`Avrobenzin` istehsalımıza kimlər mane olur? - TƏHLİL

`Avrobenzin` istehsalımıza kimlər mane olur? - TƏHLİL
  14 İyun 2014    Oxunub:1553
Bu ilin aprelin 1-dən ölkədə yanacaq məhsulları standartları ilə bağlı “Avro-4” ekoloji normasna keçilsə də, Azərbaycanda buna uyğun yanacaq əslində, istehsal olunmur. Bu əsasən, Aİ-95 markalı benzinə aiddir. Əvvəllər Aİ-92 markalı benzin əlavə olaraq emal edilməklə Aİ-95-ə çatdırılırdı ki, aprel ayında “Avro-4”-ə keçiddən sonra bu, işə yaramadı. Ona görə də, həmin növ benzin kənardan ixrac edilməli idi. Çünki sözügedən norma benzinin keyfiyyətini qaldırmağı tələb edirdi.

Əslində, heç digər yanacaq məhsullarımız da keyfiyyətli deyil. Azərbaycan bu gün nə qədər çox təmiz neftə və emaledici infrastruktura sahib olsa da, istehsal etdiyi yanacağın keyfiyyəti hazırda Avropada ən yüksək standart sayılan “Avro-5” və “Avro-6”-dan 3 dəfə geri qalır. Və bizim həmin standartlara çatmağımıza 2023-cü ilə kimi - Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilib istifadəyə veriləcək yeni neft-qaz emalı kimya kompleksi fəaliyyətə başlayana qədər vaxt lazımdır.

Bütün bunlar Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) emal üzrə vitse-prezidenti David Məmmədov tərəfindən də təsdiq edilmişdi. Belə ki, bu yaxında Bakıda keçirilən "Caspian Oil and Gas-2014" adlı 21-ci beynəlxalq konfransda Məmmədov etiraf etmişdir ki, Azərbaycan “Avro-5” standartına uyğun benzini yalnız 2018-ci ildə istehsal edəcək. ARDNŞ-in məqsədi Heydər Əliyev adına Bakı neft emalı zavodunda (NEZ) ildə 3 milyon ton dizel, 3,4 milyon ton benzin, 350 min ton bitum, 100 min ton isə maye qaz istehsal etmək üçün 2030-cu ilədək 7,5 milyon ton neft emalı prosesini təmin etməkdir ki, bu, həm daxili tələbatı ödəməyə imkan verəcək, həm də az da olsa ixraca yol açacaq. Bu məqsədə çatmaq üçün isə 42-48 ay vaxt tələb olunduğu deyilib.

Diqqətimizi çəkən məqam ondan ibarətdir ki, bu sahədə hər açıqlamada vaxt bir az da uzaq göstərilir. Məsələn, yuxarıda qeyd etdik ki, “Avro-5” və “Avro-6” standartlarına uyğun yanacaq məhsulları istehsal etməyimiz üçün 2023-cü ildə Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilib istifadəyə veriləcək yeni neft-qaz emalı kimya kompleksinin fəaliyyətə başlaması lazımdır. Halbuki, bu barədə də əvvəl, 2017-ci il söylənilmişdi.

D.Məmmədovun son açıqlamasında isə 2030-cu il qeyd olunur. Odur ki, başa düşmək olmur ki, ölkədə keyfiyyətli yanacaq məhsullarının istehsal olunacağı tarix hər dəfə niyə məhz bu cür uzağa çəkilir. Məgər, bu, doğrudanmı belə çətin işdir?

Bəlkə, maliyyə problemi var? Bu, ola bilməz. Çünki ölkəmizin maliyyə sarıdan heç bir çətinliyi yoxdur. Bəlkə, bunun üçün tələb olunan texnoloji avadanlığı əldə etmək və yaxud, bunları quraşdırmaq çətin başa gəlir? Bu da inandırıcı deyil. Odur ki, qalır axırıncı sual: olmaya, Azərbaycanda keyfiyyətli yanacaq məhsullar istehsal olunmasını istəməyənlər var?

Bizcə, getdikcə, daha çox məhz bu ehtimalın üzərində düşünməyə dəyir. Elə, vitse-prezidentin açıqlaması da bundan şübhələnməyə əsas verir. Yeri gəlmişkən, bu ilin ilk aylarında Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpası sahəsində uzunmüddət aparılan danışıqlar nəticəsində ARDNŞ ilə Rusiyanın “Transneft” şirkəti arasında 2014-cü ildə Rusiya ərazisi ilə 1-1,5 milyon ton neft nəql olunacağı haqda imzalanan yeni müqaviləyə əsasən də yazmışdıq ki, ölkədə neftdən alınan məhsullara tələbatın durmadan artması və xüsusən də benzin istehsalının yalnız Neft Şirkətinin hasil etdiyi xammalla artırıla biləcəyi fonunda bu anlaşma sual doğurur.

Sual yarandı ki, keçən il ARDNŞ istiqamətində xam neft ixracının bu ildən dayandırılacağı bildirilsə də qeyd olunan anlaşma necə izah oluna bilər?

Əlbəttə, Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli vacib məsələdir. Ölkəmiz xarici bazarlara neft nəqli sahəsində nə qədər şaxələnmiş imkanlara sahib olsa da, şimal marşrutu bunun əsas həlqələrindən birini təşkil edir ki, bu, həm də siyasi əhəmiyyət kəsb edir.

Ancaq daxili tələbatı ödəmək də əsas şərtdir. Bu il ARDNŞ emala 6,7 milyon ton xam neft göndərəcək ki, 2012-ci ildə bu rəqəm 6,2 milyon ton təşkil etmişdi. Keçən il 6,4 milyon ton neft emal olunduğu deyilir. Məlumdur ki, ARDNŞ-in hasil etdiyi neftdən kənar əldə edilən xammal müqavilə şərtlərinə əsasən birgə müəssisələrin ixrac öhdəliklərinin təmin olunmasına yönəldildiyindən emal oluna bilməz.

Ancaq bizi həm bu, həm də digər xüsusda narahat edən ehtimal məhz ondan ibarətdir ki, dəfələrlə vurğuladığımız kimi dünya ölkələri iqtisadi cəhətdən əsasən, iki yerə - xammal və istehsalçı ölkələrə bölündüklərindən bizim birinci qrupa aid olunacağımız qorxusu var.

Dünya bazarlarında neftin qiymət rəqslərindən həmişə onu ixrac edən ölkələrdən çox əslində, alıcılarını xeyir götürdüyü yaxşı məlumdur. Belə ki, neft alan ölkələrin istehsal malları daha yaxşı realizə olunduğu halda, əks tərəfə məxsus ölkələrdə hasiledicidən kənar demək olar, bütün sahələrdə istehsal “ölür”.

Odur ki, sual yaranır: ölkəmiz kənar təzyiqlər vasitəsilə xammal təchizatçısı vəziyyətinə sürüklənmir ki?

Yeri gəlmişkən, ARDNŞ-ə məxsus yuxarıda adı çəkilən NEZ-də neftin emalı dərinliyi hazırda 92% təşkil edir. Və bunu 100 %-ə çatdırmaq bizcə, elə də böyük səy və vaxt tələb etmir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti