çox dueti birlikdə görüb: Bill Gates və Paul Allen, Stiv Cobs-Voznyak, Larri Peyc və Sergey Brin. Peyc və Brin digərlərindən fərqli olaraq, qalmaqallı ayrılmayıblar və sərvətlərini artırmaq üçün birlikdə çalışmağa üstünlük veriblər.


Peyc təkcə Ficidəki bir adaya deyil, həm də Karib dənizindəki bəzi adalara sahibdir. 49 yaşlı biznesmenin şəxsi ada alması onun ictimaiyyətdən uzaq yaşamaq istədiyinin sübutudur. 2019-cu ildən bəri sərmayə qoyduğu layihələrə nə qədər pul xərclədiyi məlum deyil. Lakin onların əksəriyyətini həyata keçirmək mümkün olmayıb.

Sergey Brin Google-dan ayrılmazdan əvvəl, 2014-cü ildə təyyarələrə xüsusi maraq göstərirdi. Həmin il qurduğu “Havadan yüngül” (Lighter Than Air) adlı şirkəti ilə fəlakət bölgələrində gəmi və ya təyyarələrin girə bilmədiyi ərazilərdə insanlara kömək edə bilən nəqliyyat vasitələri üzərində işləyirdi.
Brin Peyc ilə müqayisədə diqqət mərkəzində olmaqdan narahatlıq keçirməsə də, yaxtasında tənha qalmağı sevir. Onun 3 yaxtası var, biri 73, digərləri isə 40 metrdir.


Google-un axtarış rəhbəri Prabhakar Raghavan deyir ki, Peyc təqaüdə çıxsa da layihələrə vaxtaşırı düzəlişlər edir.

Gündəlik işlərlə məşğul olmasalar da, hər ikisi şirkətdə səsvermə hüquqlarını saxlayırlar. Onların hələ də istənilən qərara veto qoymaq hüquqları var. "Alphabet"in CEO-su Sundar Pichai üzərində o qədər də nəzarətləri yoxdur, amma istəsələr, işləri öz əllərinə ala bilərlər.

Page və Brin 1995-ci ildə Stenford Universitetində tanış olub, hər ikisi kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıblar. "Google" axtarış sistemini yaradarkən onlar "Page Rank" adlı sistem hazırlayıblar. Bu sistemə görə, məqaləyə müxtəlif səhifələrdə nə qədər çox istinad edilsə, həmin məqalə sistem üçün bir o qədər dəyərli sayılır və axtarışlarda öndə görünürdi. Sözügedən prinsip daha təkmil formada bu gün də Google axtarışlarının əsasını təşkil edir. Onların ortaya qoyduqları işin dəyəri tezliklə investorlar tərəfindən tanındı və 1999-cu ildə şirkəti az qala 1 milyon dollara satdılar. Bu, yəqin ki, cütlüyün həyatının səhvidir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti