“Türk Dövlətləri Təşkilatı aralıq mərhələdir”– Müsahibə (Video)

   “Türk Dövlətləri Təşkilatı aralıq mərhələdir”–    Müsahibə (Video)
  23 Yanvar 2023    Oxunub:8479
“Türk Dövlətləri Təşkilatı aralıq mərhələdir. Son məqsəd Türk dövlətlərinin siyasi-iqtisadi, hərbi birliyinin meydana gəlməsidir. Yalnız bu halda türk dövlətləri dünya miqyasında güc mərkəzinə çevrilə bilərlər”.
Bu fikirləri AzVision.az -a müsahibəsində millət vəkili, “Türk dünyası” adlı 5 cildlik əsərin müəllifi Cavanşir Feyziyev səsləndirib. Onun sözlərinə görə, TDT-nin son məqsədi Türk Dövlətləri Birliyini ərsəyə gətirməkdir. Türk dövlətlərinin öz aralarında ittifaq səviyyəsinə yüksələcək şəkildə siyasi-iqtisadi, hərbi birlik yaratmaları labüddür. Bu addım türk dövlətlərinin qlobal dünya düzənində möhkəm, etibarlı yer tutması baxımından zəruridir.


- Əksər politoloqlarda belə bir inam var ki, XXI əsr türk əsri olacaq. Siz Türk sivilizasiyasının inkişaf perspektivlərini necə görürsünüz?
- Hazırda dünyanın siyasi xəritəsində 6 müstəqil türk dövlətinin və üstəgəl, Şimali Kipr Türk respublikasının mövcudluğu deməyə əsas verir ki, türk xalqlarının yaratdığı dövlətlər dünya miqyasında, BMT çərçivəsində öz yerlərini tutublar və bu ölkələrin müstəqillik inkişaf perspektivləri aydın görünür. Həmin ölkələr artıq bir neçə onillik ərzində müstəqillik dövrünün ilk mərhələsini uğurla keçiblər və atılacaq növbəti addımlar onların qlobal miqyasda özünəməxsus siyasət yürüdəcəklərinə inamı artırır.

- Amma bunun üçün həm iqtisadi, həm siyasi, həm hərbi, həm də elmi-texnoloji baxımdan güclü potensial olmalıdır. Türk dünyasının bu potensialı yetərli qədərdirmi?
- Apardığım araşdırmalardan gəldiyim qənaət ondan ibarətdir ki, istər siyasi, istərsə də iqtisadi nöqteyi-nəzərdən kifayət qədər ilkin şərtlərimiz artıq mövcuddur. Keçdiyimiz ortaq tarixi yol, ortaq mədəniyyətə mənsubiyyətimiz, tarixən ortaq sivilizasiya yaratmağımız ona əsas verir ki, bundan sonrakı gələcəyin özünü də həmin ortaq dəyərlər üzərində quraq.

Birinci siyasi şərtlərdən başlasaq, hazırda 6 və yaxud da 7 türk dövləti mövcuddur. Keçən əsrin ikinci yarısından başlayaraq, onsuz da bütün dünyada qloballaşma prosesi sürətlənir və bu qloballaşma prosesində Avropa Birliyinin təkmilləşdiyini müşahidə edirik. Qloballaşma prosesinin özü yeni bir güc mərkəzi yaradır. Biz türk dövlətləri olaraq bu cür qloballaşma proseslərində ya müəyyən güc mərkəzlərinin tərkibinə qatılmalı, ya da özümüz türk xalqlarına məxsus bir güc mərkəzi yaratmalıyıq . Məhz həmin güc mərkəzi Türk dövlətlərinin ittifaqı şəklində qurula bilər. Bunun üçün siyasi şərtlər, müstəqillik əldə olunub. Heç bir türk dövlətinin hansısa dövlətlə ittifaqa girmək üçün kimdənsə icazə almasına ehtiyacı yoxdur. Hər bir türk dövləti özünün müstəqil siyasətini yeridir və keçdiyimiz 30 il ərzində bütün türk dövlətlərinin müstəqilliyinin əsasları qurulub və möhkəmlənib.

