İlham Əliyevin Uzaq Şərq səfərinin məqsədi – TƏHLİL

İlham Əliyevin Uzaq Şərq səfərinin məqsədi – TƏHLİL
  20 May 2014    Oxunub:2607
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Vyetnam Sosialist Respublikasına, oradan da Çinə səfər edib. Yayılan rəsmi məlumata əsasən, səfər çərçifəsində prezident İlham Əliyevin vyetnamlı həmkarı Truonq Tanq ilə görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib.

Rusiya ilə Qərb arasında ziddiyyətli vəziyyətin yaşandığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi rolunun vurğulandığı, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı həmsədrlərin önəmli açqlamalar verdiyi və Moskvanın bu məsələyə dair mövqeyinin hələ də qeyri-müəyyən qaldığı mürəkkəb vəziyyətdə prezident İlham Əliyevin gözlənilmədən Uzaq Şərqə, ilk baxışdan Azərbaycan üçün o qədər də əhəmiyyət daşımayan Vyetnam kimi dövlətə səfər etməsi maraq doğurmaya bilməz. Prezidentin bu səfərini ənənəvi “mehriban münasibətlər” naminə həyata keçirilən səfər kimi qiymətləndirmək doğru olmaz və təhlillər göstərir ki, Azərbaycanın Vyetnamla münasibətlərini daha da dərinləşdirmək istəyinin altında düşünülmüş geostrateji məqsədlər dayanır.

Hind-Çin yarımadasının şərqində yerləşən Vyetnam Cənubi Çin dənizinin sahili boyunda əlvərişli ticari mövqeyə malikdir. Vyetnamın mövqeyi dəniz vasitəsilə Filippin, Malaziya, Sinqapur, Çin və Tayvanla ticari əməkdaşlıq etmək imkanı yaradır, eyni zamanda Laos və Kamboca kimi dənizə çıxışı olmayan dövlətlər üçün keçid rolunu oynayır. Vyetnamın şərqlə qərbi, şimalla cənubu birləşdirən ticari yollara çıxışının olması bu dövlətin mövqeyinin əhəmiyyətini daha da artırır.

Təsadüfi deyil ki, Fransa, Yaponiya və ABŞ kimi dövlətlər müxtəlif dövrlərdə Vyetnamı öz nəzarətlərində saxlamaq üçün geniş hərbi əməliyyatlara əl atıb, lakin müəyyən dövrdə uğur əldə etsələr də, son nəticədə Vyetnam öz suverenliyini qazana bilib.

Vyetnam 1976-cı ildə tam müstəqil olduqdan sonra kommunizm yolunu seçir, lakin 90-cı illərin sonuna yaxın geridə qalmış iqtisadiyyatını dirçəltmək üçün liberal islahatlar aparmalı olur. Müasir dövrdə Kommunist Partiyası Vyetnamın yenə də ali idarəetmə orqanı olsa da, ölkə iqtisadiyyatında kifayət qədər liberallaşma həyata keçirilib və xarici sərmayənin cəlb edilməsi mühüm prioritetə çevrilib. Vyetnam eyni zamanda zəngin neft və qaz yataqları olan ölkədir və bu sahə ölkədə kifayət qədər inkişaf etməyib. Vyetnam dəniz şelfində yerləşən neft və qaz yataqlarının inkişafında maraqlı olsa da, bu sahədə kifayət qədər təcrübəsi və lazımi investisiyalara malik olmaması dövlətin xarici sərmayəni cəlb etmək marağını artırır.

2001-ci ildən etibarən Rusiya Vyetnamda neft və qaz hasilatı, eyni zamanda, neftayırma zavodlarının tikintisi sahəsinə daxil olmuş iki ölkə arasında bu sahədə mühüm razılaşmalar əldə olunub. Keçən on il ərzində Vyetnamla Rusiyanın münasibətləri yüksək templə inkişaf edib və nəticədə 2012-ci ildə Moskva Xanoya Gömrük İttifaqına üzv olmağı təklif edib.

Putin dəfələrlə öz çıxışlarında Vyetnamı strateji tərəfdaş hesab etdiyini vurğulayıb. Rusiya Vyetnamın ABŞ və Fransaya qarşı tarixi düşmənçilik mövqeyi və özünə yaxın olan dövlət quruluşundan istifadə edib bu ölkə ilə yaxınlaşmaya nail ola bilib. Vyetnamla neft-qaz hasilatı sahəsində müştərək şirkətlər yaratmaqla Rusiya inkişaf edən Asiya bazarına çıxış əldə edir, geosiyasi baxımdan isə Vyetnamı öz təsir dairəsinə salan Putin Pyotrun vəsiətinə uyğun olaraq isti dənizlərə çıxış əldə etmiş olur.

