Şah İsmayıl Şirvanşahların məzarlarını dağıdıbmı? - Zaur Əliyev yazır

      Şah İsmayıl Şirvanşahların məzarlarını dağıdıbmı?    - Zaur Əliyev yazır
  03 Aprel 2024    Oxunub:2169
Bu gün Azərbaycan tarixşünaslığında bəzi alimlərin iddiaları var ki, guya 1509-cu ildə Şah İsmayıl Xətai Bakı qalasını alan zaman babası Şeyx Cüneyd və atası Şeyx Heydərin intiqamını almaq məqsədilə Şirvanşah I İbrahim və onun yaxınlarının məzarını dağıdıb, qəbirləri açıb və onların sümüklərini yandırıb. Bu fikir ilk dəfə sovet tarixşünaslığında səslənib, onlar da Orta əsrlərə aid Həsən Rumlunun fikrini əsas götürüb belə yazıblar, sonradan bu faktı dəqiq araşdırmayan bəzi tarixçilər yalan faktı yazmaqda davam ediblər. A.Rəhimov, sovet tarixçisi Dorn və təssüff ki, Sara Aşurbəyli də bu fikiri müdafiə ediblər.
Lakin orjinal sənədlərə, alternativ mənbələrə, dəqiq və səhih qaynaqlara baxmayanlar dərhal Şahı ittiham etməyə başlayırlar. Oxumadan, öyrənmədən, bilmədən ittiham etməyə nə var ki? Arxeologiya elmi həmin ittihamlardan birinin puç olduğunu artıq sübuta yetirmişdir.

Birinci Şah dinə inanan şəxs olmaqla yanaşı digər dinlərə hörmətlə yanaşırdı. Şah da bilirdi ki, Şirvanda bir dini mozaikaya malik dövlətdir. Tanrıçılıqdan tutmuş islama qədər dini münasibətlər orada əksini tapıb. Təbii ki, bütün bunlar Şirvanşahlarda da mədəniyyətə yüksək münasibət yaratmışdır. Şirvan övliyalar, böyük şairlər, yazıçılar yurdudur. Minlərlə övliyalar yatır bu yurdda. Bunu bilən Şah Şirvan dövlətinin başşısına və varislərinə belə addım ata bilərdimi?

İkinci də Şahın ulu babası Şeyx Səfinin qardaşı adı Şeyx Mikayıl ibn Seyid Cəbrayıl ibn Seyyid Salah da Şirvanda yaşayıb, Şirvanşahların inandığı şəxs olub. Qeyd edim ki, Vaxtilə Şamaxıda “Piri-şirvan” adıyla şöhrət tapmış bir məzar olmuşdur. Burada dəfn olunmuş övliyanın adı Şeyx Mikayıl ibn Seyid Cəbrayıl ibn Seyyid Salahdır. Ərdəbildə məzarı məşhur olan Şeyx Səfi həmin bu Şeyx Mikayılın böyük qardaşıdır. Şeyx Səfi qardaşını Şirvanşahların dövləti zamanı Şirvana irşad etməyə (dini təbliğ etməyə) göndərmişdir. Necə ki, öz övladlarından olan şeyx Cüneydi Quba vilayətinə irşad etməyə göndərib. Şeyx Mikayıl Şirvan vilayətində çox-çox irşad edib və ”Piri-pirani Şirvan”- “Şirvan pirlərinin piri”adını alıb.

Üçüncü də Şirvanşahlara məxsus bütün sərvət Sultan Səlim tərəfindən talan edilib. Bu gün də onların bir hissəsi Türkiyənin, İranın, İngiltərənin, Fransanın, Rusiyanın, Macarıstanın muzeylərinin kolleksiyalarını bəzəyir. Məsələn, İstanbul muzeyində I Xəlilullahın 1428-ci ildə hazırlanmış zirehi, onun oğlu varis Fərrux Yasarın iki dəbilqəsi saxlanılır. Sarayın bəzi xalıları Londonun Viktor və Albert muzeyində, saray kitabxanasının qədim foliantları isə Tehranın, Vatikanın və Peterburqun böyük kitabxanalarında saxlanılır.

Şah İsmayıl Şirvanı işğal etsə də, Şirvanşahların hakimiyyətini qəbul etmiş, onları hakimlikdə saxlamışdı. Şah Təhmasib belə Şirvanın mövcud hakimiyyəti ilə əməkdaşlıq etmişdir.

