“Yaşadığımız dünya illüziyadır”

“Yaşadığımız dünya illüziyadır”
  16 Aprel 2013    Oxunub:4170
Məşhur fizik Mitio Kaku: “Güzgüyə baxanda əslində özünüzə baxmırsınız”.
Əslən yaponiyalı olan nəzəriyyəçi-fizik Mitio Kaku ABŞ-da doğulub. Son əsrin ən bilikli fiziklərindən olan Kakunun çox sayda kitabı, radio və televiziya proqramları var. Elmə töhfələrilə tanınan Mitio Kaku “qara dəliklər” və kainatın genişlənməsinin sürətlənməsi kimi sahələrdə çoxlu tədqiqatlar aparıb. Bundan əlavə, fizikanın əsas modellərindən biri olan “Strinq” (sim) nəzəriyyəsinin banilərindəndir.

A9 TV-yə verdiyi müsahibəsində Kaku deyir ki, biz cisimlərin bərk olduğunu zənn etməklə yanılırıq:

- Əslində, cisimlər boşdur. Bəs elə isə biz nə üçün parçalanıb yerə səpələnmirik? Nə üçün maddələr bərk halda görünür? Çünki elektronlar bir-birlərini itələyirlər. Buna görə, biz maddələrin bərk olduğunu zənn edirik. Əslində, beyində heç nə yoxdur. Bərk maddələr, əslində, bərk deyil. Biz onların bərk olduğunu zənn edirik. Biz reallığın bərk olduğunu düşünürük. Lakin bu, heç də belə deyil.

– Elə isə, biz beynimizin içində yaşayırıq?
– Bəli, bir növ elədir. Güzgüyə baxdıqda, əslində, özünüzə baxmırsınız. Güzgüyə baxdıqda siz özünüzün saniyənin milyardda birin qədər əvvəlki halınıza baxırsınız. Çünki işığın gözünüzdən güzgüyə getməsi və yenidən gözünüzə qayıtması bu qədər vaxt çəkir. Kvant mexanikasına görə, üzünüz, əslində, dalğadır. Siz, əslində, titrəyirsiniz. Bu, inanılmazdır. Ancaq biz bunu laboratoriyada ölçə bilirik. Ona görə, güzgüyə baxdıqda, əslində, özünüzə baxmırsınız.

– Əgər görmə, toxunma və eşitmə hissləri beynimizə elektrik impulsu kimi çatırsa, elə isə xarici aləmdə maddənin mövcud olduğuna necə əmin ola bilərik?
– Beynimiz gördüklərimizdən təqribi görüntü meydana gətirir. Siz sualınızda bunu nəzərdə tutursunuz: beynimizi yanılda bilərikmi? Cavab: bəli. Lakin problem budur: reallıq saxtadırmı? Demək istədiyim budur ki, ətrafda gördüyümüz hər şey illüziyadır. Bunun reallıq olduğunu zənn edirik, əslində isə belə deyil.

– Holoqrafik kainat kimi bir şey ola bilərmi?
– Bəlkə də, biz reallıqla qeyri-reallıq arasındakı fərqi bilmirik. Biz hazırda süni toxunma hissi əmələ gətirməyə başlayırıq. Buna haptik (toxunma hissi ilə əlaqədar) texnologiya deyilir. Biz bu texnologiya ilə əslində, heç nə olmamasına baxmayaraq, süni toxunma hissini əmələ gətirə bilirik.

– Hazırda yaşadığımız dünyadan danışaq. Biz həqiqi, yoxsa xəyal dünyasında yaşadığımızı ayırd edə bilərikmi?
– Prinsip olaraq yaşadığımız dünya xəyal dünyası ola bilər. Bunun əksini sübut etmək mümkün deyil.