İqtisadi nöqteyi-nəzərdən yanaşsaq, heç bir birlik iqtisadi bazisə əsaslanmadan uğurlu siyasi brilik ola bilməz. Bu aksiomdur. Yenə də apardığım araşdırmalardan belə qənaətə gəlirəm ki, müstəqil türk dövlətlərinin ərazisində təsdiq olunmuş resursların ümumi həcmi 27 Avropa ölkəsinin ərazisində tapılmış və təsdiq olunmuş resurslardan dəyər baxımından 2 dəfə çoxdur. Amma əhalinin müqayisəsinə gəldikdə, türk dövlətlərinin ərazisində yaşayan əhalinin sayı Avropa İttifaqında yaşayanlardan 2 dəfə azdır. Nəticədə, hər bir türk vətəndaşının adambaşına düşən təbii resursların həcmi hər bir avropalının payına düşən resursların həcmindən 4 dəfə çox alınır. Yəni qtisadi bazisin də olduğunu deyə bilərik. Amma bunlar xammal şəklindədir. İndi onları dəyərə çevirmək üçün elm və texnologiyaya ehtiyac var. Bax, bu müstəvidə bizim türk dövlətlərinin əldə etməli olduqları çoxlu biliklər var və 30 illik müstəqillik dövründə artıq bu istiqamətdə bir çox addımlar atılıb.

Mədəni-humanitar əlaqələrə gəldikdə isə, bu çox təbii şəkildə olacaq. Bütün türk dövlətləri ərazisində yaşayan xalqlar qohum və eyni sivilizasiyaya mənsub olan xalqlardırlar. Burada xüsusilə vətəndaş təsəbbüşkarlığına meydan açmaq lazımdır və o meydan hazırda var. Hər bir türk dövlətinin cəmiyyəti digərlərilə asanlıqla ünsiyyətə girir və qaynayıb-qarışır. Bu reallıq əsasında isə ümumtürk xalqının mədəni dəyərləri hər yerdə eyni şəkildə tətbiq olunmaqla 6 dövlətin ərazisində ümumi bir türk cəmiyyəti yaranır.

- Türk dünyası bütövlükdə İslam Sivilizasiyasının 3 tərkib hissəsindən biridir. Bu baxımdan, Türk dünyasının gələcək inkişafından İslam sivilizasiyası hansı inkişaf impulslarını alacaq?
- Hazırda belə hesab olunur ki, İslamı qoruyan, təkmilləşdirən məhz türklərdir. Ona görə də, Türk dünyasının inkişafı elə İslam sivilizasiyasının inkişafı deməkdir. Türk dünyasında baş verən irəliləyişlər, inkişaf meylləri və sair hallar zəncirvari reaksiya vasitəsilə bütün İslam dünyasında əksini tapır və tapacaq. Türk-İslam qarşılıqlı əlaqələri üzvi, unikal və orijinal əlaqələrdir. Türk və İslam dünyalarını bir-birindən ayırmaq mümkün deyil.

Əsasən İslam mədəniyyətinə məxsus olan Yaxın Şərq ölkələrində hazırda Türkiyənin digər güc mərkəzləri tərəfindən yaradıla biləcək kataklizmlərin qarşısının alınmasına yönəlik siyasətini də məhz türklərin İslam dünyasına verdiyi töfhə hesab etmək olar.

Dində “ümmət” deyilən, bizdə isə “cəmiyyət” adlandırılan qlobal bir toplumun mənəvi bazisi olan İslam həm türk, həm də digər müsəlman xalqlarının mənafeyini, mənəviyyatını qorumalıdır və qoruyur. Türklər də bu işdə aparıcı rol oynayırlar.

- Türk dünyasının inkişafı qlobal proseslərə hansı təkanı və töhfəni verə bilər? Beynəlxalq aləm Türk dünyasının inkişafından özü üçün nə əxz edə bilər?
- Biz türk dövlətləri əgər siyasi birliyə addım atırıqsa və məqsədimiz budursa, bu iş mütləq Avrasiya miqyasında sabitliyin, təhlükəsizliyin təmin olunmasına fayda verməlidir. Başqa cür bu iş kimə uğur gətirə bilər?

