Gəldi, öyrəndi, tanıdı: Xarici tələbələr haqqımızda nə düşünürlər – SORĞU+FOTOLAR

      Gəldi, öyrəndi, tanıdı:    Xarici tələbələr haqqımızda nə düşünürlər –    SORĞU+FOTOLAR
  26 Yanvar 2023    Oxunub:3283
Azərbaycanda olan xarici tələbələr ölkəmiz haqqında nə düşünürlər? AzVision.az bu suala cavab tapmaq üçün onlarla həmsöhbət olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavr və magistr pillələrində təhsil alan əcnəbilər ölkəmiz və buradakı tələbəlik həyatları haqqında fikirlərini bölüşüblər.

Syue Çjao / Çin

- Çində Azərbaycanla 2 illik təqaüdlü mübadilə proqramı var. Bu proqramda iştirak üçün seçilməyimlə fəxr edirəm. Azərbaycan çox xoşuma gəlir, burada insanlar çox mehribandır. Ölkənin qonaqpərvər olması diqqət çəkir. Azərbaycanda özümü çox xoşbəxt hiss edirəm, elə bil evimizdəyəm.


Magistraturada təhsilini davam etdirən insan özünü daha da inkişaf etdirir, IQ göstəricilərini yaxşılaşdırır ki, bu da çox vacibdir. Müəssisələr inkişaf tendensiyasına uyğun olaraq iş tapmaq istəyənlərə getdikcə daha yüksək tələblər qoyur, ona görə də magistr dərəcəsi insanın karyera yüksəlişində mühüm rol oynaya bilər.

Kirtivasan Karunaniti / Hindistan

- Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mexanik mühəndisi ixtisasi üzrə bakalavr təhsili alıram. Artıq ikinci kursda oxuyuram. Universitetin verəcəyi gələcək karyera perspektivləri haqqında Azərbaycanda tələbə koordinasiya şöbəsində işləyən hindistanlı dostum Rakeşdən öyrəndim. Son illər Azərbaycanla, xüsusən də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə bağlı bütün xəbərləri diqqətlə izləyirdim. Elə ona görə də, bu universitetə daxil olmaq qərarına gəldim.
Təhsilin keyfiyyəti mənə uyğundur. İnformasiya əldə etməkdə heç bir problem yoxdur. Yaxşı təhsil almaq üçün hər cür şərait var. İrəliləmək üçün hər zaman yer var.


- Universitetin yataqxanasındakı yaşayış şəraiti sizi qane edirmi?
- Bu, yeni layihədir, infrastrukturu ilə zəngin və təmiz ekoloji zonadır, burada parklar, qəhvəxanalar, zoopark yerləşir. Daha yaxşı oxumaq üçün zəruri şərait yaratmaq lazımdır. Bu baxımdan universitet yataqxanaları diqqətimizi yalnız təhsilimizə yönəltmək üçün ideal yerdir. Belə yerlər, məncə, tələbələrin işıqlı gələcəyi üçün əlverişli mühitin yaradılmasına hesablanıb.
- Azərbaycanda başqalarına qarşı tolerantlığı necə qiymətləndirisiniz?
- Mən müxtəlif dinlərə hörmət edirəm, çünki hər bir insanın fikir və din azadlığı hüququ var. Azərbaycanda olduğum vaxtdan müxtəlif dinlərə və mədəniyyətlərə mənsub xeyli insan görmüşəm. Burada milli azlıqların nümayəndələri, əvvəlcədən mənə deyildiyi kimi, qarşılıqlı anlaşma və dostluq şəraitində yaşayırlar. Krasnaya Sloboda qəsəbəsində olarkən bunu öz gözlərimlə gördüm. Azərbaycanı bəyənirəm, burada simpatik, qonaqpərvər insanlar yaşayır. Burada oxumağı və yaşamağı xoşlayıram.
- Yerli mətbəx xoşunuza gəlirmi?
- Azərbaycan yeməkləri əla keyfiyyətlidir. Paxlavanın dadı sadəcə, heyrətamizdir.