Maraqlıdır ki, Vyetnamın qonşu Çinlə münasibətləri kifayət qədər mürəkkəbdir.
Vyetnamla Çin arasında Cənubi Çin dənizindəki Parasel və Spartli arxipelaqları ilə bağlı münaqişəli vəziyyət mövcuddur. Həmin adaların şelf hissəsində zəngin neft yataqlarının olması ehtimal edilir və ərazilərin hansı dövlətə mənsubluğu hələ ki, razılaşdırılmayıb. Hər iki ölkə ərazinin özünə məxsus olduğunu iddia edir və tərəflər arasında gərginlik son aylarda daha da artıb.

Belə ki, Çin şirkətlərinin gəmilərinin həmin ərazilərdə kəşfiyyat işləri aprmasına etiraz olaraq Vyetnamın hərbi gəmiləri bunun qarşısını alıb. Vyetnamda əhali Çinin onların ərazi sularına daxil olmasına etiraz əlaməti olaraq kütləvi mitinqlərə başlayıblar. Mitinqlər zamanı, əhali tərəfindən Vyetnamda fəaliyyət göstərən Çin şirkətlərinin nümayəndələrinə qarşı təzyiq göstərilib, Çin mallarının baykot edilməsi qərara alınıb. Xatırlatmaq yerinə düşər ki, Çinlə mübahisəli məsələ ilə əlaqədar Rusiya rəsmi səviyyədə Vyetnamın mövqeyini dəstəklədiyini bildirmişdi. Hətta Rusiya Çinlə mübarizə aparması üçün Vyetnama bir neçə hərbi dəniz gəmisi də satıb.

Yəqin ki, Putin Vyetnama Çinlə mübarizə aparmaq üçün dəstək verərkən bir vaxt Çindən asılı düşəcəyini nəzərə almamışdı. Qərbin sanksiyaları ilə üz-üzə gələn Rusiya prezidenti nicat yolunu Çində görür. Mayın 20-də Çinə rəsmi səfər edən Putin hətta bu dövlətə Rusiya qazının satılması barədə razılaşmanın artıq hazır olduğunu bildirib. Çin Rusiyanın Vyetnama məhz hərbi dəstək verməsinə görə Moskvaya etibar etməyib və 2005-ci ildən danışıqlar aparılmasına baxmayaraq iki ölkə arasında hələ ki, qaz ixracına dair müqavilə imzalanmayıb. Yeri gəlmişkən qeyd edək ki, Putinin Vyetnama dəstək verməsinə etiraz olaraq Pekində səfər ərəfəsində etiraz mitinqləri həyata keçirilib.

Beləliklə, aydın məsələdir ki, Pekin Moskvaya dəstək vermək müqabilində Vyetnamdan çəkilməsini istəyəcək. Moskva isə məcbur olacaq ki, Vyetnamdakı mövqeyindən geri çəkilsin. Əks halda Çinin dəstəyi olmadan Qərbin iqtisadi sanksiyalarına tab gətirə bilməyəcək.

Məhz belə bir məqamda Azərbaycanın Vyetnamla yaxınlaşmaq addımı dəqiq hesablanmış uğurlu addımdır. Azərbaycan dənizdə neft hasilatı sahəsində kifayət qədər təcrübəyə malik, investisiya imkanları olan dövlətdir. Azərbaycanla Vyetnamın neft və qaz hasilatı sahəsində müştərək müəssisə yaratması tamamilə labüddür.

Eyni zamanda Azərbaycanın Vyetnamda neft məhsulları istehsalı zavodunu açması perspektivli hesab oluna bilər. Çünki, Vyetnamdan Laos və Kambocca kimi dövlətlərin bazarlarına yol açılır. Yaponiya hazırda öz daxili tələbatlarını ödmək üçün Qətərdən sıxışdırılmış maye qaz idxal etməkdədir. Əgər Vyetnamda lazımi infrastruktur qurularsa bu ölkədən maye qazın Yaponiyaya ixracı daha ucuz başa gələr. Qətər isə, Yaponiyaya deyil Avropaya ixracı həyata keçirməklə qərbin Rusiyadan asılılığını aradan qaldırmaq üçün kömək ola bilər.

Digər tərəfdən, Azərbaycanda sənayə sahəsi inkişaf etməkdədir və bir neçə ildən sonra ixrac potensialına malik olacaq. Nəzərə alsaq ki, Vyetnam Çin mallarını boykot edir bu Azərbaycan üçün əlavə ixrac bazarının açılması anlamına gəlir.

Azərbaycan Rusiyanının məcburiyyətdən boşaltdığı strateji zonanı tutur və artıq demək olar ki, geosiyasi oyunçuya çevrilməyə başlayır. Azərbaycanın Avropa enerji bazarında əsas oyunçu olmaqla yanaşı Asiya bazarına da daxil olması böyük iqtisadi səmərə əldə etməklə yanaşı dövlətimizin artıq dünya miqyaslı təsir gücünə yiyələnməsi deməkdir.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:  





Xəbər lenti