Birincisi, tarixən də, hələ ingilis geosiyasətçisi Makkinderin vaxtından belə hesab olunub ki, Avrasiyanın özəyinin sahibi olan güc bütün Avrasiyaya sahiblik edəcək. Avrasiyanın özəyində kim yaşayır? Türklər. Altaydan tutmuş, Balkanlara qədər türklər yaşayır. Amma bizim daim problemimiz bu olub ki, bütün bu ərazilərdə söz sahibi özümüz olmamışıq. Bir qismində Rusiya, bir qismində Çin, digər qismində isə Avropa olub. Çin, Rusiya və Avropa arasındakı münaqişəli vəziyyətlər həmişə bizi bu toqquşmanın mərkəzinə gətirib və ona görə də, türklər bu toqquşmalardan ən çox əziyyət çəkən xalqlar olublar. Madam ki, müstəqilliyimizi əldə etmişik və 30 il ərzində müəyyən qədər möhkəmləndirmişik, yaranacaq birlik bütün dünya türklərini Avrasiyanın mərkəzinin sahibi etməlidir və edəcək. Avrasiyanın mərkəzinin sahibi olan qüvvə isə Avrasiyanın sahibi olur. Makkinderin bu nəzəriyyəsindən çıxış etsək, belə çıxır ki, Avrasiyada sülhü və təhlükəsizliyi məhz Türk birliyi təmin edəcək. Mən buna inanıram. Çünki türk dövlətlərinin iqtisadi-siyasi, mədəni birlik yaratması özlüyündə həm Avropa Birliyi, həm Rusiya, həm də Asiya xalqları və dövlətləri ilə münaqişəni yox, yalnız əməkdaşlığı nəzərdə tutur.

Digər tərəfdən, Avrasiyanın Cənub zolağında yerləşən türk coğrafiyası Asiya ilə Avropa arasında ən mühüm keçid körpüsü rolunu oynayır. Belə bir rola sahib olan dövlətlər və onların İttifaqı heç vaxt müharibə istəyə bilməz. Belə ki, münaqişə və müharibə yaşanacağı təqdirdə, bundan ilk növbədə uduzan da türk dövlətləri olacaq. Ona görə də, biz təhlükəsizliyi və sülhü təmin etməyə məhkumuq. 2000-2400 il əvvəl tarixi İpək Yolunda da o zaman əmin-amanlıq olurdu ki, onun böyük hissəsi məhz türklərin nəzarətində idi.
Bu baxımdan, biz həm tarixi bilgilərimizə əsaslanaraq, həm gələcək perspektivlərimizi nəzərə alaraq, türk dövlətlərinin birliyini elə bir şəkildə ərsəyə gətirəcəyik ki, nəinki öz daxilində, habelə bütün Avrasiya coğrafiyasında yerləşən ölkələrdə sabitliyin və təhlükəsizliyin təminatçısına çevrilə bilsin. Bura həm iqtisadi-siyasi, həm də mədəni əlaqələr daxildir.
Türk xalqlarının Aropa ilə Asiya arasında, Şərqlə Qərb arasında bütövlükdə körpü rolunu oynaması onun xaraketrini daha da universallaşdırır, öz siyasətini Avrasiyanın ümumi maraqları istiqamətində qurmağa sövq edir. Bu baxımdan, mən əminəm ki, Türk dövlətləri birliyi ərsəyə gəldikdən sonra həm Şərq, həm də Qərb bu birliklə həmişə sıx əməkdaşlıq şəraitində olacaqlar və belə bir şərait bütövlükdə Avrasiyaya sülh və əmin-amanlıq gətirə bilər.

- Avrasiya məkanında əməkdaşlıq baxımından Türk dünyasının tərəfdaşları qismində hazırda kimlər var və gələcəkdə kimləri görürsünüz?
- Qloballaşma prosesləri labüd və qaçılmazdır. Ona görə də, biz əvvəl-axır ya özümüz qloballaşaraq, öz çərçivəmizdə bir güc mərkəzinə çevrilə, ya da qlobal güclərin əhatəsinə daxil olaraq, onların tərkibində ayrı-ayrılıqda mövcud ola bilərik. Bu təhlükəli bir prosesdir və türk xalqlarının mədəniyyətinin, bütövlükdə türk dövlətçiliyinin assimlyasiyasına gətirib çıxara bilər. Ona görə də, Türk dövlətləri birliyinin yaranması özü qaçılmaz reallığa çevrilir.

