Ərəb nüvəsi: Səudiyyə-ABŞ razılaşması regionda yeni risklər yaradır │TƏHLİL

      Ərəb nüvəsi:    Səudiyyə-ABŞ razılaşması regionda yeni risklər yaradır    │TƏHLİL
  23 İyul 2026    Oxunub:209
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə tarixi nüvə sazişini rəsmən təsdiqləyib. Bu müqavilə Ər-Riyada mülki nüvə proqramını qurmaq imkanı verir. 30 illik dövrü əhatə edən layihənin ümumi dəyəri on milyardlarla dollar qiymətləndirilir. ABŞ-ın ən böyük nüvə enerjisi şirkəti olan "Westinghouse" və tərəfdaşları Səudiyyə Ərəbistanında AP1000 tipli ən müasir nüvə reaktorlarının tikintisi üçün eksklüziv hüquq qazanırlar. Bu, şirkətin tarixindəki ən böyük xarici müqavilələrdən biridir.
Sənədə əsasən, Səudiyyə Ərəbistanının milli nüvə infrastrukturunu yalnız ABŞ şirkətləri quracaq. Bu şərt xarici rəqiblərin layihədən tamamilə kənarda qalmasını təmin edəcək. ABŞ-nin nüvə sənayesi son onilliklərdə Rusiya ("Rosatom") və Çin şirkətləri ilə qlobal rəqabətdə geri qalırdı. Səudiyyə layihəsi ABŞ-a bu sahədə qlobal liderliyini bərpa etmək və daxili bazarda minlərlə yüksək maaşlı yeni iş yeri yaratmaq imkanı verir. Bu isə Pekin və Moskinin Körfəz regionundakı strateji nüfuzuna böyük bir zərbə vurur, Ər-Riyadı yenidən tam olaraq Vaşinqtonun təhlükəsizlik orbitinə salır.

Tramp administrasiyası yaxın günlərdə sazişi baxılması üçün ABŞ Konqresinə göndərəcək. Yaxın Şərqdə nüvə texnologiyalarının yayılmasına qarşı çıxan konqresmenlərin arasında bu mövzuda kəskin müzakirələrin olacağı gözlənilir. Onlar sazişin regionda nüvə silahı yarışını başladacağından narahatdırlar. Məsələ ondadır ki, sazişdə uranın zənginləşdirilməsini tamamilə qadağan edən "Qızıl Standart" bəndi və MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) qəfil təftişlər aparmasına imkan verən "Əlavə Protokol" nəzərdə tutulmayıb. Bu isə Yaxın Şərqdə nüvə silahının yayılması riskini ciddi şəkildə artıracaq. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bildirmişdi ki, əgər İran nüvə silahı əldə edərsə, Səudiyyə də mütləq bu addımı atacaq. ABŞ-nin Krallığa uranı saflaşdırma qapısını açması İranla regional rəqabəti nüvə müstəvisinə daşıya bilər.

Tramp administrasiyası yaxşı anlayırdı ki, əgər ABŞ bu müqaviləyə qol çəkməsə, Səudiyyə Ərəbistanı nüvə sahəsində tamamilə Rusiya və Çinin təsir dairəsinə keçəcək. Buna görə də Vaşinqton özünün ən sərt şərtlərindən (uranın zənginləşdirilməsi qadağasından) imtina etməyə məcbur oldu. İndi İran bunu "Qərbin ikili standartı" kimi qələmə verərək, öz nüvə proqramını daha da sürətləndirmək üçün bəhanə kimi istifadə edəcək. Tehranın nüvə doktrinasını dəyişərək mülki proqramdan rəsmən nüvə silahı istehsalına keçə bilər.

Lakin ABŞ qanunlarına görə, parlamentin bu sövdələşməni ləğv etməsi çox çətindir. Çünki Trampın qoya biləcəyi vetonu keçmək üçün hər iki palatada səslərin üçdə iki çoxluğu ilə birgə qətnamə qəbul edilməlidir. Trampın güclü siyasi dəstəyini nəzərə alsaq, Konqresin bu maneəni aşması real görünmür.

ABŞ ilə bu müqaviləni imzalamazdan əvvəl Səudiyyə Ərəbistanı Vaşinqtona qarşı güclü geosiyasi şantaj taktikası yürütmüşdü. Ər-Riyad öz ərazisində ilk nüvə elektrik stansiyasını tikmək üçün Çinin dövlət şirkəti (CNNC) ilə gizli danışıqlar aparırdı. Hətta Çin mütəxəssislərinin iştirakı ilə Səudiyyə səhrasında uran filizinin çıxarılması üçün infrastruktur qurulmuşdu. Çin nüvə silahının yayılmaması şərti qoymadan texnologiya verməyə hazır idi. Səudiyyə Ərəbistanı eyni zamanda Rusiyanın dövlət nüvə nəhəngi "Rosatom" ilə də tender çərçivəsində sıx təmasda idi. Rusiya Krallığa çox ucuz və sürətli nüvə reaktorları tikməyi təklif edirdi.

İsrail Səudiyyə Ərəbistanının nüvə proqramına qarşı hər zaman ikili və olduqca həssas bir mövqe nümayiş etdirib. Yəhudi dövlətinin rəsmi hərbi doktrinasına görə, Yaxın Şərqdə heç bir ərəb dövlətinin nüvə silahı və ya bunu hazırlaya biləcək infrastrukturu olmamalıdır. İsrail keçmişdə İraq və Suriyanın nüvə obyektlərini bu səbəbdən bombalamışdı. Üstəlik, vaxtilə Bayden administrasiyası bu sazişi İsrail ilə Səudiyyə arasında diplomatik əlaqələrin qurulması (İbrahim sazişləri) şərtinə bağlamışdı. Lakin Trampın bu şərti ləğv etməsi İsrailin regionda mühüm bir diplomatik rıçaqı itirməsi deməkdir. İsrail rəhbərliyinin bu sazişə kəskin etiraz etməməsi ABŞ-ın Təl-Əvivə gizli təhlükəsizlik zəmanətləri verdiyini göstərir. İsrail layihəyə mane ola bilməyəcəyini anladığı üçün proqramın Rusiya və ya Çin yerinə, məhz ABŞ-ın tam nəzarəti altında qurulmasına səssiz razılıq verib.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ   Səudiyyə   Nüvə  






Xəbər lenti