Andrey Voronov / Rusiya

- Azərbaycanlıların əcnəbilərə isti münasibəti faktdır. Burada özümüzü kifayət qədər rahat hiss edirik. ADNSU-nun əcnəbi tələbələr üçün Qubaya təşkil etdiyi səfəri uzun müddət xatırlayacağam. Uşaqların və təşkilatçıların intizamlılığı çox xoşuma gəldi, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Xüsusi ab-havası və meşə mənzərəsi olan “Qəçrəş” adlanan yer uzun müddət yaddaşımda qalacaq.


Moskvadan Azərbaycana Fond proqramı çərçivəsində təhsil almağa gəlmişəm. Belə bir proqram bir qayda olaraq bir il davam edir və gələcək təhsil istiqamətindən asılı olaraq ingilis dilində təlim və bir sıra ixtisas seçməli fənlər təklif edir. Əsas diqqət seçilmiş universitetə uğurlu qəbula və bakalavr proqramında sonrakı təhsil üçün bilik və bacarıqların əldə edilməsinə yönəldilir. ADNSU-da proqramın mahiyyəti ondan ibarətdir ki, biliklərdə boşluqlar varsa, sizə onları doldurmağa və lazımi səviyyəyə çatdırmağa kömək edəcəklər. Bu universitetdə bütün müəllimlər çox peşəkardır. Proqramı bitirən kimi bu universitetdə İT təhlükəsizliyi üzrə təhsilimi davam etdirəcəyəm.

Həmzə bin Cavid / Pakistan

- Bu gün Azərbaycan məşhur ölkədir. Bir çox əcnəbi tələbələr onu keyfiyyətli ali təhsil almaq üçün ən yaxşı yerlərdən biri hesab edirlər. Mən ADNSU-da “Foundation” proqramı çərçivəsində Azərbaycan dilini öyrənirəm. Bu, gələcəkdə karyeramı Azərbaycanda davam etdirməyə imkan verəcək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr pilləsi üzrə təhsilimi mütləq davam etdirəcəyəm. Düşünürəm ki, tezliklə Azərbaycan dilində sərbəst danışacağam. Azərbaycan dilini öz gələcəyimi Azərbaycanda gördüyüm üçün öyrənirəm.


Bir çox pakistanlı şəxsi inkişafını təmin etmək üçün bura köçür. Onların arasında mən də varam. Gələcəklə bağlı planlarım iş dünyasında öz yerimi tapmaq və müxtəlif məqsədlər üçün istifadə olunan dəmir istehsalı ilə məşğul olmaqdır. Çoxfunksiyalı bir dəmir şirkəti olacaq.

Xitart Parmar / Hindistan

- Hindistandan gəlmişəm. Arzum neft və qaz sənayesində yaxşı mühəndis olmaqdır. Eynilə atam kimi. Atam MNC-nin Körfəz və Hindistandakı layihələrdə çalışıb. Digər qohumlarım da ABŞ və Avropada neft-qaz şirkətində işləyirlər.
Məni ADNSU-ya atam göndərdi. Qohumlarımdan biri də bu universitetdə oxuyurdu. Hazırda sonuncu kursda oxuyuram və ADNSU-da təhsil almağı başqalarına da tövsiyə edərdim. Universitetin kampusunu, eləcə də rəhbərliyini bəyənirəm. Nə vaxt problemlərlə qarşılaşsam, universitet rəhbərliyi onları operativ şəkildə həll edir. Universitetdə tələbələrlə və kitabxanada vaxt keçirməkdən zövq alıram, burada məni həvəsləndirən faydalı məlumatlar və ideyalar mənimsəyirəm.
- Azərbaycan mətbəxi xoşunuza gəlirmi?
- Azərbaycan mətbəxi ölkənizin coğrafiyası sayəsində zəngindir. İran, Qafqaz, türk, rus, gürcü və Aralıq dənizi mətbəxləri ilə oxşarlıqları olan yeməkləriniz var. Nərə balığı və beluqa kababını çox bəyəndim, unikal bir şeydir. Azərbaycan yeməklərinin çoxunu dadmışam: dovğa, şah plov, müxtəlif növ kabablar. Şəkərbura və paxlava Azərbaycanın ən məşhur şirniyyatıdır.


