Qarabağda döyüşmüş əfqan: "Ermənilər İrandan gətirdikləri geyimlə bizi tələyə salmışdılar"

      Qarabağda döyüşmüş əfqan:   "Ermənilər İrandan gətirdikləri geyimlə bizi tələyə salmışdılar"
  03 Noyabr 2023    Oxunub:4225
Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna işğalçılara qarşı döyüşlərdə əfqan könüllülər də dəstək olublar. Əqanıstandan gələn bir neçə mücahidin cəbhə bölgəsinə yollanaraq əsgərlərimizlə öz döyüş təcrübələrini bölüşməsini qazilərimiz də təsdiqləyirlər.
Belə şəxslərdən biri də Qarabağda haqq savaşına dəstək üçün gəlmiş Muhammed Sadiqdir. O, Cemil Rüstemlinin "YouTube" kanalına müsahibəsində Qarabağ döyüşləri zamanı keçdiyi ağır döyüş yolundan danışıb.

Muhammedin döyüşdüyü ərazilər isə əsasən Füzuli və Beyləqan olub. Maraqlıdır ki, onunla bərabər Əfqanıstandan gəlmiş döyüş yoldaşlarının bir neçəsi ölkəmizdə qalaraq burada ailə qurublar. Onlar hazırda Azərbaycan vətandaşıdırlar.

Qarabağda döyüşmüş rus zabiti mükafatlandırılıb
Azərbaycan torpağına ayaq basdığı ilk gündən xalqımızdan istiqanlılıq və qonaqpərvərlik gördüyünü deyən Muhammed Sadiq Xocalı soyqırımının Əfqanıstanda hiddət doğurduğunu söyləyib. O, bundan öncə baş vermiş 20 Yanvar faciəsinin də əfqanları kədərləndirdiyini qeyd edib. Muhammed deyir ki, həmin illərdə gənc olması və informasiya qıtlığı səbəbindən Azərbaycan haqqında çox az şey bilirmiş. Amma 118 il yaşamış atası ona Qafqazda müsəlmanlar, türklər yaşayan bir ölkənin, xalqın olması barədə məlumat verib:
“Atamgil 20 yanvar hadisələrini izləyərkən ağlayırdılar. Niyə ağladıqlarını sual edirdim. Cavab veridilər ki, azərbaycanlılar türk və müsəlmandılar. Onlar çox gözəl müsəlmanlardılar. 70-80 il əvvəl balacasından böyüyünə kimi ibadət edirlərmiş. Orada böyük mədəniyyət var, məscidlər, alimlər var. Din xadimləri şairlər yetişdiriblər. Amma Leninin vaxtında ruslar gəlib bu ölkəni işğal etdilər. İndi isə Rusiya ordusu Azərbaycandan çıxarıldığı üçün azərbaycanlıları qırırlar. (20 Yanvarı nəzərdə tutur-red.)”.
Onun sözlərinə görə həmin illərdə harda müsəlman xalqlar zülmə, işğala məruz qalırdısa əfqan mücahidlər onlara dəstək üçün yollanırmış. O, əfqanların Bosniyada döyüşmələrini, Fransanın Əlcəzairdə qırğınları zamanı yerli xalqa dəstək olmalarını da xatırladıb.

Muhammed qeyd edib ki, ona da Azərbaycana gəlmək qismət olub. O, əfqanların 1992-ci ilin dekabr ayından Qarabağda döyüşlərə qatıldığını söyləyib.

“Niyyətimiz bu millətə, bu torpağa xidmət idi. O vaxtı erməni işğalçılar Beyləqan rayonuna qədər gəlib çatmışdılar. Rayonu keçəndən sonra Əhmədbəyli adlı kənd var idi ki, məlunlar artıq orada yerləşmişdilər. Bir tərəf Ağdam, Bərdə, digər tərəf isə Tərtər idi. İlk bir ay kəşfiyyat xarakterli işlər gördük, sonradan isə hərəkətə keçdik. İlk olaraq Daşburun kəndindən döyüşlərə başladıq. Biz əməliyyatlar zamanı Allahu Əkbər deyib meydana atılanda ermənilər qaçırdılar. Bütün bunları gözümüzlə görürdük. Onların heç imanı da yoxdur axı. Bir Allahu Əkbər qışqırtısını eşidən kimi silahı atıb qaçmışdılar. Təəssüf ki, xəyanətkarlar da oldu. Həmin dövrdə xəyanət olmasaydı, hər şey yaxşı olacaqdı. Əslində hər yerdə, müsəlmanların içində də xain olur. Məsələn, bir dəfə 1-ci, 2-ci və 3-cü Mahmudlu kəndlərini azad edə-edə irəli getmişdik. Biz 1-ci Mahmudlu kəndini azad edib postlara əsgərləri yerləşdirdik ki, onlar buranı qorusunlar. 2-ci Mahmudludan geri qayıdıb gələndə isə postların yenidən ermənilərə verildiyini gördük... Biz bilmirdik ki, içimizdə belə satqınlar, ermənipərəstlər var. Əgər bu cür casuslar, xainlər olmasaydı, indi nəinki Ermənistana, çox yerə gedib çıxmışdıq”, - keçmiş əfqan döyüşçü gileylənib.

O, iki əfqan əsirin ermənilərin əlinə keçməsini də xatırladıb. Muhammed bunun belə xəyanət nəticəsində baş verdiyini iddia edib.

