İlham Əliyev: “Bu cür bəyənatlar qəbuledilməzdir”

İlham Əliyev: “Bu cür bəyənatlar qəbuledilməzdir”
  17 Aprel 2013    Oxunub:1496
Dövlət başçısı Çexiya ilə əməkdaşlığa mane olan addımların atıldığına təəssüflənib.
Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan dostluq qrupunun sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzVision.az xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edən qarşılıqlı səfərlərin və görüşlərin önəmini vurğulayıb.

Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini bundan sonra da verməkdə davam edəcək.

Ölkələrimizin istər ikitərəfli, istərsə də Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlıq etdiyini söyləyən dövlət başçısı Çexiyada bu əməkdaşlığa mane olan addımların atıldığını da təəssüflə qeyd edib.

O bildirib ki, Çexiyanın xarici işlər naziri Karel Şvarsenberqin Azərbaycan və Xocalı soyqırımı ilə bağlı həqiqəti əks etdirməyən və heç bir əsası olmayan, qərəzli bəyanatlar verməsi Çexiya-Azərbaycan əlaqələrinin genişləndirilməsinə mane olan addımlardandır:
"Bu cür bəyanatlar qəbuledilməzdir. Ümidvaram ki, Çexiya rəhbərliyi ikitərəfli əlaqələrin inkişafına xələl gətirən bu cür hallara münasibət bildirəcək

İ.Əliyev Çexiya-Azərbaycan dostluq qrupunun sədri kimi Yan Hamaçekin Azərbaycana bu səfərinin parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Çexiya Respublikasının Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan dostluq qrupunun sədri Yan Hamaçek ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirməyin əhəmiyyətini söyləyib.

O, Çexiya parlamentinin Deputatlar Palatasının xarici əlaqələr Komitəsinin Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləməni, kütləvi qırğın və soyqırımını qətiyyətlə pisləyən qətnamə qəbul etdiyini vurğulayıb.


Teqlər:  





Xəbər lenti