Əslində necə olub?

Şah İsmayıl Xətainin başçılığı ilə qızılbaşlar Bakını ələ keçirməyin mühüm əhəmiyyətini bilirdilər. Bakı o vaxtlar alınmaz qala sayılırdı. Şəhər üçqat divarla, bir tərəfdən dənizlə, quruda isə dərin və geniş xəndəklə əhatə olunmuşdu. Şəhərə yaxınlaşan qızılbaş döyüşçüləri onun Makedoniyalı İsgəndər səddini xatırladan qala divarına heyran qalırdılar. İsmayıla bu qalanı tutmaq çox vacib sayılırdı. Çünki Bakı o vaxtlar Şirvanın iri şəhərlərindən biri və Xəzər dənizində ən yaxşı tranzit ticarət mərkəzi idi. Qədimdən Şirvanşah xanədanına sədaqətli olan mühasirəyə alınmış bakılılar istehkamlarının alınmazlığına, böyük silah və ərzaq ehtiyatlarına güvənərək ehtiyatla vuruşurdular. Qeyd edim ki, o zaman Bakıya Fərrux Yəsarın oğlu Qazi bəyin başçılıq edirdi. O isə bu zaman Şirvanın dağ qalalarında müqavimət göstərməkdə davam edirdi. Qazi bəy olmadığı müddətdə şəhərin müdafiəsinə onun adı mənbələrdə çəkilməyən həyat yoldaşı başçılıq edirdi. O, İsmayılın təslim olmaq təklifi ilə dilə tutmaq üçün yanına gəlmiş elçisinin edam olunmasını əmr etdi. İsmayılın göndərdiyi və hədə-qorxu gələrək, şəhərin təhvil verilməsini tələb edən Bakı darğası Əbülfəttah bəyin də başına eyni aqibət gəldi. Bakılıların inadlı müqaviməti İsmayılı sərkərdə Xülafə bəyin başçılığı altında yeni qüvvələr göndərməyə məcbur etdi. Mühasirənin sonuna yaxın o özü də buraya gəldi. Mühasirədəkilərin təslim olmaq istəmədiklərini görən İsmayıl lağım atıb qala bürclərindən birinin böyük daşını partlatmağı əmr etdi. Şəhərin müdafiəçiləri divardakı yarığı çadır keçəsi ilə tutaraq, daha üç gün duruş gətirdilər. Lakin sonra Səfəvi qoşunları şiddətli həmlə ilə qalanı ələ keçirindən sonra şəhər ağsaqqalarının xahişi ilə qızılbaşlar Bakı əhlini qırmırlar.

Şah İsmayıl şəhərə ziyan vermədən Gülüstana tərəf yürüş edir. O zamankı prosesi və döyüş, ondan sonrakı hadisələri bəzi tarixçilər yalandan guya Şah qəbrləri dağıdıb deyə yazırlar.

1946-cı ildə Şirvanşahlar sarayında arxeoloji qazıntı aparan alimlər beş məzar tapırlar. 1,2,4, 5-saylı məzarlarda Şirvanşah I İbrahim Xəlilüllahın oğlu, xanımı və qohumlarının sümükləri olduğu N.B. Minkeviç adlı arxeoloq tərəfindən müəyyən edilir. Həmin arexeolji qazıntın hesabatını təqdim edirəm:

“Türbədə əhəng məhlulu üzərində yonma daşdan tikilmiş beş türbənin üzərini örtən daş lövhələr aşkar edilmişdir. Onların hamısı müsəlman qanunlarına görə gözlənildiyi kimi qərbdən (başda) şərqə (ayaqlarda) yerləşirdi ki, mərhum sağ böyrü üstə qoyulanda üzü cənuba, Məkkəyə tərəf çevrlisin. Eyni zamanda, ölülər əvvəlcə taxta tabutlara qoyuldu, onlar dibi torpaq olan daş kriptlərə endirildi (yalnız 1 nömrəli qəbirdə dibi daşla örtülmüşdü). Bundan əlavə, bu beş qəbir yeraltı daş hörgü ilə - dördbucaq şəklində "hasar" ilə əhatə olunmuş dörd sıra təşkil etmişdir.