“Müharibədən heç birimiz qorxmurduq? Erməni kim idi ki, mücahidi əsir tutmağı bacarardı? Bizdən heç vaxt o məlunlara əsir düşən olmurdu. Məsələn, mənim batalyonumdan, əsgərlərimdən mücahidlərimdən heç kim əsir düşmədi. Sadəcə, yalnız 1993-cü ildə bir arzuolunmaz hadisə baş vermişdi. Bizim uşaqlar Beyləqana, rayonun özünə gələrək təmizlik üçün hamama gediblər. Geri qayıdanda isə bir az gec olub. Baxıblar ki, gecədir, bir az da gec qayıtsalar komandir onlara “hara yoxa çıxmışdınız?” deyib cəza verə bilər. Gedib Beyləqan taksilərinə minmək istəyiblər, axşam olduğu üçün sürücülər döyüşçüləri aparmağa qorxublar. Müharibə və qarışıq dövr idi axı... Onların batalyonu Kərimbəylidə idi. Amma bir nəfər taksi sürücüsü bu iki əfqanı götürüb Kərimbəylidən keçirərək birbaşa Horadizə, dördyola sürüb. O, burada sağa dönərək ermənilərin postu istiqamətində işıqlarla işarə verib. Kim bilir, bəlkə də həmin sürücü erməni imiş? Beləcə həmin əfqanlar ermənilərə təhvil verilib. Sonradan atəşkəs oldu, əsirlər iki-üç il ermənilərin əlində qaldılar və biri işgəncələr səbəbindən dünyasını dəyişdi. Hətta həmin əfqanların qəfəsə salınıb şişlə işgəncələr verilməsini əks etdirən görüntülər də yayılmışdı. Digər əfqan sağ qayıtsa da, işgəncələrdən kor olmuşdu. O hazırda Azərbaycanda yaşayır və adı Suveydir. Onu ermənilərin bizdə olan əsiri ilə dəyişmişdilər. Yəni ermənilər bizdən başqa cürə əsir götürə bilməzdilər... Ölən əfqanın cəsədi isə tapılmadı. Erməniləri əsir tutanda onlara zərrə qədər də işgəncə vermirdik. Bəzi cavanlar o məlunları döymək, söymək istəyirdi. Başa salırdıq ki, belə davranmaq lazım deyil. Tutduq, Müdafiə Nazirliyinə təhvil verməliyik vəssalam. Qısası, əsl müsəlman kimi rəftar edirdik. Amma onlar bizdən apardıqlarının birini öldürdülər, digərini isə bu hala salıblar”.

Muhammed başqa bir diqqət çəkən məqama, erməni hiyləgərliyinin sərhəd tanımamasına da toxunub: “Onlar gördülər ki, əfqanlar cəbhədə xüsusi geyimlərdə gəzirlər. Sonradan gedib hardansa bizim milli geyimlərimizi tapdılar. İranda xeyli erməni yaşayır. Bu ölkədə elə əfqanlar da çoxdur. Yəqin ki, geyimləri İrandan tapıb gətirmişdilər. Beləcə bizim fərqli geyimlərimizdən tapıb geyinən ermənilər Lələtəpə tərəfdə döyüşçülərimizi tələyə sala bildilər. O tələdən sağ çıxa bilən Nemətulla adlı əfqan indi Azərbaycanda yaşayır. Övladları da var və Zirədə qalır. Nemətulla və daha 2 cavan oğlan səngərdən qalxıb baxanda görüblər ki, qarşı tərəfdə əfqan geyimində olanlar var. Həmin "əfqanlar" döyüşçülərimizə əl edərək yaxın gəlmələrini istəyiblər. Təxminən 200 metr məsafə olub. Bizimkilər fikirləşiblər ki, yəqin digər əfqan döyüşçülər xeyli qabağa gediblər. Ayağa durub biz də onlara qoşulaq. 50-60 metr qalanda isə ermənilər bizimkiləri qəflətən atəşə tutublar. Onlardan ikisi şəhid olsa da, Nemətulla sağ qalıb. Bədəninə çoxlu güllə dəyib. Sadəcə ürəyi, ciyəri salamat olduğu üçün sağ qala bildi. Arxada qalan bizim uşaqlar dərhal hiyləni anladılar və gedib şəhidlərimizi götürdülər. Hətta bu məlunların bir neçəsini də qırmışdılar”.

Hazırda veteran kimi qeydiyyatda olduğunu deyən Muhammed onunla bərabər döyüşmüş əfqanların bir neçəsinin Azərbaycanda qalıb ailə qurduğunu da söyləyib. Onun sözlərinə görə həmin əfqanlar arasında əlil olanları azdır: “Mənim tabeliyimdə olan əsgərlərdən heç biri şəhid olmadı. Qazi olan yaralananlar vardı. Amma o biri cəbhələrdəki əfqanlardan şəhidlər oldu. Həmin şəhidlərin bir neçəsi Xırdalanda dəfn olunub. Çünki onları topla vurmuşdular. Tikə-tikə olduqları üçün nəşlərini Əfqanıstana göndərə bilmədik. Güllə yarasından ölənləri isə Əfqanıstana aparıb ata-analarına təhvil verirdilər. Həqiqətən də biz ürəklə döyüşür, can-başla xidmət edirdik. Bu torpağa da can-başla hə deyib gəldik.”

Muhammed alnından qəlpə yarası alıb. O, döyüşlərdə bir generalımızın yanında minaya düşərək şəhid olmasını da kədərli şəkildə xatırladıb.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Əfqan   Qarabağ   Döyüş   Şəhid   Mücahid  





Xəbər lenti