Həbs, şallaq və “Nobel”: Nərgiz Məhəmmədinin hekayəti

      Həbs, şallaq və “Nobel”:    Nərgiz Məhəmmədinin hekayəti
  09 Oktyabr 2023    Oxunub:4092
2023-cü ilin Nobel Sülh Mükafatına iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi layiq görülüb. Mükafat onun “qadınlara zülmə qarşı mübarizəsinə” və “hamı üçün insan hüquq və azadlıqlarının təşviqinə” görə veriləcək. Xanım Məhəmmədi mükafatı şəxsən ala bilməyəcək, çünki hazırda bir sıra ittihamlarla, o cümlədən “dövlət əleyhinə təbliğat” aparmaqda günahkar bilinərək, həbs cəzası çəkir.
Nobel komitəsinin qərarı İranda qadın haqları və ötənilki etirazların yenidən təkrarlanma ehtimalının yüksək səslə danışıldığı bir vaxtda açıqlandı. Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen jurnalistlərə deyib: “Mükafat laureatın simasında bütün iranlı azadlıq mübarizlərinə – keçən il qadınlara qarşı ayrı-seçkilik və təzyiq siyasətinə qarşı nümayişlərdə iştirak edən minlərlə insana verilir”.

Xatırladaq ki, həmin etirazlar 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlamış və azı 530 nəfərin həyatını itirməsi, 20 minə yaxın insanın həbsi hesabına yatırılmışdı. Etirazlar “qadin - həyat - azadlıq” şüarı ilə keçrilirdi. Nobel Komitəsinin fikrincə, bu üç söz Nərgiz Məhəmmədinin fəaliyyətini çox yüksək şəkildə səciyyələndirir: “O, qadınlara qarşı sistematik ayrı-seçkilik və təzyiqlərlə mübarizə aparır. Qadınların dolğun və ləyaqətli yaşamaq hüququ uğrunda mübarizəsini dəstəkləyir”.


Amma laureatın insan hüquqları sahəsində fəaliyyəti heç də təkcə bu mövzu ilə məhdudlaşmır: məsələn, xanım Məhəmmədi müxtəlif vaxtlarda ölüm hökmünün ləğvi və məhbuslara işgəncə verilməsinin yasaqlanması kimi məsələləri qaldırıb.

Ötənilki etirazlar zamanı Nərgiz Məhəmmədi həbsxanada idi. Amma oradan da nümayişçilərə dəstək verdi, xüsusən də kamera yoldaşları arasında həmrəylik aksiyaları təşkil etdi. Buna cavab olaraq həbsxana rəhbərliyi onun saxlanma şəraitini daha da sərtləşdirdi. Xanım Məhəmmədiyə zəng və ziyarətçi qəbul etmək qadağan edildi. Bununla belə, o sonradan Məhsa Əmininin qətlinin birinci ildönümündə “The New York Times”da məqalə dərc etdirməyi bacardı. "Bizi nə qədər çox buxovlasalar bir o qədər güclü oluruq",- məqalədə deyilirdi.

Nərgiz Məhəmmədi insan hüquqları sahəsində fəaliyyətinə 1990-cı illərdə tələbə ikən başlayıb. Məktəbi bitirdikdən sonra bir sıra qəzetlərdə jurnalist, eyni zamanda mühəndis kimi fəaliyyət göstərib. 2003-cü ildə o, Nobel Sülh Mükafatı laureatı Şirin İbadinin təsis etdiyi Tehran İnsan Haqları Mərkəzi ilə əməkdaşlığa başlayıb.


2011-ci ildə Nərgiz Məhəmmədi həbsdə olan fəallara və onların ailələrinə kömək göstərdiyinə görə ilk dəfə həbs edilib. Sonra ölkədə ölüm hökmünün ləğvi uğrunda fəal mübarizə aparıb, siyasi məhbuslara qarşı işgəncə və cinsi zorakılığa qarşı çıxış edib.

2021-ci ilin mayında Tehrandakı 2 saylı Cinayət Məhkəməsi onu “dövlət əleyhinə təbliğat aparmaq” ittihamı ilə iki il yarım həbs, 80 şallaq və 2 ayrı cərimə cəzasına məhkum olunub.
Ümumilikdə hüquq müdafiəçisi 13 dəfə həbs edilib, 5 dəfə mühakimə olunub və üst-üstə 31 il həbs və 154 şallaq zərbəsi alıb.