Hesab edirəm ki, əməkdaşlıq proseslərində Türk birliyinin heç bir problemi və çətinliyi olmayacaq. Əksinə, Türk birliyi bütün dünya üçün açıq bazar siyasəti aparır. Hazırda türk ölkələri dünyanın bütün biznes qurumları və dövlətlərilə qarşılıqlı işgüzar əməkdaşlıq siyasəti elan ediblər. Biz bunu Azərbaycanın apardığı siyasətdə də açıq-aşkar görürük. Bu gün Azərbaycanda çoxsaylı transmilli şirkətlər, böyük dövlətlərin böyük şirkətləri çalışır, əcnəbilər illərlə yaşayır və bizneslə məşğul olurlar. Bu baxımdan, türk dövlətlərinin Avrasiyaya verə biləcəyi, eyni zamanda, Avrasiyanın digər bölgələrindən əldə edə biləcəyi fayda kifayət qəfər çoxdur. Hesab edirəm ki, bunlar hər sahənin mütəxəssisləri tərəfindən hazırlanan geniş proqramlar əsasında həyata keçirilə bilinəcək. Bunda Qərb də maraqlıdır. Bu, həm türk dünyasının coğrafiyası ilə, həm də oradakı təbii ehtiyatlarla bağlıdır.

- Son vaxtlar daha çox sivilizasiyaların toqquşması gündəmə gətirilir. Türk dünyası həmin rəqabəti uğurla aparmaq potensialına malikdirmi?
- Hər hansı ittifaqın yaranması üçün eyni sivilizasiyaya mənsubluq ilkin şərtdir. Bu baxımdan, türk xalqlarının eyni sivilizasiyaya mənsubluğu belə ittifaqın uğurlu olmasının öncədən ifadəsidir. Ümumtürk mədəniyyətinin genişlənməsi, güclənməsi və ətraf xalqlara təsiri, şübhəsiz ki, ancaq pozitiv istiqamətdə gedəcək. Digər xalqların təhlilçiləri adətən “Türk sivilizasiyası” ifadəsini işlətmirlər. Bu da mənim zənnimcə, tarixi qısqanclıqdan irəli gəlir.

Hantinqtonun gətirdiyi nümunələrdə, irəli sürdüyü nəzəriyyədə də həqiqət var. Sivilizasiyalar ona görə fərqlənirlər ki, onları müxtəlif xalqlar öz dünyagörüşlərinə uyğun yaradıblar. Ona görə də, təbii şərait və amillər olmadığı halda biz iki fərqli sivilizasiyanı birləşdirməyə çalışsaq, onlar toqquşacaq və bir-birini itələyəcəklər. Amma təbii şəkildə, tutaq ki, qazaxlarla Anadolu türklərinin və yaxud qırğızlarla oğuz-Azərbaycan türklərinin, türkmənlərlə özbəklərin mədəniyyətləri bir-birini itələyə bilməz. Çünki kök eynidir, ortaq mədəniyyətdir, ortaq tarixdir.

Bu baxımdan, Avropa Birliyinin yaranmasında rast gəlinən problemlər bizdə yoxdur. Bizdə bəzən elə hesab edirlər ki, Avropa birliyi kifayət qədər uzun bir yol keçib, amma belə deyil. Onlar problemlərlə üzləşəndə nələrin baş verdiyini gördük. Bir ittifaq çərçivəsində özlərini sərhədsiz elan etmiş ölkələr pandemiya dövründə nəinki sərhədlərini bağladılar, hətta birinin ərazisindən keçərək digərinə ünvanlanan dərmanları, humanitar yardımı və tibbi ləvazimatları demək olar ki, qarət edib, özləri işlətdilər. Burada məhz sivilizasiya qarışıqlığı özünü göstərdi.

Biz isə eyni sivilizasiyaya mənsubuq. Amma yalnız müstəqil dövlət şəklində mövcudluğumuzu davam etdirməli və heç bir birliyə getməməli olduğumuzu düşünsək, ayrı-ayrılıqda nəinki dünya, hətta Avrasiya miqyasında artıq qloballaşmaqda olan güc mərkəzləri ilə rəqabətə dözə bilmərik. Türk dövlətləri ortaq sivilizasiya dəyərlərinə əsaslanaraq, öz siyasi birliyini yaradanda bu, bir siyasi birliyin digərilə rəqabəti şəklində ortaya çıxır. Məsələn, Türk birliyi və Avropa birliyinin rəqabəti, Türk birliyi ilə şərti olaraq hansısa Asiya birliyinin rəqabəti kimi. Şübhəsiz ki, biz toqquşmaqdan yox, rəqabətdən danışırıq. Ümumiyyətlə, əgər sivilizasiyalar əsasında qloballaşma prosesi dünyanın bütün bölgələrində uğurlu gedərsə və başa çatarsa, ondan sonra rəqabət, doğrudan da, sözün əsil mənasında rəqabət olacaq, o, münaqişəyə keçməyəcək.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Türklər-və-dünya  





Xəbər lenti