– Maddə, atomlar tamamilə qaranlıqdır, 99% boşluqdan ibarətdir. Elə isə biz 3 ölçülü bu möhtəşəm dünyanı necə görürük?
– Biz illüziyadan ibarət dünyanı görürük. Bərk cizm olduğumuzu, əşyalara toxunduğumuzu zənn edirik. Məsələn, əslində, mən bu stulda oturmuram. Bu stuldan bir anqstrem (santimetrin yüz milyonda biri) qədər havada dururam. Çünki elektronlar eyni kvant mövqeyində dayanmağa meyilli deyillər, bir-birlərini itələyirlər. (Əllərini bir-birinə vuraraq) bəs əllərim nə üçün bir-birinin içindən keçmir? Nə üçün özümü də bərk cism zənn edirəm? Ona görə ki, əlimi başıma vurduqda, əslində, əlim başıma dəymir. Başıma 1 anqstrem məsafə qaldıqda əlim geri itələnir. Buna görə, cisimlərin bərk olduğunu zənn etsək də, əslində, cisimlər bərk deyil.

– Dediyiniz kimi, xarici dünyadan gələn elektrik impulslarını qavrayırıq. Bəs elektrik impulslarını işıq, rəng, səs, dad və qoxu kimi qavrayan varlıq nədir?
– Bunu, həqiqətən də, bilmirik. Beynimizin müvafiq bölgələri səs, görüntü, qoxu kimi sizin görüntünüzü əmələ gətirirlər.

– Yəni beyin sadəcə elektrik impulslarından ibarətdir?
– Bəli.

- Sizə yuxularla bağlı bir sual vermək istəyirəm. Yuxu aləmi və real dünya. Yuxularımızda reallıqda mövcud olmamasına baxmayaraq, maddənin bərkliyini, rənglərini və temperaturunu necə hiss edirik və yuxu ilə real dünya arasındakı fərq nədir?
- Beyin müayinələrindən istifadə edərək insanların yuxuda olarkən nələr etdiklərini görə bilirik. Oyaq olarkən ənsə payı (görmə mərkəzi) gözdən gələn vizual impulslara cavab verir. Yuxu zamanı da beyinin eyni bölgəsi aktivləşir. Deməli, beyin arxada- ənsə payında xəyali görüntülər əmələ gətirir.

– Beynimizdən kənarda maddənin mövcud olduğuna əmin ola bilərikmi? Məsələn, mən bu mikrofona toxunuram, beynimdən kənarda bu mikrofonun mövcud olduğuna necə əmin ola bilərəm? Çünki ona toxunuram, onu görürəm. Hər şeyi eşidirəm, ancaq sadəcə beynimin içindəki elektrik impulsu kimi.
- Solipsizm adlanan bir fəlsəfə var. Bu fəlsəfənin əsas sualı belədir: meşədə qırılan bir ağac, əgər orada heç kim yoxdursa, həqiqətən, qırılırmı? Bir solipsist dünyanın xəyal olduğunu, bizim bu xəyalın bir hissəsi olduğumuzu deyir. Əslində, ağacların qırılıb-qırılmadığını bilə bilmərik.
Artıq kvant nəzəriyyəsi də var ki, solipsizmdən də qəribədir. Kvant nəzəriyyəsinə əsasən, siz ağaca baxmazdan əvvəl ağac dik vəziyyətdə, qırılmış, diş çöpü formasında, yanmış halda, ev şəklində və ya nə istəyirsinizsə, ola bilər. Ancaq baxdıqda ağaca çevrilir. Kvant nəzəriyyəsinin Bor şərhinə əsasən, bir şeyin müşahidə müddəti onun varlığını müəyyən edir ki, bu, solipsizmdən də “pis”dir.
Əgər məsələ Şrödingerin pişiyidirsə, Şrödingerin pişiyi elmlərdəki bütün paradoksların ən dərinidir. Bir pişiyi qutuya qoysam (və qutuda pişiyi zəhərləmə ehtimalı 50% olan bir zəhər olarsa), bu pişik canlıdır, yoxsa canlı deyil? Kvant mexanikasında pişiyinin cansız halının dalğa funksiyasını alırıq, canlı halının dalğa funksiyasına əlavə edirik. Problem bundadır ki, pişik nə canlı, nə də cansızdır, ikisinin arasındadır. Pişiyin canlı və ya cansız olduğunu necə anlaya bilərsiniz? Qutunu açıb baxarsınız. Ancaq bu, müşahidə tələb edir. Müşahidə ilə bərabər şüur da gəlir. Şüur da bir növ varlıq deməkdir.