Laureat “The New York Times”da dərc olunan yazısında “demokratiya, azadlıq və bərabərlik uğrunda mübarizəni” heç vaxt dayandırmayacağını vəd edib: “Şübhəsiz ki, Nobel Sülh Mükafatı məni bu yolda daha möhkəm, qətiyyətli, ümidli və həvəsli edəcək. Qələbə yaxındır!”


Maraqlıdır ki, ötən həftə İslam Respublikasında Məhsa Əmininin başına gələnlərlə demək olar ki, eyni hadisə baş verdi. Oktyabrın 1-də 16 yaşlı Armita Qəravand hicab taxmadığı üçün Tehran metrosunda saxlanıldıqdan sonra komaya düşdü. Hüquq müdafiəçilərinin sözlərinə görə, qıza qarşı zor tətbiq edilib. İran mediası qızın valideynlərinə istinadən yazdı ki, Armitanın təzyiqi düşüb, o, müvazinətini itirib və yıxılaraq başını əzib. Hüquq müdafiəçiləri israr edirlər ki, qızın valideynləri hakimiyyətin təzyiqi ilə belə bir bəyanat veriblər. İranın etirazlar tarixi göstərir ki, tətik rolunu həmişə belə gözlənilməz hadisələr oynayır....

351 namizəd

Alfred Nobelin vəsiyyətinə uyğun olaraq, sülh mükafatı “xalqların birləşməsində, orduların sayının azaldılmasında, habelə sülh konqreslərinin keçirilməsində və onlara diqqət cəlb etməkdə uğur qazanmış və ya digərlərindən daha çox iş görmüş şəxslərə verilir”. Ənənəyə görə, mərasim oktyabrın ilk həftəsinin cümə günü, tibb, fizika, kimya və ədəbiyyat sahələrində laureatların adları məlum olduqdan sonra keçirilir. Bütün ölkələrin parlament və hökumət üzvləri, beynəlxalq məhkəmələrin üzvləri, universitet rektorları, sosial elmlər professorları, digər laureatlar və mükafat almış təşkilatların idarə heyətinin üzvləri, habelə Norveç Nobel Komitəsinin üzvləri namizədlər üçün təkliflər irəli sürə bilərlər.
Matrisanın açarı: Tibb sahəsində Nobel nəyə görə verilib

Bu il namizədlərin tam siyahısı 351 bənddən (259 fiziki şəxs və 92 təşkilat) ibarət olub. Tarixdə cəmi bir dəfə – 2016-cı ildə namizədlərin sayı bundan çox – yəni 376 olub. Qaydalara görə, tam siyahı 50 ildən sonra ictimaiyyətə açıqlanacaq. Ancaq namizədi irəli sürənlərə bu barədə jurnalistlərə açıqlama verməyi heç kim qadağan etmir. Üç norveçli siyasətçinin üç rusiyalı müxalifətçinin – Aleksey Navalnının, Vladimir Kara-Murzanın və Pavel Çuprunovun namizədliyini irəli sürdüyü məlumdur. “Uzun siyahı”da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın (Rusiya-Ukrayna münaqişəsini həll etmək cəhdlərinə görə), NATO-nun baş katibi Yens Stoltenberqin, iranlı kinorejissor Cəfər Pənahinin, “WikiLeaks”in qurucusu Culian Assanjın və iqlim fəalı Qreta Tunberqin də adı var idi.

Bukmeker kontorları Ukrayna prezidenti Vladimir Zelenskini açıq-aşkar favorit sayırdılar. Bununla belə, ekspertlər Nobel Komitəsinin belə qərar çıxarmasının mümkün olmadığını deyirdilər. “Bu sanki 1941-ci ildə Uinston Çörçilə mükafat verilməsi kimi bir şey olardı. O zaman o, müharibədə qalib gəlməyə çalışırdı. Zelenski də bunu etməyə çalışır”, – Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) direktoru Den Smit CNN ilə söhbətində bildirib. Bununla belə, o, əlavə edib ki, "hazırda ətrafımızda sülh çox deyil, ona görə də, mükafatın təqdim oluna biləcəyi görkəmli sülhpərvəri müəyyənləşdirmək çətindir".

Tariyel Həsənov
AzVision.az


Teqlər:   İran   Nobel  





Xəbər lenti