Ən kənarda (cənubda) iki uşaq dəfni müəyyən edilmişdir. Sıranın yuxarı, qərb hissəsində qalanlar arasında ən kiçiyi olan 5 nömrəli qəbir var idi. O, digər qəbirlərdən sümüklərinin nizamsız vəziyyətdə olması ilə də fərqlənirdi, burada dəfn edilən uşağın heç bir yaşı da olmamışdır. Sıranın aşağı (şərq) hissəsində dəfn edilmiş şəxsin ölçüsünə və qalıqlarına görə 6-7 yaşlı uşağa aid olan 1 saylı qəbir var idi. Məbədin dibi daşla üzlənmiş, tabutun dibi isə ağır materialla - həndəsi naxışlı tirmə və üzərində fars dilində beytlər toxunmuş medalyonlarla örtülmüşdür.

Növbəti sıra 2 nömrəli qəbirlə təmsil olunur. Qəbrin və tabutun ölçüsünə, sümüklərin xüsusiyyətlərinə görə, hündür və kifayət qədər dolğun yaşlı bir qadın dəfn edilib. 3 nömrəli qəbirdən üçüncü cərgənin mərhumu qonşusundan hündürdür, çünki onun qəbrinin uzunluğu 2,7 m-dir.Lakin bu məbədin eni az qala iki dəfə çoxdur. Məzardan torpağın atılması zamanı dağılmış kəllə sümüyünün və qalan uzun nazik sümüklərin hərtərəfli müayinəsi skeleti kişiyə deyil, dişiyə aid etməyə imkan verdi.

Nəhayət, ən şimal cərgəsini 4 saylı qəbir tutur. Skelet əsasında burada 18-19 yaşlı gəncin dəfn edildiyini müəyyən etmək mümkün olub. Eyni zamanda, o, müxtəlif parçalardan - yun, ipək və başqalarından tikilmiş, mavi muncuqlarla işlənmiş paltarlar geyinmişdi. Bundan əlavə, boyun fəqərələri nahiyəsində qumda qızıl sancaq tapılıb. Sancaq, arxa tərəfdən lehimlənmiş, çubuq üzərində altıbucaqlı bir ulduz idi. Çubuğun uzunluğu 3,8 sm, ulduzun diametri 1,5 sm-dir. İçərisində firuzəyi və kobud qırmızı daş, ehtimal ki, yaqut var idi.

Tapılan məzarlar:
• Əmir Bəhram
• Məhəmməd İbrahim
• Şirvanşah Fərrux Yamin.
• Şirvanşah Fərrux Yasar.
• I Xəlilullahın oğullarından beşinci və sonuncusu Şeyx Saleh.
• 7 saylı məzarda gənc qız.
• 6 saylı məzarda isə yaşlı kişi, I Xəlilullah dəfn edilib.

Memar Rüfət Əcəlovun “Bakı” kitabında verdiyi məlumata əsasən, daş lövhələrin altında toxunulmamış 14 qəbir tapılmışdır. Onlardan biri Xəlilullahın özünə aid edilmişdir. (Аджалов Р. Баку. Краткий очерк истории города по памятникам зодчества. Баку-2015)

Alimlər yazırlar ki, Şah İsmayıl barədə deyilənlər yalan imiş və o, heç bir müsəlman qəbrini açıb sümükləri yandırmayıb. Lakin Minkeviç-Mustafayevanın bu tapıntısı sovetlərin ciddi təyziqi ilə üzləşmiş idi, Azərbaycanda sünni-şiə fərqinin qalması üçün sovet ideoloqları hesab edirlər ki, bu məlumat gizli qalsa yaxşıdır, ona görə də sovet tarixçilərinə məhz Şahın etmədiyi hərəkəti edib deyə yazmağı tapşırıq verirlər. Bizim hələ də sovet təsirindən çıxmayan alimlər də olmayan şeyi Şahın adına yazmaqda davam edirlər.

Bir sözlə, məlum olmuşdur ki, qızılbaşlar Şirvanşah Mirzə Xəlilullahın nə məzarına, nə də qalıqlarına toxunmuşdular. Onları heç kim dağıtmamış və yandırmamışdır.
Şah İsmayıl Türkü-Tacidardır. Babamızdır. Türk oğlu türkdür, qurduğu dövlət də Türk-Səfəvi-Qızılbaş dövlətdir.

Zaur Əliyev,
tarixçi, dosent


AzVision.az


Teqlər: tarix   Səfəvilər-dövləti  





Xəbər lenti