“İstərdik ki, Fransada sizin resurslardan olsun”

“İstərdik ki, Fransada sizin resurslardan olsun”
  16 Aprel 2013    Oxunub:2170
Kann merinin birinci müavininin AzVision.az-a eksklüziv müsahibəsi
Kann şəhərinin nümayəndə heyəti Bakıda turizm imkanlarına həsr olunmuş təqdimat keçirib. Nümayəndə heyətinə rəhbərlik edən Kann merinin birinci müavini, Festivallar və Konqreslər Sarayının prezidenti David Lisnar, Azvision.az saytına verdiyi müsahibəsini də elə sözügedən təqdimatla başladı:

- Bakı və Kann şəhərlərinin turzim sahəsində əməkdaşlığı üçün böyük potensial mövcuddur. Bu gün Kann beynəlxalq brendə çevrilib. Bu şəhər kurort və festivalları ilə məşhurdur.
Səfərimiz çərçivəsində səfirlik, media, mədəniyyət xadimləri, rəsmi dövlət qurumlarının nümayəndələri, eləcə də turizm sahəsində ixtisaslaşan bir sıra tur operatorları ilə görüşlərimiz olacaq. Azərbaycanlıların Kann şəhərinə, eləcə də fransızların sizin ölkəyə səfərinin asanlaşması üçün müəyyən işlər görməyə çalışacağıq.

- Cənab Lisnar, Fransanın, konkret Kann şəhərinin Azərbaycanda olan turizm maraqları nədən ibarətdir?
- İlk növbdə, Azərbaycandan Kann şəhərinə turist axını gözləyirik.. Amma eyni zamanda da azərbaycanlıları tanımaq, iki mədəniyyət ölkələri arasında mədəni əlaqələri, mübadiləni inkişaf etdirmək istəyirik. Kann, balaca olmaqla yanaşı, həm də beynəlxalq şəhərdir. Bura adətən həyat təcrübələrini artırmaq, yeni nəsnələri tanımaq, yeni həzzləri duymaq istəyən turistlər, yeni kəşflər arzusunda olan insanlar gəlir.

- Bugünkü təqdimatınız Kann şəhərinin Azərbaycanda tanıtımına həsr olunub. Bu yöndə müəyyən planlar düşünülüb. Bəs, Azərbaycanın Kann şəhərində tanıtımına dair hər hansı bir işlərin görülməsi nəzərdə tutulubmu?
- Əlbəttə. 4-20 iyul tarixləri arasında Kann şəhərində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Açılış günü, yəni iyulun 4-də Azərbaycana həsr olunmuş böyük atəşfəşanlıq olacaq.
Dünyanın ən gözəl dənizkənarı sahili – Kruazetdə Azərbaycan heykəltaraşlıq nümunələri sərgilənəcək. Bu tədbir, iki ölkə arasındakı dostluq münasibətlərinin bir göstəricisidir. Hazırda festivalın proqramı razılaşdırılır. Bu məqsədlə gələn həftə azərbaycanlı təşkilatçıların Kanna səfəri və toplantısı gözlənilir.

- İl ərzində Kann şəhərinə səfər edən Azərbaycan turistlərinin sayına dair statistik məlumatlar varmı?
- Təəssüf ki, turistlərin statustik məlumatlarını toplamırıq. Kann açıq şəhərdir və turistlərdən hardasa qeydiyyatdan keçmələrini tələb etmirik. Turistlər haqda ümumi məlumatı otellərdən, şəhərin turizm idarəsindən almaq olar. Hansı məlumatlardır bunlar? Məsələn, turistlərin daha çox hansı ölkədən gəlmələri barədə. Son göstəricilərə əsasən, Kann şəhərinə Braziliyadan daha çox turist axını var – təxminən 7 faiz. Azərbaycana dair isə konkret statistik göstərici yoxdur. Bircə onu deyə bilərəm ki, Azərbaycan prezidenti gəlir (gülür).

- Sirr deyil ki, Fransanın Bakıdakı səfirliyindən viza almaq bir qədər problemlidir. Səfərinizin bu məsələyə də müsbət təsir göstərəcəyini ümid etmək olarmı?
- Bildiyimə görə, hazırda vizanın sadələşdirilməsi prosesi gedir. Fransa, yumşaq desək, çox çətin dövrünü yaşayır. Bir ölkə olaraq bu, bizə asan deyil. Dünyada miqrasiya prosesləri gedir. Hər şeyə rəğmən səfirlik və konsulluqların qarşısında öhdəlik durur. Yeri gəlmişkən, bir fransızın Azərbaycana viza alması da asan olmur. Bu baxımdan hər iki ölkə irəliləyiş etməlidir.

- İlk dəfədir Bakıya gəlirsiniz. Gördüklərinizdən qənaətiniz nədir?
- Dünən axşam şəhərinizdə gəzmək imkanım oldu. Diqqətimi Bakının çox maraqlı konsepsiyası çəkdi. Əlbəttə bütün ölkələrdə olduğu kimi Azərbaycanda da mərkəzə böyük önəm verirlər. Ölkənin inkişafı zahirdən hiss olunur, görünür. Bu, məndə, çox dinamik bir ölkə təsiri bağışladı. Bəzi ölkələr var ki, onlarla işləməyi çox istərdik, Azərbaycanla da həmçinin. Kann həqiqətən də gözəl şəhərdir. Yeri gəlmişkən, Kann şəhərində tədbirlərin keçirilməsilə bağlı demək olar ki, hər həftə müxtəlif ölkələrdən təkliflər alırıq. Səmimi deyim ki, qəbul etmirəm. Ona görə yox ki, bəzi ölkələri sevmirəm. Sadəcə olaraq, seçim etməliyəm.
Bakının böyük tədbirlərin təşkili üçün böyük üstünlükləri var. Müasir infrastruktur imkanlara malik olduğunu öz gözümlə gördüm. Daha vacib məqam Bakının Bakı olaraq qalmasıdır. O nöqteyi-nəzərdən ki, Kann, başqa şəhərləri kopyalamadığı üçün Kann oldu. Bəlkə otel və digər xidmət sahələrində beynəlxalq standartlardan bəhrələndik, amma şəhər, həmişə öz “kimliyini” təqdim etdi. Eynilə Bakı da özünəməxsusluğunu, unikallığını qorumalı, üstünlüklərini, coğrafi mövqelərini bilməlidir. Azərbaycan, Şərq, Qərb, Asiya və Avropanın arasındası yerləşir. Zəngin resurslarınız var. Biz də istərdik ki, Fransa da həmin resurslardan olsun. Amma... Bir də mədəniyyət olduqca vacibdir. Mədəniyyət təkcə ünsiyyət, kef-səfa deyil, könlün xoş olması deyil. Mədəniyyət bütün dünyanı dəyişdirir və dünyaya yeni dəyərlər verir. Bu baxımdan mədəniyyətin rolu əvəzedilməzdir.

Sevda Babayeva


Teqlər:  





Xəbər lenti