21-cı əsrin blitskriqi

// Azərbaycan prezidentindən regiondan uzaq və üzdəniraq qüvvələrə çağırış

   21-cı əsrin blitskriqi
  20 Sentyabr 2023    Oxunub:1974
Sahib Aliyev
Millət vəkili

Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa bugünkü müraciətində lokal antiterror əməliyyatının niyə başladığına, necə keçdiyinə, kimlərin onun gedişinə maneçilik törətməyə çalışdığına və nədən dayandırıldığına yetərincə aydınlıq gətirildi. Maraqlıdır ki, sonuncu məsələyə toxunarkən Prezidentimiz onun hansı şərtlər çərçivəsində baş verə biləcəyini Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırdığını vurğuladı ki, məncə, bu da səbəbsiz deyildi. Niyəsinə toxunacağam.
Cəmisi 24 saatda Azərbaycan elə bir reallıq yaratdı ki, bu, uzun zaman böyük fəxrlə xatırlanacaq. Başında “Nəyi, necə, nə vaxt etmək lazımdır -bunu mən bilirəm” deyən müdrik olduğu qədər də qətiyyətli bir liderin durduğu dövlətimiz 44 günlük savaşdakından da üstün bir bacarıq ortaya qoymaqla yanaşı, indi də bütün dünyaya XXI əsrin blitskriqi nə deməkdir, onu göstərdi.

Mən bu döyüşlərdə şəhid olanlarımızın hamısının ruhları qarşısında baş əyir, yaralılarımıza Uca Yaradandan şəfa diləyirəm! Zəfərdə onların xidmətləri əvəzedilməzdir. Ancaq əslində bu, gücdən də çox, diplomatiya ağırlıqlı bir qələbədir. Tək o baxımdan yox ki, dünənki tədbir öncədən gərəkən diplomatik hazırlıq görülmədən baş verə bilməzdi. Daha çox o baxımdan ki, biz hərbi xuntaya haylardan geosiyasi alət kimi faydalananların əli ilə ağ bayraq qaldırtdırdıq. Azəbaycanı tezliklə savaşı bitirməyə çağıranlar hərbi xunta təslim olmayınca sözlərinə məhəl qoyulmayacağını və belədə gələn il keçiriləcək seçkidə məqsədlərinə çatmalarının daha da çətinləşəcəyini yaxşı dərk etdiklərindən özləri hərəkətə keçərək, haylara ağ bayraq qaldırmaqdan başqa yollarının qalmadığını bildirdilər. Söhbət Nikol Paşinyan kimi Qarabağ məsələsini təkcə geosiyasi alver predmetinə yox, həm də iç siyasətin elementinə çevirməyə çalışan ABŞ-dakı bəlli çevrələrdən gedir. Qarşılıqlı asılılıq prinsipi əsasında işbirliyində olduqları hay diasporuna indi deyə bilərlər ki, guya bunlar hərəkətə keçməsəydilər, antiterror tədbiri davam edəcək və soydaşları daha böyük fəlakətlə üzləşəcəkdilər. Qoy desinlər, amma əsas odur ki, biz nə qədər mümkündür o qədər az şəhid verməklə, mülki adamlara böyük xətər yetirməməklə hətta blitskriq üçün də çox qısa görünən bir vaxtda istəyimizə çatdıq. Cüdodakı kimi düşmənlərin gücündən onların özlərinə qarşı faydalandıq. Bəzi yırtıcı dövlətləri maneçilik törətməmələri üçün neytrallaşdırdıq, bəzilərinə regiona hərbi kontingent göndərəndə güddükləri niyyəti unutdurmasaq da, uddurduq, son zamanlar haylardan çox haylıq etməyə çalışan, bizi lokal antiterror tədbirini dərhal dayandırmağa çağıranlara isə istəyimizə uyğun davranmaqdan başqa ayrı yol buraxmadıq. Yəni biz onların yox, onlar bizim diqqətimizə boyun əyərək qarşı tərəfdəkilərə anlatdılar ki, təslim olmaqdan başqa çıxış yolları yoxdur.

Əlbəttə, buna görə ölkəmizə indən sonra daha bərk diş qıcayacaqlar. Baxın, Azərbaycanda qrantla bəslədikləri bəzi ünsürlər, antiterror tədbirinə qarşı çıxanlar artıq əl-ayağa düşərək əldə edilən yeni qələbəni gözdən salmağa çalışır, indi də “Niyə Xankəndiyə girmədik”,- deyirlər. Xankəndidəkilər bizim ayağımıza gəlirlər, ey qrantcanlılar. Onlar Yevlağa ona görə gəlirlər ki, Azərbaycan vətəndaşı kimi Qarabağda yaşayıb-yaşaya bilməyəcəklərini dəqiqləşdirsinlər. Bu, artıq onlarlıqdır və necə deyərlər, bizim üçün ikinci dərəcəli məsələdir, əsas müqəddəs Bayrağımızın Xankəndidə, Xocalıda, Ağdərədə və indiyə kimi ona həsrət digər yerlərdə dalğalanmasıdır ki, onu da bu gün-sabah görəcəyik.

Ümid edirəm ki, Qarabağdakı haydilli və hayəsillilər cənab İlham Əliyevin bugünkü müraciətindən, onlara alicənabcasına yanaşmasından, gələcəkləri ilə bağlı söylədiklərindən heç olmasa bu dəfə düzgün nəticə çıxaracaqlar. Dövlət başçımızın regiondan kənarda durmalarını tələb etdiyi buradan uzaq və üzdəniraq güclərin diktəsinə uymasalar, ermənistandakılara da Azərbaycanla sülh ancaq yaxşı perspektiv və əmin-amanlıq vəd edir.

Əziz xalqım, səninlə fəxr edirəm, şanlı ordum, gücün heç zaman tükənməsin, Müzəffər Ali Baş Komandanımız, vətəninə, dövlətinə, kökünə bağlı hər bir azərbaycanlının Siz döyünən ürəyisiniz, Tanrı yar və yardımçınız olsun!


Teqlər: #Antiterror  





Xəbər lenti