İstehlak bazarında qiymətlər - Nələr bahalaşıb?

   İstehlak bazarında qiymətlər -    Nələr bahalaşıb?
  13 May 2024    Oxunub:727
Bu ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin aprel ayına nisbətən 100,0 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,0 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz olub. Aprel ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,3 faiz təşkil edib.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma manna və qarabaşaq yarmalarının, makaronun, təzə balığın, südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, qozun, fındığın, pomidorun, xiyarın, göyərtinin, badımcanın, kartofun, bahalaşma isə əsasən limonun, bananın, almanın, armudun, kivinin, şabalıdın, ağ kələmin, şirin bibərin, süfrə çuğundurunun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin aprel ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma zərgərlik məmulatlarının, sementin, kəsilmiş taxtanın qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,4 faiz təşkil edib. Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadaxili istirahət turlarının, tibbi, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti