Ukraynanın taleyi Parisdə həll olunacaq - TƏHLİL

Ukraynanın taleyi Parisdə həll olunacaq - TƏHLİL
  30 May 2014    Oxunub:1378
1944-cü ildə müttəfiq dövlətlərin ordularının Normandiyaya daxil olmasının 70 illiyi Fransa paytaxtında böyük təntənə ilə qeyd olunacaq. Tədbir iyunun 6-da keçiriləcək və dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin mərasimdə iştirakı gözlənilir.

Yayılan məlumatlara əsasən, ABŞ prezidenti Barak Obama, Britaniya kraliçası II Yelizaveta, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putinin bayram münasibətilə Parisə yollanacaqları gözlənilir.

Təbii ki, müttəfiq ordularının Normandiyaya daxil olmasının qeyd edilməsi dünyanın əsas geosiyasi oyunçularının görüşməsi üçün gözəl bəhanədir. Son 2 il ərzində dünya proseslərinə daha fəal təsir etmək istəyən və özünün effektiv vasitəçilik rolunu qabartmaqla beynəlxalq nüfuzunu artırmağa çalışan Fransa prezidenti Fransua Olland üçün görüşün məhz Parisdə keçirilməsi yeni üfüqlər açır.

Ukraynadakı böhranla əlaqədar yaranmış Qərb-Rusiya qarşıdurmasında Ollandın xüsusi fəallıq göstərməsi Parisin geosiyasi nüfuzunu artırır və problemin həllində Fransanı açar dövlətə çevirir.

Ukrayna böhranı başlayandan bu yana ilk dəfədir ki, Qərb dövlətlərinin liderləri özlərinin əsas düşməninə çevrilmiş Putinlə görüşəcəklər və məhz bu görüşdə bundan sonrakı münasibətlərin forma və məzmunu müəyyən ediləcək. Tərəflərin bir-birindən qarşılıqlı asılacaqları var və həm Rusiya, həm də Qərb dövlətlərinin bir-birinə qoyacaqları şərtləri və hansısa güzəştləri olacaq.

Görüşün əsas mövzuları Ukrayna və bu böhrandan doğan digər məsələlər olacaq. Məhz bu mənada Dağlıq Qarabağ məsələsinin müzakirə ediləcəyini əminliklə söyləmək olar. Çünki Avropa Rusiyanın enerji asılılığından çıxmaqda və özünün enerji təhlükəsizliyini təmin etməkdə israrlıdır. Bunun isə ən optimal yolu Azərbaycandan çəkiləcək “cənub” enerji dəhlizidir. Regionda münaqişəli vəziyyətin olması isə faktiki Avropanın enerji təhlükəsizlinə zərbədir və buna görə Qərb münaqişənin həllində xüsusilə maraqlıdır.

Putin özünü bu görüşə tam hazır hiss edə bilər. Rusiya Çinlə qaz ixracı barədə müqavilə imzalayıb və Avropanın qaz idxalını dayandıracaqları barədə hədələri qarşısında özünü sığortalanmış hiss edir. Ukraynanın Donbas və Luqansk əyalətlərində gərgin vəziyyətin qalması isə Moskvanın mövqeyini gücləndirən amil hesab oluna bilər. Güman ki, Kreml Luqansk və Donetsk müqabilində Krımın güzəştə gedilməsi təklifini irəli sürəcək.

Paris görüşünü maraqlı edən digər vacib cəhət isə Ukraynanın yenicə seçilmiş prezidenti Pyotr Poroşenkonun da tədbirə dəvət edilməsidir. Yeni Kiyev rəhbərliyi də görüş öncasi mövqeyini gücləndirməyə çalışır. Ukrayna separatçı əyalatlərdə hərbi əməliyyatları genişləndirməklə Luqansk və Donetski öz orbitinə qaytarmağa çalışır ki, bu ərazilər müzakirə mövzusuna çevrilməsin və Kreml bu kartdan öz xeyrinə istifadə etməsin.

Kiyevin digər düşünülmüş gedişi isə Moskvanın ultimatumuna baxmayaraq, qaz borcunu ödəməkdən imtina etməsidir. Xatırladaq ki, Moskva Kiyevdən iyunun 1-ə dək qaza görə yığılan borcunu ödəməyi tələb etmiş əks halda qazın kəsiləcəyini bildirmişdi. Ukrayna isə qazın qiymətinin əvvəlki kimi 268 dollara endirilməsini tələb etmiş və yalnız bundan sonra borcunu ödəyəcəyini və ümumiyyətlə ödənişləri həyata keçirəcəyini açıqlamışdı.

Beləliklə, Moskva Ukraynaya gedən qazı kəsəcəyi halda Avropa da qazsız qalacaq ancaq eyni zamanda özü də gəlirdən məhrum olacaq.

Kreml çalışır ki, Avropa dövlətləri vasitəsilə Ukraynaya bu məsələdə təzyiq göstərsin lakin hələ ki, Kiyev öz mövqeyindən çəkilmək istəmir. Fransa paytaxtının əsas müzakirə mövzusunun bu məsələ ətrafında olacağı şübhəsizdir.

Kreml hazırkı mərhələdə qazın qiymətinə görə güzəştə gedərsə, bu Uktayna tərəfindən “Putinin uduzması” kimi qiymətləndirilə və uğurlu anti-Putin təbliğat vasitəsi kimi istifadə oluna bilər. Əslində Moskva güzəştə getmənin iqtisadi fəsadlarından daha çox təbliğatda uduzmaqdan ehtiyatlanır.

Qərblə Rusiya arasında hansısa razılıq əldə olunsa belə, bu müvəqqəti xarakter daşıyacaq. Avropa özünə yeni enerji mənbəyini təmin edənə qədər Rusiya ilə əməkdaşlığı davam etdirəcək.

Bu baxımdan, ehtimal etmək olar ki, görüş zamanı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hansısa razılaşma əldə olunsun. Qərb dövlətləri artıq məsələ ilə bağlı mövqelərini “Uorlikin prinsipləri” ilə səsləndiriblər. Yanı ilkin mərhələdə 7 rayon qaytarılır, Dağlıq Qarabağa aralıq statusu verilir və müəyyən müddətdən sonra status məsələsinin müzakirəsi başlanır.

Beləliklə, Azərbaycan üçün vacib olan məsələ ondan ibarətdir ki, Rusiyanın razılığını ala bilsin. Hətta Rusiyaya təsir göstərmək üçün Azərbaycanın Çinin köməyindən yararlandığını da istisna etmək olmaz.

Bundan əlavə, Amerikanın siyasətini pisləyən bəyanatların verilməsi Rusiyanın etimadını qazanmaq məqsədini güdə bilər. Çünki Moskva problemin həllindən sonra regionun Amerikanın nəzarətinə keçməsindən ehtiyatlanır. Nəhayət, görüş ərəfəsində təmas xəttində hərbi təlimlərin keçirilməsi, gərginliyin artması Qərbə “qaz xəttinin keçəcəyi ərazilərdə sabitliyin hər an pozulacağı təhlükəsi”ni xatırlatmaq xarakteri daşıyır.

Tofiq Əsgərov
AzVison.az üçün



Teqlər:





Xəbər lenti