Tarixi lənətdən qurtulun! – Azərbaycanlı politoloqdan ermənilərə məsləhət

      Tarixi lənətdən qurtulun!    – Azərbaycanlı politoloqdan ermənilərə məsləhət
  27 Sentyabr 2023    Oxunub:4526
Erməni mətbuatında Qarabağ ermənilərinin Fransaya köçürüləcəyi ilə bağlı şərhlər yayılıb. Bu, məntiqli addım olardı. Çünki son dövrlərdə Fransaya İslam ölkələrindən xeyli miqrant gəlib. Pozulan nisbəti bir qədər də olsa düzəltmək üçün Qarabağdan və Ermənistandan köçənləri Fransanın müxtəlif regionlarına yerləşdirmək yaxşı olardı.
Müsəlman miqrantlar əsasən Parisin ətrafında məskunlaşırlar. Erməniləri o ətrafda yerləşdirməklə Fransaya müsəlman miqrantlar üçün yaxşı nümunə və təsir vasitəsi yaratmış olar. Ermənilərin Osmanlı dövründən bəri müsəlmanlarla birlikdə yaşayış vərdişi mövcuddur. 500 il ərzində bu vərdişlər ermənilərin qanına keçib.

Fransanın Ermənistandakı səfiri Olivye Dekottini Qarabağ ermənilərinin Fransaya köçürüləcəyi ilə bağlı fikirləri qətiyyətlə rədd etdi. Fransanın xarici işlər naziri Katrin Kolonna dərhal Qarabağda ermənilərə yardım etməyə hazır olduqlarını bildirdi. Əslində bu, Qarabağ ermənilərinə humanist deyil, siyasi münasibətdir. Qarabağ erməniləri Fransaya anti-Azərbaycan elementi kimi lazımdırlar.

Təkcə Fransada yox, Avropanın əksər ölkələrində son vaxtlar müsəlman miqrantların sayı artıb, erməniləri ora da köçürmək olar. Amma bir qrup Avropa siyasətçisinin fikrincə, ermənilər mütləq Azərbaycan ərazisində yaşamalıdır ki, gələcəkdə onlardan Türkiyənin yaxın müttəfiqi olan Azərbaycana qarşı istifadə edilsin. Azərbaycanın vacib tranzit mövqeyi var, neft-qaz ölkəsidir. Bu mövzularda güzəştli mövqe əldə etməkdən ötrü Azərbaycanı həmişə təzyiq altında saxlamaq lazımdır. Ermənilər bunun üçün ən yaxşı alətdir.

Qarabağ erməniləri bunu başa düşməli və Fransaya köçürülmələri uğrunda israrla mübarizəyə başlamalıdırlar. Azərbaycana qarşı alətə çevrilmək onları indiki vəziyyətə saldı. Vaxtilə çar Rusiyası da eyni məqsədlə erməniləri indiki Ermənistan və Qarabağ ərazilərinə köçürmüşdü. Son nəticədə əziyyət çəkən ermənilərin özü oldu. Kiminsə əlində alətə çevrilmək lazım deyil.

İranın da erməni sevgisi saxtadır. 35 il qabaq İranda 600 min erməni yaşayırdı. İndi orada 60-70 min erməni var. 35 il bundan qabaq öz ərazisindən erməniləri deportasiya edən İran indi erməniləri müdafiə edir, guya onların təhlükəsizliyini qoruyur. Məqsədi ermənilərə dəstək vermək yox, onları Azərbaycan xalqının qatilinə çevirməkdir.

Azərbaycana qarşı alət kimi istifadə edilmək ermənilərin üzərindəki tarixi lənətidir. Normal gələcək üçün bundan qurtulmaları lazımdır. Ermənilər anti-Azərbaycan aləti olmaqdan tam imtina etməlidirlər. Ona görə də sağ-salamat Avropaya getsinlər, heç Ermənistanda da dayanmasınlar. Fransa, Almaniya və Rusiyada ermənilərə ciddi ehtiyac var. İrana qayıtmaları da pis variant deyil.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: Erməni  





Xəbər lenti