– “Matrix” filminə baxmısınızmı?
- Bəli.

– Bu filmin fəlsəfəsi haqqında nə düşünürsünüz?
- Məncə fəlsəfi və elmi cəhətdən demək olar ki, “Matrix” kimi bir dünya əmələ gətirə bilərik. Bu gün ətrafımızdakı cisimləri birbaşa idarə edəcək şəkildə beyindən istifadə edə bilirik. Ancaq beynimizin içinə xatirələri qoya bilmərik. Bunu hələ edə bilmirik.

– Həmin filmdə bir sual var idi. Filmdəki bir obraz: “Əgər yuxu görürüksə və əgər oyana bilmiriksə, o anda yuxu görüb-görmədiyimizə necə əmin ola bilərik?” – deyə sual vermişdi.
- Əmin ola bilməzsiniz.

– Siz beyinin bir kompüter, əla bir kompyuter kimi olduğunu deyirsiniz, ancaq beyin canlı toxumadan, ətdən ibarətdir. Canlı toxumadan, yəni ətdən olan maddə necə kompüter ola bilər?
- Hard disk deyil, canlı, nəm cisim.

– Bəs canlı bir toxumadan, yəni ətdən olan bir maddə kompüter kimi ola bilərmi?
- Əgər neyronların bir-birinə birləşdiyi kimi, tranzistorları bir-birinə birləşdirib beyin modelini çıxarsaq, beynin nə boyda kompüter olacağını müəyyən edə bilərik. Bu kompyuter minlərlə meqavatlıq enerji sərf edərdi. Bu enerjinin əldə edilməsi üçün nüvə elektrik stansiyası lazım olardı. Eyni zamanda, çox isti olardı, çünki elektrik hasil edir. Bu kompüteri soyutmaq üçün bir çaya ehtiyacımız olardı. Əgər kiçik şəhər böyüklüyündə kompüterim olsaydı, çaydan gələn su və bu nəhəng kompüterə enerji hasil edən nüvə elektrik stansiyası… Bunların hamısı birlikdə bir beyin olardı.
Ancaq beynimiz minlərlə meqavatt enerji sərf etmir. Sadəcə 20 vatlıq enerji sərf edir. Bir şəhər böyüklüyündə də deyil, sadəcə (əli ilə beyinin ölçüsünü göstərir) bu böyüklükdədir. Bu, necə mümkün olur? Əvvəla, beyin kompüter deyil. Əvvəllər beyni kompüter kimi təsəvvür edirdik, ancaq artıq belə düşünmürük. Beyində nə pəncərələr (Windows), nə pentium çiplər, nə proqramlaşdırma, nə də alt proqramlar var. Bəs elə isə beyin necə işləyir?
Beyin öyrənmə cihazıdır. Beyin öyrəndiyi hər mövzudan sonra özünü tənzimləyir. Rəqəmsal kompüterlərin belə, edə bilmədiyini beyin bacarır. Bu gün noutbuklarınız dünən olduğu kimi yenə ağılsızdır, hətta bir gün əvvəlki kimi ağılsızdır. Noutbuklarınız əsla daha da zəkalı ola bilməz. Lakin beyniniz bunun hamısını edir və daim yeni şeylər öyrənir. Bu cəhətdən beyin tam mənada kompüter deyil. Beyinin sistemi tamamilə fərqlidir. Ona görə, kompüter beyin kimi olmaq üçün ancaq bir şəhər böyüklüyündə olmalıdır.

Çevirdi: Zaur Razyev / AzVision.az üçün


Teqlər:  





Xəbər lenti