Heydər Əliyev Mərkəzində qırğız əsərlərindən ibarət sərgi açılıb - FOTOLAR

Heydər Əliyev Mərkəzində qırğız əsərlərindən ibarət sərgi açılıb -    FOTOLAR
  24 Aprel 2024    Oxunub:1537
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində aprelin 24-də Heydər Əliyev Mərkəzində Qırğız Respublikasının Milli Tarix Muzeyinin "Qədim incəsənətin şah əsərləri" adlı sərgisi açılıb.
AzVision.az xəbər verir ki, tədbirdə hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə sərgi haqqında məlumat verilib. Qeyd olunub ki, Qırğız Respublikasının Milli Tarix Muzeyi Mərkəzi Asiyanın ən böyük muzeylərindəndir.

Muzeyin çoxsaylı kolleksiyaları tərkibində erkən köçəri mədəniyyəti sak (eramızdan əvvəl VIII-III əsrlər) və “Xalqların böyük köçü” dövrü tayfalarının (I-V əsrlər) qədim sənət nümunələri maraq doğurur.

Sərgidə əsrlərin dərinliyindən günümüzə qədər gəlib çatmış qiymətli metallardan hazırlanmış yüksək bədii dəyəri olan məmulatlar nümayiş etdirilir. Skif-Sibir “heyvani” üslubunda şişpapaqlı sakların konusvari baş geyimlərinin uc hissəsində istifadə olunan qızıldan hazırlanan ceyran və xoruz miniatür heykəlcikləri xüsusi əhəmiyyətə malikdir.

Bildirilib ki, Çuy vadisindəki Şəmsi kurqanından tapılmış IV-V əsrlərə aid bədii sənət əsərləri – qızıl dəfn maskası, cingiltili asmalarla bəzədilmiş yarımkürə formalı diadema-tac, alın və saç-hörük bəzəkləri, qızıl çərçivədə medalyon qədim incəsənətin şah əsərlərindəndir. Bişkek şəhəri yaxınlığında aşkar edilmiş ənənəvi şəbəkə texnikasında işlənmiş maral təsviri isə güzgü effekti ilə verilib.

Qeyd edilib ki, bəşəriyyətin əvəzsiz söz-mədəniyyət mirası “Manas” dastanı, dünya elm və mədəniyyəti xəzinəsinə daxil olan XI əsr müəllifləri şair-filosof Yusif Balasaqunlu və ensiklopedist alim Mahmud Kaşğarinin, həmçinin dünya ədəbiyyatının görkəmli klassiklərindən Çingiz Aytmatovun əsərləri Qırğızıstan mənəvi mədəniyyətinin görkəmli abidələrindəndir.

Diqqətə çatdırılıb ki, sərgidə nümayiş etdirilən kolleksiyalar Qırğızıstanın qədim ustalarının dünya mədəniyyəti xəzinəsinə verdiyi əvəzsiz töhfələr haqqında təsəvvür yaradır. Əsrlər boyu təkmilləşdirilmiş ən yaxşı ənənələr və üsullar qırğız xalqının maddi mədəniyyətində bu gün də öz əksini tapır.

Qırğızıstanlı istedadlı rəssam, modelyer-dizayner Dilbər Aşımbayevanın etnomodel kolleksiyası da sərgidə təqdim edilib.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   Qırğızıstan   sərgi  





Xəbər lenti