- Bakıda hansı görməli yerləri ziyarət etmisiniz? Sizin və tələbə yoldaşlarınızın vaxt keçirdiyi xüsusi bir yer varmı?
- Bakı dünyanın ziyarət etməyə dəyən ən gözəl yerlərindən biridir. Alov qüllələri, Qız qalası və bulvar xüsusilə heyranedicidir. Amma mənim öz xüsusi məkanım var, orada vaxt keçirməyi xoşlayıram. Bu, Dağüstü Parkdır. Bura dağları, dənizi və şəhəri birlikdə görə biləcəyiniz yerdir. Gecələr Dağüstü Park xüsusilə gözəl və möhtəşəm olur.
- Azərbaycanda Hindistan icmasının digər nümayəndələrilə əlaqə saxlayırsınızmı?
- Azərbaycanda dörd Hindistan assosiasiyası var: Hindistan Azərbaycan Assosiasiyası (IAA), Bakı Malali Assosiasiyası (BMA), Bakı-Tamilsanqam Assosiasiyası və Azərbaycan-Teluqu Assosiasiyası (ATA) səfirliklə sıx əməkdaşlıq edir. Onlar müntəzəm olaraq Hindistanın böyük festivallarını və hadisələrini qeyd edən sosial tədbirlər keçirirlər. Hindistan icması həm peşəkar, həm də sosial cəhətdən çox fəaldır və yerli əhaliyə yaxşı inteqrasiya olunub.

Həmdi Baliq / Misir

- Azərbaycanı və burada yaşayan insanları sevirəm. Hazırda Azərbaycan dilini öyrənirəm ki, ünsiyyət zamanı dostlarım çətinlik çəkməsin. Burada çox mehriban insanlar var, Azərbaycanda özümü kifayət qədər rahat və təhlükəsiz hiss edirəm, ölkədə təhsilin səviyyəsi yüksəkdir. Buna şəxsən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin timsalında əmin oldum.


Əvvəllər atam Azərbaycanın Misirdəki səfirliyində çalışıb, ona görə də, ölkənizlə bağlı müəyyən təcrübəsi və məlumatı var. Atam ADNSU haqqında dostundan eşidib. Bundan sonra universitet haqqında daha ətraflı məlumat toplamaq üçün araşdırma apardım. ADNSU neft sahəsində böyük tarixə təcrübəyə malik olduğu üçün mən də neft mühəndisi kimi təhsil almağa qərar verdim. Hazırda bu ixtisas üzrə təhsil alıram və seçimimdən çox razıyam.
Əvvəllər mühazirələr mənə bir qədər darıxdırıcı görünürdü, amma zaman keçdikcə ADNSU təhsil sisteminə dərindən bələd olmağa başladım deyə, cəlbedici və maraqlı oldu. Universiteti bitirmək istəyirəm ki, böyük beynəlxalq şirkətlərdə çalışım və sahəm üzrə özümü təsdiqləyə bilim.
Bu universiteti gələcək tələbələrə tövsiyə etməyimin bir çox səbəbi var. Məni birincisi, ADNSU-da təhsilin keyfiyyəti və rahat yaşayış şəraiti, ikincisi, peşəkar müəllimlər, üçüncüsü, universitetdə hökm sürən dostluq və qarşılıqlı yardım mühiti, eləcə də Azərbaycandakı sabit vəziyyət məmnun edir.

Rolan Yusufov
AzVision.az üçün


Teqlər: Təhsil  





Xəbər lenti