Bölgələrin büdcədəki payını necə artırmalı - TƏHLİL

Bölgələrin büdcədəki payını necə artırmalı - TƏHLİL
  09 İyun 2014    Oxunub:1228
Ölkənin iqtisadi potensialının çox hissəsinin Bakıda cəmləşdiyi sirr deyil. Doğrudur, son illərdə regionlarımız sosial-iqtisadi cəhətdən xeyli inkişaf edib. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair sayca iki Dövlət Proqramının icrası nəticəsində bölgələrimizin siması inanılmaz şəkildə dəyişib. Bununla belə, sona çatmış hər iki hökumət proqramının uğurla icrasına rəğmən, dövlət büdcəsinin hələ də 95%-dən çoxu məhz paytaxtımızdan əldə edilən gəlirlər hesabına formalaşır. Çünki sənaye istehsalının 90 %-i Bakı şəhərində yerləşir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də keçən ilin büdcəsinin icrasının yekunlarına dair açıqlamasında qeyd edib ki, təkcə 2013-cü il ərzində ölkəmizin ümumi iqtisadi inkişafında regionların payı xeyli artıb. Və bu, bilavasitə icrası məhz keçən il başa çatmış regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramının nəticəsində əldə olunub.

Ümumiyyətlə, Z. Səmədzadənin sözlərincə, həm adı çəkilən, həm də əvvəlki 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramlarının icrası nəticəsində regionlarda istehsal səviyyəsi 3,2 dədə, sənaye məhsulları 3,1 dəfə, rabitə xidməti 6,1, hesabat dövrü üzrə vergilərin yığımısa 14,2 dəfə artıb. Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, o cümlədən Abşeron, İmişli rayonları isə öz xərclərini artıq, yığdıqları vergilər hesabına maliyyələşdirirlər.

Ancaq bütün bunlar, nə az-nə çox, düz 10 ilin ərzidə əldə olunub. Hansı ki, həmin müddətdə də dövlət büdcəmizin gəlirləri neftlə əlaqədar olaraq hər il artıb. Yəni, rayon və bölgələri maliyyələşdirməkdə heç bir problem olmayıb, əksinə, regionları daha geniş subsidiyalaşdırmaq imkanları mövcud olub. Elə bunun nəticəsi idi ki, bölgələrin inkişafı üçün müxtəlif vergi güzəştləri, lizinq xidmətləri, kredit və subsidiyalar tətbiq edilirdi. Bunlar hələ də davam etdirilməkdədir.

Odur ki, məntiqlə yanaşdıqda əslində, daha böyük irəliləyiş əldə etmək mümkün idi. Bu, özünü xüsusən, regionlardan gəlirlərin büdcənin formalaşmasında pay səviyyəsində göstərməli idi. Məsələn, bayaq qeyd etdik ki, 2013-cü ildə ölkəmizin ümumi iqtisadi inkişafında regionların payı xeyli artmışdı. Ancaq bu rəqəm həmin ilin əvvəlində cəmi 3% ətrafında təşkil edirdisə, bu il dövlət büdcəmizin yerli gəlirlərinin 779 milyon manat olacağı gözlənilir ki, bu da gəlirlərin təxminən, 4,2 %-i deməkdir. 779 milyon manat Yaponiyanın bir universitetinin büdcəsindən də az vəsaitdir.

Bəs, bundan sonra nə edilməlidir? Regionların inkişafında nəyə diqqət yetirilməlidir? Rayon və şəhərlərimizin özlərini maliyyələşdirməsinə keçmək üçün hansı tədbirlər həyata keçirilməlidir?

Məsələ bundadır ki, ölkəyə kənardan valyuta axınlarının getdikcə məhdudlaşması dövlət büdcəsi gəlirlərinin formalaşmasında regionların payını artırmağı daha böyük zərurətə çevirir. Məlumdur ki, bu ilin büdcəsi keçən ilki ilə müqayisədə nisbətən az təşkil edir. Növbəti ildə də dövlət büdcəmizin həcmi əvvəlki illərlə müqayisədə az olacaq.

Düzdür, yaxın 2-3 ildə dövlət büdcəmizin həcminin 100 milyarda çatacağını proqnoz edənlər var. Lakin bu, regionlarsız qeyri-mümkündür. Belə ki, ya rayon və şəhərlərimiz bir-birinin ardınca özünü maliyyələşdirməyə keçməlidirlər və yaxud da onlardan mərkəzi büdcəyə ödənişlərin həcmi ilbəil artmalıdır.

Təkrar edirik ki, keçən 10 ilin ərzində regionların inkişafında böyük nəticələr əldə olunub. Ümumi daxili məhsul (ÜDM) istehsalının 3,4 dəfə artması, yoxsulluğun 5,3 %-dək azalması, ölkə vətəndaşlarının dolanışıq vəziyyətinin 10 il əvvəldəki ilə müqayisədə aşkar yaxşılaşması regionların sosial-iqtisadi inkişafının nəticəsidir.

Ancaq bölgələrdə işsizlik ciddi problem olaraq qalmaqdadır. Yeni yaradılan emal və sənaye tipli istehsal sahələri isə ixtisaslı kadrlar tələb etməkdədir. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edəcək növbəti Dövlət Proqramı sözsüz ki, bölgələrin ümumi iqtisadi inkişafda payını bir az da artıracaq.

Bununla belə, ölkəmizdə kənd təsərrüfatında məşğul əhalinin sayının 1,67 milyon nəfər təşkil etdiyi yaddan çıxarılmamalıdır ki, bu da iqtisadiyyatda məşğul əhalinin 37,9 %-i deməkdir.

Kənd təsərrüfatının ÜDM istehsalında payısa cəmi 5,2 %-dir. Bu da onu göstərir ki, istehsala maraq azdır. Bunun yolu isə fərdi, xırda və orta səviyyəli təsərrüfat sahiblərinin sayını genişləndirməkdən keçir ki, bizdə isə onlar torpaqdan tədricən uzaqlaşırlar. Bu tendensiya bir neçə il öncədən müşahidə edilir: bölgələrdə iri sənaye və emal obyektləri tikilib istifadəyə verildikcə kəndlilər muzdlu əməyə üstünlük verirlər.

Bu gün ölkədə işsizliyin səviyyəsinin birrəqəmliyə düşdüyü deyilir. Ancaq fakt bundan ibarətdir ki, yerli əmək qabiliyyətli insanlar 150-200 manatlıq əməyə getmirlər. Bu maaşa Azərbaycana ucuz işçi qüvvəsinin gəldiyi nəzərə çarpır ki, bu da qənaətbəxş tendensiya deyil.

Odur ki, məsələnin həlli yolu yenə aqrar istehsalda dayanır. Torpaq ən birinci və əvəzolunmaz istehsal vasitəsi sayıldığından, nə qədər çox sayda iri sənaye müəssisələri yaradılsa da əhəmiyyətini itirmir.

Kənd təsərrüfatının ÜDM istehsalında payı azı 10 %-ə çatdırılmalıdır ki, dövlət büdcəsindən regionlara yönəlik maliyyə azaldılsın. Vergi və müxtəlif təyinatlı güzəştlərinin, o cümlədən subsidiyalaşdırmanın ləğvi bunun üçün kifayətdir.

Elə dövlət başçısının son vaxtlar ardıcıl olaraq ən çox məhz kənd təsərrüfatının inkişafına dair Sərəncamlar imzalaması da bunlara çatmaq məqsədindən irəli gəlir.



Pərviz Heydərov
AzVision.az üçün




Teqlər:  





Xəbər lenti